Turanxeber.az saytının növbəti isdedadı Arzu Tahirqızı Xasayeva.
1973-cü il yanvarın 26-da Oğuz rayonunun Sincan kəndində, müəllim ailəsində anadan olub. Təhsilini başa vura bilməyən şairəmiz və isdedadı bütün çətinliklərə qalib gələn ,həyat eşqi ilə döyünən qəlbini öz gözel şerləri ilə bəzəyən bir xanım.
1988/ 92 ci illərdə Sumqayıt Politexnik Texnikumunda təhsil alan Arzu, təhsilini fərqlənmə ilə bitirərək təyinatla 1992/ 2000 ci illərdə Sumqayıt “Sintez-Kauçuk” zavodunda operator, baş opetator və texnoloq-mühəndis vəzifələrində çalışıb. İşində göstərdiyi uğurlara görə 1996cı ildə zavodun göndərişi ilə Sumqayıt Sənaye İnstutunda təhsilini davam etdirən Arzu, ailə vəziyyəti ilə bağlı təhsilini yarımçıq qoyub. 2000/2010cu illər ərzində Oğuz rayonu Ə. Nəbiyev adına tam orta məktəbdə kitabxanaçı və labarant işləyib. Hal- hazırda Bakıda yaşayır, 1 qız övladı var.
Arzu xanım 01.26.2023 Doğum gününü bütün kollektivimiz tərəfindən təbrik edirik.
AZƏRBAYCAN??
Azərbaycan- qarış-qarış ürəyimə yığdığım,
Yağış olub damıa-damla sinəsinə yağdığım,
Cənnət deyib, havasını ciyərimə aldığım,
Bir Vətəndir– parçalanmaz, bölünməz.
Hər daşını, qayasını doğma VƏTƏN saydığım,
Torpağına, millətinə sonsuz sevgi duyduğum,
Yaralanmış sinəsinə, sığınıb baş qoyduğum,
Bir Vətəndir- parçalanmaz, bölünməz.
Tarixinə boylanaraq, od-alovsuz yandığım,
Ağrısını-acısını ürəyimdə sandığım.
Bir yaralı bülbül olub köksü üstə qonduğum,
Bir Vətəndir- parçalanmaz, bölünməz.
Caynaqlarda param- parça qızıl qana bürünən,
Ərdəbildən Göyçəyədək yaraları görünən,
O tay, bu tay insanları “ANAM” deyib, öyünən,
Bir Vətəndir- parçalanmaz, bölünməz.
Azərbaycan! Qurban olum ” ODLAR YURDU” adına,
Ta Təbrizdən Dərbəndəcən tüstüləyən oduna,
Gələr bir gün mərd oğullar çatar sənin dadına,
Bir Vətənsən- parçalanmaz, bölünməz.
ARZU TAHİRQIZI
Azərbaycanın Şəhid Generalı Polad Həşimovun xatirəsinə ithaf edirəm.

Milyonların ürəyində özünə taxt-təvan quran,
Millətinə, ordusuna, əsgərinə arxa olan,
Amalıyla el yolunda mətin duran Generalım.
Sən oyatdın içimizdə buxovlanmış qeyrətimi,
Dünya görüb şahid oldu yenilməyən qüdrətimi,
Şəhidlərim, igidlərim qurdu bütöv dövlətimi,
Cavan ikən qəlbi talan,ömrü viran Generalım.
Sevdin doğma Vətəninin hər dağını, dərəsini,
Tutdun müqəddəs yolunu, qurdun səngərdə yerini.
Kabinetə sığınmadın, tək qoymadın əsgərini,
Cürətiylə düşmənlərin əzmin qıran Generalım.
Ucalmısan zirvələrə, qəlbimizdə yaşayırsan,
Sən xalqının vüqarını öz adında daşıyırsan,
Bu zəfəri, qələbəni sən bizimlə yaşayırsan,
Parçalanmış Vətənimi bütöv quran Generalım.
Arzun idi azad olsun, bütövləşsin Azərbaycan,
Zəfər yolun, qalibiyyət yolun keçdi Azərbaycan.
Şəhid olan hər igidin yerinə dirilir min can,
Şəhidliyi tariximə möhür vuran Generalım.
SÜLH İSTƏYİRƏM.
İstəyirəm dünyamızda gözəllik,
Könüllərdə saf məhəbbət qurulsun.
Xoşbəxt olsun mələk üzlü körpələr,
Ürəkləri səadətdən yoğrulsun.
Şən gülüşlər ,xoş avazlar batırsın,
Qanlar tökən güllə baran səsini.
El-obada gur tonqallar çatılsın,
Könüllərdə duyaq eşq nəfəsini.
“Savaş” sözü lüğətlərdən silinsin,
“Müharibə” əsla dilə gəlməsin .
Bu dünyamız məhəbbətə bürünsün,
Gözlərimiz kədər nədir bilməsin.
Toy-düyünün səsi elə yayılsın,
Vaxt olmasın qüssə-qəmə , nisgilə.
Dünya hər gün sülh marşına ayılsın,
Bağça-bağlar əsir olsun bülbülə.
Arzu istər, arzuları gül açsın,
Bağışlansın, qoy silinsin günahlar.
Xoş arzular dünyamızda dil açsın,
Yer üzündə məhv edilsin silahlar.
ARZU TAHİRQIZI
AZƏRBAYCAN ZƏFƏRİLƏ SEÇİLDİ
Tariximə siz yazdınız zəfəri,
Məğrur, igid Azərbaycan əsgəri.
44 gündə mat qoydunuz bəşəri,
Hünəriniz boyunuza biçildi,
Azərbaycan, zəfərilə seçildi.
Yurdumuzun ağrısını duydunuz,
Canınızı Vətən üçün qoydunuz,
Düşmənlərin gözlərini oydunuz.
Mənfur, xain kiçildikcə kiçildi,
Azərbaycan zəfərilə seçildi.
Uçurdunuz yolunuzda bəndləri,
Guya heç vaxt “keçilməyən” səddləri.
Boşa getdi otuz illik cəhdləri.
O keçilməz bəndlər aşdı, keçildi,
Azərbaycan zəfərilə seçildi.
Biraz dindi yurd həsrətli ağrılar,
Öz yerini tapdı haqqdan doğrular.
Ürəklərdə, gözdə güldü duyğular,
Göz yaşımız şərbət olub içildi,
Azərbaycan zəfərilə seçildi.
Damarlarda coşdu qanlar, qaynadı,
Əldə bayraq qəlbdə sevinc oynadı.
Bax, bu zəfər tariximə aynadı,
Qarşımızda gen üfüqlər açıldı,
Azərbaycan zəfərilə seçildi.
Bir yumruqda həmrəy oldu vətəndaş,
Görməmişdi tarix belə bir savaş,
Bu birliyə dünya qaldı lap çaşbaş,
Qurduqları xəyalları uçuldu,
Azərbaycan zəfərilə seçildi
“VƏTƏN, sənə canım fəda” söylədin,
Hər an ona “ANAM” deyib göynədin.
Amalından, əqidəndən dönmədin,
Göyçəyədək zəfər ətri saçıldı,
Azərbaycan zəfərilə seçildi.
ARZU TAHİRQIZI
MƏNİM ORDUM
Azərbaycan– ANA yurdum çox tufana sinə gərdi.
Köksü üstdə sağalmayan neçə dərdi…
Vardı bir də, güclü ordum,
Hər bir əsgər igid, ərdi.
Dayanıbdı millətinin,
Azərbaycan adlı məğrur, yenilməyən, əyilməyən, amma qəlbi yaralanmış,
öz “yarı”ndan aralanmış, əsrlərlə parçalanıb düşmənlərə yem olunmuş dövlətinin keşiyində.
Bu sevgini Anaları aşılayıb, doğulanda beşiyində…
Dur, ey düşmən, bir dayan,
Nədir axı niyyətin?
Deyəsən, darıxmısan içmək üçün ölümün o “ləzzətli şərbətin”?
Belə tez unutmusan Ordumun şücaətin?
Çalışdığın məqsədin yalnızca bir röyadır.
Hətta boş bir xülyadır…..
Çox nahaq, can atırsan, göz dikirsən elimə,
Başdan-başa bir cənnət qoxuyan hər gülümə.
Sən ordumun önündə tab gətirə bilməzsən,
Bir də ayağa dursa,..
Birdə tətiyi çəksə,….
Sən bir daha bir ömür heç özünə gəlməzsən.
Mənim ordum qüvvətli,
Dağ vüqarlı, qeyrətli,
Şərəfi-şöhrətiylə,
yenilməz qüdrətiylə rəşadətli ordudur .
Yurdu “Odlar Yurdu”dur!
O qoymaz yağı düşmən parçalasın yurdunu,
Dağıdıb yelə versin ocağını, odunu.
Ayıq-sayıq dayanır o, düşmənin önündə,
Canını qurban eylər Vətənin dar günündə.
Mətindir, qəhrəmandır,
ayıqdır gündüz -gecə,
Sən ona xəyanəti necə düşündün, necə?
Onun əli tətikdə, gözü torpağındadır,
Xalqı üçün azadlıq, sülhün sorağındadır.
Tanıyır düşmənini, bilir onun o mənfur, o xain niyyətini,
Hər gün, hər an hiss edir onun xəyanətini.
Aman verməz yağıya, gözlərini oyar o,
Torpağına göz dikən, murdar, yağı düşməni gözü yaşlı qoyar o.
Anasın ağlar qoyar,
Sinəsin dağlar qoyar.. …
O, daima sayıqdı — yuxu, rahatlıq bilməz,
Vətən gözü yaşlısa, onunda qəlbi gülməz.
Qurban gedib Vətənə, ucalsa şəhadətə,
Bunu səadət bilər qovuşaraq Cənnətə.
Bir qarış belə verməz, torpağını, elini,
Düşməninə qoxlatmaz, otuz il həsrət qalan,
“Xarıbülbül” gülünu.
Qarış-qarış alaraq,
tarixin zaman- zaman
payladığı torpağın,
Kəsər mənfur düşmənin o bir daha qulağın.
Mənim ordum Şanlıdır…..
İgiddir, müzəffərdir.
Tək amalı zəfərdir.
Onu tanıyır dünya,
Onun Vətən sevgisi, bir ümmandır, bir dərya…
O, yazdı tarixlərə igidlik salnaməsi,.
Bu vəhdəti,dözümü, birliyi, iradəsi,
Dolandı diyar-diyar dastanı, əfsanəsi…..
Ordum sənə əmanət…
Onu qoru ,Allahım….
Nizamı pozularsa, heç açılmaz sabahım.
Qoru, Şanlı Ordumu.. minlərlə Şəhidiylə yaralanmış yurdumu…
Qoru, sən millətimi, — xalqımı, dövlətimi,
Bu AZƏRBAYCAN adlı dəyərli sərvətimi.
Sən qoru ki, ordum da güc toplasın özündə,
“Azərbaycan” nidası, hər kəlmə, hər sözündə.
Vətən sevgisi qəlbdə, “Azadlıq” , “sülh” dilində,
Qorusun, bəxş etdiyin “Vətən” əmanətini.
ARZU TAHİRQIZI
KÖÇƏ BİLSƏN
Bu dünyanın yaxşı tanı rəngini,
Ağını qaradan seç, seçə bilsən.
Unutma çalınan ömür zəngini,
Haqqın körpüsündən keç, keçə bilsən.
Anlasan hikmətin “O” Yaradanın,
Doğru olar yolun, sağ olar canın,
El içində olar uca ad- sanın,
Əkdiyindən xeyir biç, biçə bilsən.
Xalqın arasında qazan hörməti,
Qoru ləyaqəti, gizlə nifrəti,
Bildən öldürəcək eşqin şərbəti,
Onu da şövq ilə iç, içə bilsən.
Oynama həyatla şeş qoşa, dü bir,
Tələsmə, hər işdə eylə bir səbir,
Cisminin məkanı kiçik bir qəbir,
Ruhunun qapısın aç, aça bilsən.
Dərdləri calayıb yük eyləmə çox,
Qarın ac olsa da, gözlər olsun tox,
Arzu, bu dünyanın ədaləti yox,
Köçəndə, vicdanla köç, köçə bilsən.
ARZU TAHİRQIZI
MƏHƏBBƏTİNDİR
Qırma bir qadının incə qəlbini,
O qəlbin ahını almaq çətindi.
Bacarsan əzizlə, qayğısını çək,
O sənin eşqindi, məhəbbətindi.
Ucuz etmə onu nadan yanında,
Uca tut hörmətin, adın, sanın da,
Onunla ötməyən hər xoş anın da,
Ömrünə etdiyin xəyanətindi.
Nə könlünü incit, nə sözünü kəs,
Xəfif bir meh kimi başı üstə əs,
Nazın çək, illəri ötməsin əbəs,
Verdiyin dəyərin sədaqətindi.
Qəlbini alarsan bir şirin sözlə,
Qəlbinə ox atar baxışla, gözlə,
İncik düşsən əgər, qəlbində gizlə,
Bağışlasan, bu da məharətindi.
Təpər et, həyatın getməsin boşa,
Xoş gündə, dar gündə addımla qoşa,
Birgə xoşbəxt vursan bu ömrü başa,
Bu sənin mərdliyin, sücaətindi…
ARZU TAHİRQIZI
QIZIM
Desələr dünyanı sənə verirlər,
Deyərəm, bu sevgi bəsimdir, bəsim.
Bu geniş cahanda, bu yer üzündə,
Sən aldığım nəfəs, ən doğma kəsim.
Sənsən mənim dünyam, bəs edir mənə,
Bu dünyama doğan günüm, ayımsan,
Daş-qaş, ləl-cəvahir demirəm sənə,
Ömrümdən qiymətli sevgi payımsan.
Gözümdə gülüşün min şölə saçır,
Dilimin ən şirin sözüsən, qızım.
Qəlbim pərvaz edib göylərdə uçur,
Sən bu xoşbəxtliyin özüsən, qızım.
Gəlişinlə mənə bir dünya işıq,
Yer-göy tutmayacaq sevgi gətirdin.
Oldun həyatıma bəzək, yaraşıq,
Qəlbimə yük olan qəmi itirdin.
Ən gözəl nemətsən, şükür Xudaya,
Sənə gələn kədər yolunu azsın.
Bir daha gələcək olsam dünyaya,
Yenə də ömrümə pay, səni yazsın.
ARZU TAHİRQIZI
DÜNYA
Kiminin gözündə sevinc işığı,
Kiminin gözündə dərddi bu dünya.
Kiminin gözünə küllər üfürür,
Kiminin gözündə mərddi bu dünya.
Kimiyə qiymətli sərvətdir, maldır,
Bu sərvət içində ömrü bir baldır,
Kiminin qəlbində bir qara xaldır,
Çaylaq daşından da sərtdi bu dünya.
Kiminin aparıb əqlin, kamalın,
Kiminin puç edib doğru amalın,
Kimiyə şan-şöhrət edib xəyalın,
Kimiyə uğursuz, bəddi bu dünya.
Kimi cah-cəlalın ucaldar göyə,
Yığar var-dövləti, nemətdir deyə,
Məhşər vaxtı çatar, düşər tələyə,
Unudar, yalançı vəddi bi dünya.
Kimi xoşbəxt olar, kimi deyinər,
Kimi qara bağlar, qara geyinər,
Udan, uduzana baxıb öyünər,
Arzunun gözündə, nərddi bu dünya..
ARZU TAHİRQIZI
VƏTƏN EŞQİM
İncitməyin, toxunmayın qəlbimə,
Qollarımı, qanadımı qırmayın.
Ürəyimdə “Vətən” eşqi kök salıb,
Məni mənsiz, bu vətənsiz qoymayın.
Vətən mənim mənliyimdir, adımdır,
Bu məhəbbət fırtınalı bir dəniz.
Vətən məni isidəcək odumdur,
Hər qarışı ruhuma doğma, əziz.
Məmləkətin ayrılığı, dərdləri,
Qəlbimdə bir yara açıb, göynəyir.
Ayrı düşüb ellərimiz — səddləri
Nifrətim də ,həsrətim də çeynəyir.
Qan ağlayır, köksüm altda ürəyim,
İstəyirəm bu arzuma çatım mən.
Haqq yoldayam, budur haqqdan diləyim,
Hicranımı, həsrətimi atım mən.
O tay, bu tay bir bayrağa sığınaq,
Bütöv olsun Azərbaycan elimiz.
Bir ocağın istisinə yığılaq,
Təkcə olsun Azərbaycan dilimiz.
ARZU TAHİRQIZI
ODLAR YURDUM
Ey ali Yaradanın yaratdığı məmləkət,
Yüz-yüz qərinələrdən, əsrlərdən keçmisən.
Düşmən baxıb çatlayıb bu hüsnü camalına,
Milyon- milyon ürəkdə sevgi donu biçmisən.
Yeri, göyü yaradan yaradıb mələk səni,
AZƏRBAYCAN. adında bir arzu, dilək səni.
Varlığımla bağlıyam, sevir bu ürək səni,
Ömrümə, yollarıma nurlu qapı açmısan.
Sən ey ODLAR DİYARIM, adın uludan ulu,
Tarixin bəxş etdiyi, haqqla azadlıq yolu.
Baş tacım, and yerimsən, canda cismimin “solu”
Sən bütün varlığınla ürəyimə köçmüsən.
Qucuram torpağını, öpürəm hər daşını,
Zirvələrdə görürəm daim uca başını.
Qədim tarix də bilmir sənin əsl yaşını,
İlk oddan yaranmısan, ilk damladan içmisən.
Tarixin sınaqları səni əyə bilmədi
Parçaladı dörd yerə, qəlbə dəyə bilmədi.
Canından can ayrıldı, ürəyin heç gülmədi,
Yenə də üfüqlərdən daima nur saçmısan.
Od nəfəsli diyarım, gur yanan ocaq, odum,
AZƏRBAYCAN deyirəm, tamlanır ağız dadım.
Kimliyim, həm varlığım, soyadım, Ana adım,
Alıb isti qoynuna, məni bərk-bərk qucmusan.
Sarıyıb bir loğmantək dərin yaralarını,
Qovuşdura bilsəydim dərdli “para”larını,
Dərbənd, Təbriz, Zəngəzur, Göyçə , İrəvanıını,
Bütün TURAN elini cana həmdəm seçmisən.
ARZU TAHİRQIZI
VƏTƏN HƏSRƏTİM
Arzularım gəlməz saya,
Hayqırıram mən dünyaya .
Bitəcək həstət “o taya”,
Qovuşacaq hər məkanım.
Ey doğma Azərbaycanım,
Qalmayıbdı canımda can.
Doğsun günəş, sökülsün dan,
Arzum bütöv Azərbaycan,
Dərbənd, Kərkük, İrəvanım,
Ey doğma Azərbaycanım.
Bəsdi qəlbim yandı aha,
Yalvarıram hey Allaha,
Çıxsın aydın bir sabaha,
Təbrizim, Germim, Zəncanım,
Ey doğma Azərbaycanım.
Arzum torpaq, daşındadır,
Ürəyimin başındadır,
Azadlıq təlaşındadır,
Ərdəbil, Əhər, Gilanım,
Ey doğma Azərbaycanım.
Necə deyim sən ağlama,
Miyanəmə, Marağama.
Meşkinşehir yas saxlama,
Damarımda donar qanım,
Ey doğma Azərbaycanım.
And yerimsən,Kəbəm, pirim,
Sarmas, Urmiya, Səreynim,
Muğanşehrim, Xoyum, Nirim.
Ağrım-acım, ah- fəğanım,
Ey doğma Azərbaycanım.
Qəlbi qandır Qəzvin, Nəmin,
Əsirəm əlində qəmin,
Vətən dərdli bu sinəmim,
Bir yarası Həmədanım,
Ey doğma Azərbaycanım.
Yox gündüzüm, nə xoş gecəm
Vətənsiz mən yoxam, heçəm,
Xudafərdən bir gün keçəm,
Mən başına hey dolanım,
Ey doğma Azərbaycanım.
Həsrətindən kül olmuşam,
Nalə çəkən dil olmuşam,
Buludtəki hey dolmuşam,
Dərd dənizim,qəm limanım,
Ey doğma Azərbaycanım.
Artıq yetər, rəhm et fələk,
Yandı, külə döndü ürək.
Hasil olsun arzu, dilək,
Qibləm, səcdəm, din-imanım,
Ey doğma Azərbaycanım.
Sən canımda əziz cansan,
Ruhum, hissim, şərəf- şansan,
Sən bütöv Azərbaycansan,
İki sahil, bir cahanım,
Ey doğma Azərbaycanım.
Çox tezliklə güləcəyik,
Göz yaşını siləcəyik,
Görüşünə gələcəyik.
O tay, bu tay canda canım,
Ey bütöv Azərbaycanım.
ARZU TAHİRQIZI
Nə düşmüşük bu dünyanın üstünə?!
Hey taladıq dövlətini, varını,
Viran qoyduq bağçasını, barını.
Qorumadıq qeyrətini, arını,
Toxunduqca hey toxunduq şəstinə,
Nə düşmüşük bu dünyanın üstünə?!
Nadan, naşı götürübdür hər yanı,
Sərvət eşqi silkələyir dünyanı,
Oxunmayır ədalətin fərmanı,
Hamı durub bir-birinin qəsdinə,
Nə düşmüşük bu dünyanın üstünə?!
İnsan olan vicdanını atırsa,
Halalına haram loxma qatırsa,
Dünya üçün cənnətini satırsa,
Uyursa xoş görkəminə, məstinə,
Nə düşmüşük bu dünyanın üstünə?!
Ana haqqı, Tanrı haqqı bilmirik,
Məzlumların göz yaşını silmirik,
Tikəmizi kasıblarla bölmürük,
Qədəh vurub şərəfsizin tostuna,
Nə düşmüşük bu dünyanın üstünə?!
Nakəs çıxır qaldıranda hər daşı,
Dünya malı düşmən edir qardaşı,
Fikirləşmir axirətin hər naşı,
Anlamayır altı nədir, üstü nə?
Nə düşmüşük bu dünyanın üstünə?!
Arzu deyər, arzulara bələndik,
Bəxtimizin ələyindən ələndik,
Yağış olub hər tərəfə çiləndik,
Haqq deyəni yığammadıq dəstinə,
Nə düşmüşük bu dünyanın üstünə?!
ARZU TAHİRQIZI
ŞƏHİD ATASI
Ruhuyla qəlblərdə taxt quran insan,
Bu uca taxtına, tacına qurban.
Deyildir dərdlərii çəkmək heç asan,
Qəlbini dağlayan acına qurban.
Səsində bir nisgil, baxışda həsrət,
Bu ağrı əyibdi sanki qəddini.
Yazıldı bəxtinə bu acı qismət,
Çəkməyə məhkumsan oğul dərdini.
Ürəyin nə qədər böyükdür sənin,
Dünya çəkdiyini deyil tutası.
Dərdin kök salsa da qəlbində dərin,
Duruşun çox məğrur, Şəhid atası.
Yaşamaq ağırdır, sevinmək çətin,
Axı asan deyil oğul itirmək.
Dayanıb məzarın önündə mətin,
Məğrurluq istəyir duruş gətirmək.
İtirmək?… səhv etdim, məni bağışla,
Ölməz, ölə bilməz Şəhidlər heç vaxt.
Bəzəyib ömrünü min bir naxışla,
Qurublar əbədi ürəklərdə taxt.
Vətəni canından əziz bilənlər,
Bütün insanlığa bir örnəkdilər.
Vətənin uğrunda canın verənlər,
Haqqın dərgahında bir mələkdilər.
Başını vüqarlı, dik tut ey Ata.
Təmkinin, duruşun bir nümunədir.
Böyüdüb, sən Şəhid verdiyin oğul,
Vətənçün əvəzsiz bir hədiyyədir.
ARZU TAHİRQIZI
QADIN
Solğun baxışında kədər kölgəsi,
Dərdi gözlərindən oxunan qadın.
Halını soruşsan, titrəyər səsi,
Sualın qəlbinə toxunan qadın.
Yazılmış bəxtinə qayğılı günlər,
Ömrünün baharı payıza dönmüş.
Səni xoşbəxtliyə aparan yerdə,
Həyat yollarının işığı sönmüş.
Bütün dərd, kədəri bir yerə yığıb,
Sən şələ tutmusan incə çiyninə,
O kiçik qəlbinə de, necə sığıb,
Geymisən libas tək yoxsa əyninə?
Boğub ürəyində həsrət çənini,
Məsum gözlərinə gücün çatmayıb.
Sussan da içinə atıb qəmini,
Gözlərin bu kədər yükün atmayıb.
Sevinci çox qısa, gülüşü qırıq,
Taleyi uzaqdan oxunan qadın,
Qəlbi param-parça, hey sarıq-sarıq,
Baxışlar ruhuna toxunan qadın.
ARZU TAHİRQIZI
ÇOXDURSA
Ağlama, heyifdir göz yaşlarına,
Onun dəyərini bilən yoxdursa,
Kədəri bəzəmə baxışlarına,
Yaşamaq həvəsin, sevgin çoxdursa.
Yük etmə qəlbinə, dərdi, gümanı,
Dağıt başındakı çəni, dumanı,
Qoyma qəhər dolsun eşqin ümmanı,
Fikirdən uzaq dur, qəlbi sıxdısa.
Çəkirik dünyada hər bir möhnəti,
Sözün çox dərindir gücü, qüdrəti
Kəlmənin heç zaman olmaz hikməti,
Viranə eyləyib qəlbi yıxdısa.
Üzürsə qayğılar çalış unut, sil,
Dərdlərinə inad, fərəhlən, de, gül,
Artıq sənin deyil danışdığın bil,
Gecdi, söz ağızdan daha çıxdısa.
Arzunun xəyalı çin-çin qalanar,
Sözü misra- misra bəndə calanar,
Şeirləri pərvazlanıb dolanar,
Ürəkdə məhəbbət odu çaxdısa.
ARZU TAHİRQIZI
Bu dünyanın de, nəyini sevim mən?!
Məftun könlüm, çox susama dünyaya,
Başdan-başa bir gülşəndir etmə zənn,
Dünya dönüb bir çalxanan dəryaya,
Bu dünyanın de nəyini sevim mən?.
Gözlər yaşlı, ürəkdə dərd qalandı,
İnsanların arzuları talandı,
Hörmət itib, eşq- məhəbbət yalandı,
Bu dünyanın de nəyini sevim mən?.
Yalanlar da ayaq tutub yeriyir,
Zülüm-zillət bu dünyanı bürüyür,
Haqsızlıqlar ədaləti sürüyür,
Bu dünyanın de nəyini sevim mən?!
Pozulubdur ənənələr, adətlər,
Aramızda hey çoxalır namərdlər,
Çəkiləsi deyil artıq bu dərdlər,
Bu dünyanın de, nəyini sevim mən?!
Unutmuşuq haqqı-sayı, bilən yox,
Bir ürəkdən fərəhlənib gülən yox,
Ağlayanın göz yaşını silən yox,
Bu dünyanın de nəyini sevim mən?!
Səbirsizdi, dözmür ürək bu dərdə,
Qəm dillənir pərdə-pərdə sinəmdə.
Mən gözəllik görmürəmki, heç yerdə,
Bu dünyanın de nəyini sevim mən?
ARZU TAHİRQIZI
AY ATA
Gözlərimdən selə dönüb axırsan,
Ürəyimə yağır leysan yağışlar.
Şəkillərdən məhəbbətlə baxırsan,
Bəs nədəndir isitməyir baxışlar?
“Otaq” bumbuz, havalarda sazaqdır,
Bəlkə gəlib evimizdə qalasan?
Sən gedəndən xoşbəxt günlər uzaqdır,
Yatağını qollarımda salasan?
Yerin boşdur kölgəsində söyüdün,
Axtarıram orda səni,ay Ata?
Daha gəlmir qulağıma öyüdün,
Sevmirsənmi yoxsa məni, ay Ata?
Əcəl gəldi, çin olmadı duamız,
Döngələrdə bizi sənsiz buraxdı.
Nəfəsinlə isinirdi yuvamız,
Sənsiz həyat şaxta, ayaz, quraqdı.
Ata, səni arzulayır ürəyim,
Yanağımda nəfəsini duymağa.
Axtarıram, təkcə sənsən diləyim,
Başımı da sinən üstə qoymağa.
Arzu dərdli, ümidləri buz tutub,
“Sol yanı”nda bir yara var sağalmaz.
Korun-korun hey yanaraq
köz tutub,
Gözü ancaq yollarından yığılmaz.
ARZU. TAHİRQIZI
YOLLARINI GÖZLƏRƏM.
Yollarını gözlərəm, mən bir ömür boyunca,
Yalnız səni sevərəm…
çox sevərəm…
doyunca…
Gözlərinə baxaram, gözlərində itincə.
Damarından axaram,
ürəyinə yetincə.
Nəfəsinin istisin saçlarımda duyaram.
Üşüyən əllərimi ürəyinə qoyaram..
Qəmli baxışlarına bir təbəssüm əkərəm,
Sevgimdən həyatına gözəl tablo çəkərəm…
Gecə yuxularında şirin röyan olaram,
Gəlib səhərə kimi, qollarında qalaram…
Səhərin şəfəqində ,
süzülüb pəncərədən,
Səsimə həsrət qalan otağına dolaram.
Səni seyrə dalaram….
Qoymaram unudasan bir an, bircə an belə,
Sev məni…
həyat adlı evinə qonaq elə.
Səni ömrümə yazdım,
pozulmaz bir
Sən də məni belə sev,
ömrünə ortaq elə.
ARZU TAHİRQIZI
VƏTƏNLƏRİN GÖZƏLİSƏN
Damarımda axan qansan,
Canımdan da əziz cansan.
Anamız Azərbaycansan.
Sevgimizin əzəlisən,
Vətənlərin gözəlisən.
Sığınmışıq qoynuna biz,
Olmasın günümüz sənsiz,
Ömrümüzdə ən gözəl iz,
Bəzəyi, zəri, ləlisən,
Vətənlərin gözəlisən.
Tarixin uludan ulu,
Yolun haqqın nurlu yolu.
Turanımın güclü qolu,
Sülhün şeir, qəzəlisən,
Vətənlərin gözəlisən.
Biraz unudub kədəri,
Yaşayırıq bu zəfəri,
Yaradanın şah əsəri,
Sən ölməzlik təməlisən,
Vətənlərin gözəlisən.
Azərbaycan!! Odum, közüm,
Dilimdə ən zəngin sözüm.
Şah damarım, görən gözüm,
Sən sevgimin özəlisən,
Vətənlərin gözəlisən.
ARZU TAHİRQIZI
GECƏLƏR
Dərdi dərd üstünə qalaq eyləyib,
İnsanın ömrünü yeyər gecələr.
Yaralı ürəklər yanıb, göynəyib,
Səssizcə ağılar deyər gecələr.
Başını qatmağa çalışsan da sən,
Artıq bu dərdlərə alışsan da sən.
Gecənin qoynuna qarışsan da sən,
Yenə dərdlərini duyar gecələr.
Köksünə sıxarsan acılarını,
Gizlində çəkərsən “sancı”larını.
Gözündən sellənən damcılarını,
Yığıb üz-gözünü yuyar gecələr.
ARZU TAHİRQIZI
GÖYÇƏ GÖLÜ
Göyçə gölüm, nə gözəldir mənzərən,
Bu camalın ürəyimi tovladı.
Sakit-sakit ləpələnən suların,
Ürəyimdən dərdi-qəmi qovladı.
Nə gözəldir Yaradanın hikməti,
Səf düzülən, sıra dağlar bir aləm.
Yerlə göyün göz oxşayan vəhdəti,
Könüllərə, duyğulara bir məlhəm.
Kaş əlimi ləpələrə çəkəydim,
Ruhuma dost, qəlbə həmdəm olardı.
Sinən üstə sevinc yaşı səpəydim,
Vətən dərdlərimə məlhəm olardı.
ARZU TAHİRQIZI
ANAM
Dilimin ən şirin sözü, nəğməsi,
Ömrümün sönməyən çırağı Anam.
Ağarıb saçları, gülmür çöhrəsi,
Mən oldum ömrünün sınağı Anam.
Görüb qovruluram mən də uzaqdan,
Yorulub baxışlar qəm yeyə-yeyə.
Həyatın ən çətin sınaqlarından,
Mərdliklə keçmisən Anasan deyə.
Görürəm əlinin qabarlarında,
Sayı bilinməyən zəhmət, kədər var.
Üzündə göyərən damarlarında,
Köksünə yük olan qüssə, qəhər var.
Alnında iz açan dərin qırışlar,
Keşməkeşli ömrün xatirəsidir.
Gözümdə toqquşan kövrək baxışlar,
Ağır günlərinin nişanəsidir.
Gülüşün gizlənib küncdə, bucaqda,
Arayıb axtarsan görünmür izi.
Beş arzu boy atıb isti qucaqda,
Şirin layla olub dilinin sözü.
Ana, istəmirəm üzündə kədər,
Unut acıları, dərd-qəmi unut.
Qoy qalan ömrün də keçməsin hədər,
Xoşbəxt gülüşünlə qəlbimi ovut.
Arzu heç düşünmür sənsiz bir həyat,
Bu ömrü səninlə istəyir qoşa.
O dərdli könlündə quraq toy-büsat,
Gələcək illəri kədərsiz yaşa.
ARZU TAHİRQIZI
Şair Sakit Məmmədovun şerinə yazılmış nəzirə.
BİR SEVGİ AĞLAYIR….
Bu səhər ömrünə həsrət yol aldı,
O odlu məhəbbət qəlbində qaldı.
Ürəyi qırıldı, gözləri doldu,
Qalmadı bir əsər dözüm,təpərdən,
“Bir sevgi ağlayır qonşu çəpərdən”.
Vağzalı çalınır….qəlbi göynəyir..
El-oba yığışıb şadlıq eyləyir,
Hamı tərif deyib, sağlıq söyləyir,
Onun qəlbi isə yanır kədərdən,
“Bir sevgi ağlayır qonşu çəpərdən”.
Ömrünü əridər bu həsrət, kədər,
Keçəcək bu ömür birtəhər, hədər,
Varmı bu acıdan daha da betər,
Boğazı göynəyir tez-tez qəhərdən,
“Bir sevgi ağlayır qonşu çəpərdən”.
Nə gözəl təsadüf…qonşu olublar,
Bəzən seviniblər, bəzən dolublar,
Çöbanyastığını birgə yolublar,
Bir nübar ediblər bağda bəhərdən,
“Bir sevgi ağlayır qonşu çəpərdən”.
Toy-düyün olanda qəlbi döyünmüş,
“Bir gün bizə qismət”, deyə söyünmüş
Dostlar arasında hətta öyünmüş,
Ağ atıyla gəlir tutmuş yəhərdən,
“Bir sevgi ağlayır qonşu çəpərdən”.
Bu necə qismətdi, bu necə dərddi,
Ayrılıq nə yaman ağırdı, sərtdi,
Həyatmı, yoxsa ki, insan namərddi?
Yeməyi olacaq ağu-zəhərdən,
“Bir sevgi ağlayır qonşu çəpərdən”.
Hər gün dikiləcək gözləri yola,
Gözlərdə bir həsrət, yaş dola-dola,
Elə xəyalında girib qol-qola,
Kəndə gələcəklər birgə şəhərdən,
“Bir sevgi ağlayır qonşu çəpərdən”.
Daha tükənəcək dilində sözlər,
Yaddaşından getməz o qara gözlər,
Yandırar ayağın getdiyi izlər,
Bir ümid gözləyər gələn səhərdən,
“Bir sevgi ağlayır qonşu çəpərdən”..
ARZU TAHİRQIZI
QƏM YAĞIŞI
Gözlərindən qəm yağışı süzülür,
Qəlbindəki acıları yuyur, o.
Aram-aram, sıralanıb düzülür,
Səni üzən duyğuları duyur o.
Qəm sıxmasın incə, kövrək qəlbini,
İçindəki arzuların darıxar,
Cuşa gətir ürəyinin təbini,
Bu sevgidən qüssə, kədər karıxar.
Gözlərində gilələnən yaşların,
Hər birində gizlənən bir ümid var,
Kədərlənmə, çatılmasın qaşların,
Arzuların qəlbdə yeri dar olar.
Rahatlığı səndən alan dərdləri,
Göz yaşınla yuyulacaq sanarsan,
Çox başqadı bu həyatın şərtləri,
Gülümsəyib, həqiqəti danarsan.
Arzu bilir, həyat qəmdir, kədərdir,
Bu dərdlərin köç edəcək dəmi var.
Axıtdığın göz yaşların hədərdir,
Yaşamağın, gözəlliyin çəmi var.
ARZU TAHİRQIZI
ATALAR
Necə vəsf eyləyim bu ucalığın,
Atalar övladçün arxadı, dağdı.
Övladın yolunda verər gəncliyin,
Bir də baxarsan ki, saçları ağdı.
Tutub əllərindən ,zirvəyə doğru
Qaldırar vüqarla, əzəmətilə.
Özünün ömründən olar bir oğru,
Övlada bağışlar, məhəbbətilə.
Atalar müqəddəs, atalar ulu,
Hər addım övlada nəsihət eylər,
Aşdığı zirvənı , gəldiyi yolu,
Oğluna, qızına əmanət eylər.
ARZU TAHİRQIZI
ATA.
Həsrətin buz kimi dondurur məni,
Titrəyə-titrəyə dözürəm, ata.
Gündüzlər yanımda, gecə röyamda,
Sənli günlərimi gəzirəm, ata.
Gedişin qovurur, yandırır məni,
Dərdlərim ələyib saçıma dəni,
Çətində köməyə çağırıb səni,
Xəyalən məktublar yazıram ,ata.
Dünya çox dar gəlir sənsiz başıma,
Yazım da çevrilir qarlı qışıma,
İllər yaş qoyduqca yeni yaşıma,
Fikirlər içində azıram, ata.
Sözümə baxmayır nəmli gözlərim,
Çox kəsərsiz olub kəlməm, sözlərim.
İzini axtarır titrək izlərim,
Qəmin dəryasında üzürəm, ata.
Mən harda axtarım sənli çağları,
Barı aşıb-daşan gözəl bağları,
Sinəmə çəkilib hicran dağları,
Köksümdə ağırlıq sezirəm, ata.
Atalı-analı dünya nə xoşdur,
Bir yanın boşdursa, həyat da boşdur,
Sarılacaq yerim o qara daşdır,
Həyatdan əlimi üzürəm, ata.
Arzularam səni, bir gəl yuxuma,
Sarılım körpətək ata qoxuna,
Tərsinə fırlanan ömür çarxıma,
Dərdlərimi tək-tək düzürəm ,ata.
ARZU TAHİRQIZI
SABAHINIZ XEYİR OLSUN
Ey yurdumun insanları,
Sabahınız xeyir olsun.
Bu dünyanın mehmanları,
Sabahınız xeyir olsun.
Qoy cahana yayılsın səs,
Olmasın bu dünya qəfəs,
Ürəklərdə çoşsun həvəs,
Sabahınız xeyir olsun.
Baxışlardan silək qəmi,
Xoşbəxt olsun, gülsün hamı
Sülhdən alaq biz ilhamı,
Sabahınız xeyir olsun.
Dörd yanınız çəmən, çiçək,
Güllər açsın ləçək-ləçək,
Hər bir arzu olsun gerçək,
Sabahınız xeyir olsun.
Sağlam olsun qoy canımız,
Ağrımasın bir yanımız,
Gülsün Azərbaycanımız,
Sabahınız xeyir olsun.
ARZU TAHİRQIZI
ANA
Alnının qırışı , saçının qarı,
Baxdıqca eyləyir ömrümü yarı,
Dünyamın əvəzsiz sərvəti, varı,
Mənə candan əziz olanım ana.
Çox çəkdin həyatda dərdimi mənim,
Sənin dərdin oldu,mənim hər qəmim,
Bu fani dünyada könül həmdəmim,
Könlü intizarda qalanım ana.
Əlini hiss etdim hər an qolumda,
Dolandın başıma,sağım- solumda,
Şam kimi əritdin ömrü yolumda,
Xəzan yarpağı tək solanım ana.
Bu həyat səninlə gözəldi, xoşdu,
Anasız bir dünya ,yalandı, boşdu.
Yenə könlüm sənə şeirlər qoşdu,
Nurunu yoluma salanım ana.
Sən aylı gecəmsən, günəşli günüm,
Qəlbimi titrədən harayım, ünüm
Səcdəm, qibləgahım, imanım, dinim,
İzn ver başına dolanım, ana.
ARZU TAHİRQIZI
DÜNYAN OLLAM
Dünya səndən üz çevirsə,
Bir işıqlı dünyan ollam.
Mavi gözlü dəniz olsan,
Dönüb sonsuz dəryan ollam.
Dənizdə bir dalğa olsan,
Ümman olub qucaqlaram.
Xəbərsiz qəlbimə dolsan,
Yerdən, göydən soraqlaram.
Səpələnsən göy üzünə,
Aylı bir səma olaram.
Yuxu olub mən gözünə,
Axıb, axıb hey dolaram.
Qar altında çiçək olsan,
Günəş olub isidərəm.
Bilsəm mənə sığınarsan,
Külək olub üşüdərəm.
Gözümdə yaşa dönmüsən,
Ağlayıram gündüz, gecə.
Könül qapımı döymüsən,
Bilirsən, sevirəm necə?
Ey bəxtimə doğan günəş,
Gəzirəm illərdi səni.
Qəlbimə od salan atəş,
Gəl dünyam ol, yaşat məni.
Qış ömrümə bahar gətir,
Qarşılayaq birgə yazı,
Sevgimizə tutaq çətir,
Üşütməsin hicran buzu.
ARZU TAHİRQIZI
İNSANLAR DÜNYANIN QONAQLARIDIR
Daha o deyiləm bülbültək ötən,
Sevda cənnətində gül olub bitən.
Saçımda ağaran, gözümdən itən,
Ömür ağacımın yarpaqlarıdır.
Qəlbimə iz düşüb qaradan, ağdan,
Külək qopararmı əsəndə dağdan?
Hər sətri, misrası könül ağladan,
O dərd kitabımın varaqlarıdır.
Fəsillər ruhumun çörəyi, suyu,
Yağan qar deyir ki, qoynumda uyu,
Yağış hisslərimi titrədən duyğu,
Günəş yollarımın çıraqlarıdır
Vətən iman yerim, Vətən and yerim,
Vətənin yolunda bu canı verim.
Ruhumu Vətənin köksünə sərim,
Cismim bu torpağın qalıqlarıdır.
İnsan əsir olur dünya malına,
Düşünmür sonunu, yanmır halına.
Ağu-zəhər qatır şirin balına,
Günahlar axirət yaraqlarıdır.
Yazılan taledən bir gün qaçılmaz,
Açılan səhərlər bir gün açılmaz.
Ömür sarayımız vaxtsız uçulmaz,
Titrəsə, Allahın sınaqlarıdır.
Bir gün məhvərini dəyişər cahan.
Son vida günündə gəzərik güman.
Hüsnü- camalına uymayaq, aman,
İnsanlar dünyanın qonaqlarıdır.
ARZU TAHİRQIZI
MƏLƏKLƏR BAĞIŞLAMAZ
Susub dodaqların, laldı, danışmır,
Baxışın odlara qalayır məni.
Hicran aramızdan niyə sovuşmur?
Tikanlı sözlərin dalayır məni.
Getməkmi çarəsi?… heç düşünmədim
Bu eşqi belə tez bitirəcəyik.
Alacaq qoynuna bizi ayrılıq,
Sən məni, mən səni itirəcəyik.
Əllərim əlinə həsrət qalacaq,
Telimə sığalı çəkməyəcəksən.
Hər gün xəyallarım saçın yolacaq,
Qəlbimə bir ümid əkməyəcəksən.
Göylərdən enmişdi bu sevgi bizə,
Allahın ən gözəl hədiyyəsiydi.
Safdı, bənzəyirdi mavi dənizə,
Heçnə istəmirdim , mənə bəsiydi.
Getmə, eşqimizi qoymayaq yetim,
Qərinələr ötər, silinməz izi.
Sənsiz cəhənnəmə dönər cənnətim,
Vallah bağışlamaz mələklər bizi.
ARZU TAHİRQIZI
AY İNSAFSIZ
Ürəyimdə məhəbbətin yanğısı,
Daşa dönmüş həsrətin qan rəngi var.
Unutmadım, son görüşdə demişdin,
Gülüm gözlə, dönəcəyəm bu bahar.
Ümidimi göyərtməyə çalışdım,
Xəyalımda eşq qalası tikmişəm,
Yollarını gözləməyə alışdım.
Arzuları misralara tökmüşəm.
Çiyinlərim çəkə bilmir qəm yükün,
Tənhalığın dənizində boğuldum.
Ay insafsız, könlüm küsüb həyata ,
Bəlkə dönsən mən yenidən doğuldum.
ARZU TAHİRQIZI
GÖTÜR, GET
Anladım ki, səndən mənə yar olmaz,
Sevgini də qucaqlayıb, götür, get.
Lazım deyil təmtəraqlı sözlərin,
Əfsanədi, qulağımdan ötür, get.
Məhəbbətin alovunda kül oldum,
Budağında şaxta vuran gül oldum.
Eşq əlindən fəryad edən dil oldum,
Həsrətini, möhnətini bitir, get.
Ovutmaz ki, soyuq kəlmə, söz məni,
Çətin bir də arayar bu göz səni.
Şeirlərdə az axtarıb gəz məni,
Daha yoxdu ünvanına sətir, get.
Adımı sil, heç yadında qalmasın,
Elə unut, gözün qəmlə dolmasın,
Getdiyini görən, duyan olmasın,
İzlərini yollarımdan itir, get.
Xatirələr həkk olsa da yaddaşa,
Gözlərimdə əksin dönüb bir daşa,
Ayrılırıq, yol verməyək savaşa,
Son arzumu yerinəcə yetir, get.
Arzu Tahirqızı
BU DÜNYA
Çəkər sinələrə sağalmaz dağı,
Dönər cəhənnəmə ömrün xoş çağı.
Gözündən çıxarıb yedirsən yağı,
Yenə batıracaq qəmə bu dünya.
Gah göyə qaldırar, ordan endirər,
Gah da kaman kimi yaman sindirər,
Yaralı könlümü zildə dindirər,
Yandırıb döndərər bəmə bu dünya.
Sevin Tahirqızı, ucaldır göyə,
Süzür badələrə çevirib meyə,
Yaxşı həzm eləyə bilmirəm deyə,
Qoyub dərdlərimi dəmə bu dünya.
ARZU TAHİRQIZI
SALAM AZƏRBAYCAN
Doğsun dünyamıza haqqın günəşi,
Bəzəsin cahanı şəfəqi, nəqşi,
Qızdırsın qəlbləri odu, atəşi,
Bunu sevgi dolu ürəyim deyir,
Salam Azərbaycan, sabahın xeyir.
Yaradan yetirsin yurduma nəzər,
Gülsün üzünüzə xeyirli səhər,
Görməyin həyatda nə qəm, nə kədər,
Əsən yelim deyir, küləyim deyir,
Salam Azərbaycan, sabahın xeyir.
Sevinsin könüllər, olmasın qəhər,
Mehriban yaşasın qoy bütün bəşər,
Göydən nur çiləsin hey şəmsi- qəmər,
Sonsuz arzum deyir, diləyim deyir,
Salam Azərbaycan, sabahın xeyir.
ARZU TAHİRQIZI
ŞƏHİD ANASI
Min arzuyla, min diləklə böyüdüb,
Bir cəngavər yetirmişdi cahana
Öz ömrünü zərrə-zərrə üyüdüb,
Gəncliyini dəfn eləyib bu ana.
İllərini bəxşiş edib oğluna,
Bal dadıyan şəkərinə, noğ(u)luna.
Heyran idi boy buxuna, ağlına,
Şənliyini dəfn eləyib bu ana.
Ümidləri külə döndü yanaraq,
Xəyalları vaxtsız öldü donaraq,
Gecə-gündüz balasını anaraq,
Dincliyini dəfn eləyib bu ana.
Ürəyinin parasıydı bu igid,
Gözlərində böyütmüşdü bir ümid.
İndi qalıb çox çarəsiz, naümid,
Sevdiyini dəfn eləyib bu
ana.
Arzusuydu, muradıydı, kamıydı,
Bu çəkdiyi acı həsrət dəmiydi.
Can parçası, həm sevinci, qəmiydi,
Mərdliyini dəfn eləyib bu ana.
Dərd qoxuyur söylədiyi hər sətir,
İçin-için elə yanır, şəm nədir,
Daha bilmir sevinc nədir, qəm nədir,
Ürəyini dəfn eləyib bu ana.
ARZU TAHİRQIZI
XOCALI
O gecə Xocalı yuxu yatmadı,
O gün cərxi-fələk tərsinə döndü.
Onun köüməyinə kimsə çatmadı,
Xocalıda həyat o gecə söndü.
Qocaya,cavana,qıza, qadına,
Xəstəyə qıydılar,qətl elədilər.
Baxmayıb günahsız insan ahına,
Zəmi kimi biçib, məhv elədilər
Fəryadlar, nalələr ucaldı göyə,
Günahsız körpələr qana boyandı,
Gəlməzdi kimsənin heç gümanına,
Xocalı o gecə ,vaxtsız oyandı.
Yerlə yeksan oldu gör neçə ailə,
Fəlakət toxumu səpildi yerə,
Bu necə dəhşətdi, necə faciə,
Şər qalib gəlmişdi o gecə xeyrə.
Ana, bacıları aldılar əsir.
Qaçanlar yollarda güllələndilər.
Bu dəhşət insanın nəfəsin kəsir,
Xocalı məhv oldu, “dillənmədilər”.
Bu qanlı faciə, bu fəryad, ölüm,
Titrətdi yer-göyü, qopdu qiyamət,
Bu necə qırğındı, bu necə zülüm,
Qurdu qaniçənlər, qanlı cinayət.
Xalqın qan yaddaşı –bir tarix daha,
Unutmaq olarmı yaşananları?
Əmanət eyləyək Uca Allaha,
Bu dərdi qəlbində daşıyanları.
Dualar ucalsın ərşin yanına,
Məhv olsun dünyada sülhü sevməyən,
Haqq versin cəzasın, batsın qanına,
Sülhə səs verməyib, boyun əyməyən.
ARZU TAHİRQIZI
DOST KİMDİR
Dostluğun tərifin istəsən əgər,
Onu dost qədrini biləndən soruş.
Dostunun dərdini öz dərdi bilib,
Onunla ağlayıb, güləndən soruş.
Kəsdiyi çörəyi müqəddəs tutan,
Ən ağır günündə hayına çatan,
Yanıb acısına dərd-qəmə batan,
Gözündən yaşları siləndən soruş.
Həyat girdabında sınaqdan keçən,
Dostluq şərbətini sevgiylə içən,
Qeyrətlə, ismətlə qəlbinə köçən,
Hər hissi səninlə böləndən soruş.
Arzu, sən dostluğu ucuz sanmadın,
Mənasız odlara düşüb yanmadın,
Özün də dostluqda az sınanmadın,
Səndən bu dostluğu görəndən soruş.
ARZU TAHİRQIZI
TORPAĞINA QURBANAM
Vətən, burdan Göyçəyədək sancılar,
Dalğalanan bayrağına qurbanam.
Addım-addım caynaqlardan sıyrılan,
Qan qoxulu torpağına qurbanam.
Köksüm üstə sanki xəncər saplanıb,
Qəlbdə nifrət, düşmənə kin toplanıb,
Mərd oğullar xilasına yollanıb,
Cənnət olan qucağına qurbanam.
Yer tapmıram ürəyimi ovudum,
Leysan olum bu yanğımı soyudum,
Şəhid, bu ağrını necə unudum,
Vətən qoynu – yatağına qurbanam.
Tor toxuyir zaman- zaman qəm mənə,
ŞƏHİD adlı dağ çəkilir sinəmə.
“Ana, dik dur, qəddin əymə, göynəmə”-
Bu yazdığın varağına qurbanam.
Yadın, doğman həsrətinə dözməyir,
Gedişini fəryad ilə izləyir,
Nazlı yarın vüsalını gözləyir,
Bəzəkli bəy otağına qurbanam.
Vətən dərdi ürəyində göynəyən,
Düşmənini nifrətilə çeynəyən,
“Vətən, sənə canım fəda” söyləyən,
Bayraq öpən dodağına qurbanam.
Düşmənlərin istehkamın sökmüsən,
Göyçəyədək zəfər yolu çəkmisən,
Ürəklərdə dağılmaz mülk tikmisən,
Dastan yazan sorağına qurbanam.
ARZU TAHİRQIZI
” SƏNƏ MƏKTUB YAZIRAM”
Sənə məktub yazıram, bir yağışlı havada,
Adını pıçıldayır, düşən hər bir damla da.
Sığınmışam qoynuna kövrək xatirələrin,
Birini yaşayıram qəmli faciələrin…
Sənsiz keçir günlərim, buz, qaranlıq otaqda,
Qızdırmır otağımı gur yanan bu ocaq da.
Gözlərimdə nəm dinir, çalır həsrət havası,
Hicran gölündə üzür gözlərimin qarası.
Mən fikir küçəsində, dalanlarda azıram,
Sənə məktub yazıram……
Yazıram qəmli-qəmli, bir sevgi nəğməsindən.
Ağlar, nəmli bir gözün, bir ürəyin səsindən…
Yazıram aşiq olan, sevən qəlbin adından,
Hər an xatirindəsən, çıxarmayıb yadından.
Yazıram nisgil dolu,.. o görüş yerimizdən,
Orda başlayıb-bitən, o nakam eşqimizdən.
Yanıb külə çevrilən bu qara bəxtimizdən, o and, o əhdimizdən….
Sənə məktub yazıram, hər aldığım nəfəsdən.
Dustaq olub ürəyim, çıxa bilmir qəfəsdən.
Yazıram bu sevginin əvvəlindən, sonundan.
Xəyalım hər gün keçir, dönə-dönə yanından.
Bu nakam sevgimizin, sonu sən, əvvəli sən,
Ən dərin özülü də, ən uçuq təməli sən.
Kədər dolu, yuxusuz gecələrdən yazıram.
İzinə həsrət qalan, küçələrdən yazıram.
Yazıram ki, geri dön, yetim qalıb sevgimiz.
Yoxluğuna alışmır, bir vaxt xoşbəxt eşqimiz.
Sənə məktub yazıram, nisgil dolu sözümdən,
Gedişinə yas tutan, solğun, qəmli üzümdən.
Uçurumun başında olduğumdan yazıram.
Gözlərimin həsrətdən dolduğundan yazıram.
Qəlbimin ağrısından,.. bir an ara verməyən dəhşətli sancısından….
Necə dözürsən söylə, bu ürək yanğısına?,
Sənin sinəndə vuran, özgənin ağrısına…
Ay insafsız, yazıram, görüşümə gəl deyə,
Sənsiz çox darıxıram, gəl, həsrəti böl deyə.
Bulud almış üzümə, bircə dəfə gül deyə….
Gözləməkdən yoruldum, gəl bitirək həsrəti.
Qəmi, dərdi, möhnəti…
Yaşadaq bu sevgini, yaşayaq bu qisməti.
ARZU TAHİRQIZI
Məhəbbətindir.
Qırma bir qadının incə qəlbini,
O qəlbin ahını almaq çətindir.
Hər zaman əziz tut onun xətrini,
O sənin eşqindir, məhəbbətindir.
Ucuz etmə onu nadan yanında,
Uca tut hörmətin, adın-sanın da,
Onunla ötməyən hər xoş anın da,
Ömrünə etdiyin xəyanətindir.
Nə könlünü incit, nə sözünü kəs,
Xəfif bir meh kimi başı üstə əs,
Səninlə illəri ötməsin əbəs,
Verdiyin dəyərin , sədaqətindir.
Könlün ala bilsən bir şirin sözlə,
Bir dünya bağışlar baxışla, gözlə,
İncik düşsən əgər qəlbində gizlə,
Bağışlaya bilsən, məharətindir.
Təpər et , həyatın getməsin boşa,
Xoş gündə, dar gündə addımla qoşa,
Birgə vura bilsən bu ömrü başa,
Bil, sənin mərdliyin, şücaətindir.
Arzu TAHİRQIZI
Hazırladı: Baş redaktor Güllər Amin Bakı.