17.01.2022 15:33

Şəhidlik taleyini özü yazan qəhrəman Pərvin Məmmədov əbədiyyəti - VİDEO+Fotolar

Azərbaycanın əzəli və əbədi ərazilərini işğaldan azad edərək şəhidlik zirvəsinə ucalan qəhramanlarımızdan biri də Pərvin Natiq oğlu Məmmədovdur. 

O, 2001-ci il avqustun 4-də Xaçmaz rayonunun Şıxlar kəndində dünyaya gəlib. Orta təhsilini Alekseyevka kənd məktəbində alıb. 2019-ci ilin oktyabrında Goranboy rayonuna həqiqi hərbi xidmətə gedib. 

Uşaqlıqdan Cüdo idman növü ilə məşğul olan qəhrəmanımız məktəb illərində müxtəlif yarışlarq qatılıb, fəxri fərman və medallarla təltif olunub. Hərbi xidmətdən qayıtdıqdan sonra idman karyerasını davam etdirməyi arzulayırdı. 

Pərvin 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində ilk gündən iştirak edib. Döyüşlər zamanı ayağından yaralansa da, geri çəkilməyən qəhrəmanımız oktyabrın 2-i Suqovşan istiqamətində gedən döyüşlər zamanı şəhadətə yüksəlib.

“Rupor” xəbər verir ki, Real TV qəhrəman şəhidimiz haqqında reportaj hazırlayıb. Reportajda Pərvin Məmmədovun uşaqlığı, yeniyetməliyi, keçdiyi döyüş yolundan haqqında danışılır. 

Pərvin Məmmədovun anası Rüxsarə Məmmədova deyir ki, atasına “sizin yarımçıq qoyduğunuz işi – torpaqlarımızın azadlığa qovuşmasını biz həyata keçirəcəyik” deyərək döyüşə yollanıb.
 
“Pərvin çox Vətənpərvər uşaq idi. O, heç vaxt uduzmağı, yoldaşlarını darda qoymağı xoşlamırdı. Həmişə birinci olmaq istəyirdi, öndə gedənlərdən olmağa çalışırdı. Hərbi xidmətə getməmişdən öncə atasına dediyi sözlər özünü doğrultdu. Pərvin əsgər gedən kimi, müharibə başladı, başlayan gündən də döyüşlərə qatıldı” -  şəhidin anası Rüxsarə Məmmədova deyir. 

Şəhidimizin atası Natiq Məmmədov oğlunun döyüşçü ailəsində böyüdüyü üçün müharibənin nə olduğunu çox yaxşı bildiyini söyləyir:

“İlk döyüşləri Kəlbəcər istiqamətində olub. Bundan sonra Talış və Suqovşanda döyüşüb. Elə hallar olub ki, ona döyüşə girmə deyiblər, amma o yenə döyüşə gedib, geri çəkilməyib. O, döyüşçü ailəsində doğulub. Döyüşün, müharibənin nə olduğunu bilib. İşğalda olan torpaqların azad edilməsində rolu olduğuna görə çox şərəf duyurdu”.

Şəhidin qohumu Bayram Babayev isə şəhidləri seçilmişlər adlandırır: 

“Şəhidlərin məqamını biz sözlə deyə bilmərik. Bütün şəhidlərin hər birimizin boynunda haqqı var. Ona görə ki, onlar Vətəni, torpağı, bizim namusumuzu qoruyublar. İnsanlığın və həyatın ən üstün məqamı şəhidlikdir. Bu məqama da Allah Pərvin kimi igidlərimizi seçərək çatdırır”.
 
Müqəddəs ata və ana, Sizin övladınız əbədiyyət üfüqündə yanan məşəldir. O məşəlin işığı məmləkətimizə daim aydın yol göstərəcək. Pərvin Məmmədov kimi oğul böyütdüyünüz üçün Vətən Sizə əbədi borcludur. 






Xəbər lenti