17.01.2022 15:12

“İlham Əliyev Soçi görüşü ilə bağlı mənə dedi ki...” - Ərdoğandan mühüm AÇIQLAMA

“2013-cü ildə bir ifadəm var idi: “21-ci əsr Türkiyənin əsri olacaq”. Hazırda bu reallaşmaqdadır. Bu məsələdə türkdilli dövlətlərin liderləri mühüm mövqeyə malikdirlər”.

Türkiyə prezidenti Ərdoğan jurnalistlərə Türk Dövlətləri Təşkilatı və bir neçə il öncə “21-ci əsrin türk əsri olacaq” dediyi fikri şərh edərkən deyib.

Ərdoğan "bu, həm də dünya türklərinin belə bir əsr quracağının ifadəsi idi və hazırda bu dediklərimiz həyata keçməkdədir", - deyə qeyd edib.

“Bu məqsədlə Türk Şurasının adını dəyişib Türk Dövlətləri Təşkilatı qoyduq. Bütün Türk dövlətlərinin liderləri bu ideyaya müsbət yanaşır. Ancaq bundan narahatlıq keçirənlər də var. Lakin Rusiyanın bundan əndişə keçirib-keçirmədiyini deyə bilmərəm. Çünki Cüma günü İlham Əliyev qardaşımız Soçidə cənab Putinlə görüşüb və görüş çox yüksək səviyyədə keçib. Orada Əliyev, Putin və Paşinyan görüşüb. Bununla bağlı qardaşım İlham Əliyevlə görüşün yekununu müzakirə etdik və dedi ki, görüş məhsuldar oldu”, - Türkiyə prezidenti bildirib.

Ərdoğan qeyd edib ki, bu görüşdə Araz çayı boyunca dəmiryolu və avtomobil yolu məsələsi də həllini tapıb.

Zəngəzur dəhlizi ilə bağlı məsələyə toxunan Türkiyə lideri Azərbaycanın Ermənistan ərazisindən keçərək İğdırla birləşməsi istiqamətində çox uğurlu addım atılacağını bildirib:

“Bundan əlavə, həm avtomobil, həm də dəmir yolu ilə sərnişin və yük daşımaları istiqamətində ciddi addımlar atılacaq. Bu məqsədlə biz 6-lıq platformasını gündəmə gətirmişik. Bu platformasında Rusiya, Türkiyə, Azərbaycan, Ermənistan, İran, həmçinin Gürcüstanın iştirakı ilə bölgədə sülhün tam şəkildə təmin olcağının şahidi olacağıq”.

Xəbər lenti