Ürəyi düz, əli təmiz Haqdan payın götürər – Şairə Brilyant Qurbanova

Ədəbiyyat Mədəniyyət

Turanxeber.az saytının bu günki dəyərli qonağı şairə Qurbanova Brilyant Cahan qızıdır. Brilyant xanım 1958- ci il 15 avqustda Tovuz rayonunun Aşağı Ayıblı kəndində anadan olub.
Hələ uşaq yaşlarında şeirə, sənətə marağı varmış. Üç kitab müəllifidir. Türk elnin bu gözəl ,milli xanımını   özümüzə borc bilirək şerə-sənətə vurğun olan , ədəbiyyat aşiqi Brilyant xanımı xalqımızla    tanış edək.

 Haqqın qana.
Bir yandan oğurluq edən, bir yandan da itirər,
Ürəyi düz, əli təmiz Haqdan payın götürər,
Rahat yaşar, rahat ölər, ömrü başa yetirər,
Gedər Allah dərgahına, düşər cənnət məkana,
Naxələflər bu dünyanın çətin ki, haqqın qana.

Çox insanlar küfr eyləyir, tanımır din-imanı,
Sərraf gözlü, arif olan seçir yaxşı, yamanı,
Pulu olsa başa çəkib sevirlər az qananı,
Şırtıq vurub qol oynadır, burnun soxur hər yana,
Naxələflər bu dünyanın çətin ki, haqqın qana.

Az ömürü elə yaşa getsin min il sədası,
Çoxlarına ağır gəlir bu həyatın ədası,
Səndən çox şey istəmirəm, istəyim bu, qadası-
Ac da qalsam Atəş göndər, mərəz vermə sən cana,
Naxələflər bu dünyanın çətin ki, haqqın qana.
 Sevindi.
Qara sazı aldım sinəmin üstə,
Sinəm də sevindi, saz da sevindi.
Gözümə göründü bir boyu bəstə,
Gözüm də sevindi, qız da sevindi.

Ötüşdü qarşımdan bir mələk misal,
Camalı alyanaq, gözləri bihal,
Yerişi, duruşu bir nazlı maral,
Maral də sevindi, naz da sevindi.

Fələyin qisməti yazıldı getdi,
Dünya hər üzünə çözüldü getdi,
Yaxşı da, yaman da düzüldü getdi,
Əyri də sevindi, düz də sevindi.

Mənəm od ürəkli, qəlbi havalı,
Yalandan, böhtandan, şərdən tovalı,
Atəşin söz ilə dəyişdi halı
Atəş də sevindi, söz də sevindi.

 Döndərir.
Qəlbim vülkan kimi od püskürərək,
Yandırır köksümü, saca döndərir.
Xəyalım keçmişi vərəqlədikcə,
Ruhumu o hisslər aca döndərir.

Oxuyur qəlbimin sarı simləri,
Pərdədə gəzdirir mizrab, kimləri,
Açılmaq istəyən top sicimləri,
Naşı dolaşdırıb kəcə döndərir.

Atəşin iqbalı kəmdi əzəldən,
Bəxti üz döndərir hərdən gözəldən,
Fələk cələng hörüb sarı xəzəldən,
Fərsizin başında taca döndərir.

 Amandı.
Gəl belə çalmaynan, Ədalət qağa,
“Yanıq Kərəmi” ni yandım, amandı.
Saz da Kərəm kimi ağlayır, sanki,
Tökür öz qəmini, sandım, amandı.

Eşqin ocağında bişəndi bu saz,
Bağrımmın başını eşəndi bu saz,
Naşı sinəsindən düşəndi bu saz,
Dərdini səsindən qandım, amandı.

Deməyin bir çanaq, bir simdi bu saz,
İstəsə sevincdi, həm kindi bu saz,
Deyəsən yaralı, bəm dindi bu saz,
Sanki varlığımı dandım, amandı.

       Kimi.
Deyirlər dağlara duman çökübdü,
Mənim gözlərimə qəm çökən kimi.
Güllər yanağından Şəbnəm tökübdü,
Gözüm yanağıma çən tökən kimi.

Fələk xoş günümü küləyə bükdü,
Taleyim qarşıma daş-kəsək tökdü,
Hicran bağrım başın doğradı, sökdü
Gecənin bağrını dan sökən kimi.

Həyat zindan oldu, mən isə dəmir,
Döyülüb yanmaqdan olmuşam kömür,
Sağlam yeri yoxdu, əkilib ömür,
Torpağı çevirib xış əkən kimi.

        Gəldi.
Bu vətən torpağı – başı qadalı,
Neçə döyüşlərə dözdü də, gəldi.
Yollarını azmış yağı düşmənin,
Görək ki… başını üzdü də gəldi.

Bir xalqdır, tarixdə izi silinməz,
Dərd yeyər, üzündə qəmi bilinməz,
Bayraqlar önündə yüksələr, enməz,
Nahaqqı haqqına düzdü də gəldi.

Heydərdən mirasdı gələn nəsilə,
O,İlham bəxş etdi bu xalq, bu elə,
Böyük zəfəriylə düşübdür dilə,
Atəştək düşməni əzdi də gəldi.

Fotoğrafı Aç
Kəlağayı.

Butası məhəbbət, gülləri sərvət,
Hansı başda olsa edərlər hörmət,
Hər eldə, obada verilər qiymət,
Noxudu, butalı, al kəlağayı.
Adı ağızlarda bal kəlağayı.

Harda ğörürəmsə, ruh verir mənə,
Bir daha düşməsin dumana, çənə,
Min örtük içində, bil, təkcə sənə
Çatmaz gözəllikdə şal, kəlağayı.
Adı ağızlarda bal kəlağayı.

Sənin xəbərin yox, Vallah, özündən,
Dünyanı bürüyən söhbət, sözündən,
Boyunun vurğunu Atəş gözündən
Düşüb yanağına xal, kəlağayı.
Adı ağızlarda bal kəlağayı.

       Axır baxışlarım.

Axır baxışlarım hörüklərində,
Qaranlıq cığırmı? Yolumu azdım.
Tellərinin ətri bələdçim, oldu,n
Çıxıb qamətinə min dastan yazdım.
*
Qıvrılan zülflərin bir şahmar təki,
Dolanıb boynuma, canımı aldı,
Mənə rəhm eylədi bu gözəl, səki,
Eşqinin bağında zindana saldı.
*
Boğazım qurudu, sarıldım çehə,
Sorduqca bağrımı doğradı, tökdü.
Mənə məlhəm olan bir Sərin mehə,
Atəş həsrət qaldı, dizləri çökdü.

 Mən səni gözləyəcəm.

Ay ömrümün bəzəyi,
Mən səni gözləyəcəm.
Sən düşünmə heç nəyi,
Mən səni gözləyəcəm.

Sənsən dinim, imanım,
Həyatda tək gümanım,
Həm yaxşı, həm yamanım,
Mən səni gözləyəcəm.

Gəl məni göydən endir,
Küsmüş qəlbimi dindir,
Yanan ruhumu söndür,
Mən səni gözləyəcəm.

Güllərin tağ-tağ açır,
Şəbnəmlər şəfəq saçır
Gecə qıvrılıb qaçır,
Mən səni gözləyəcəm.

Yuxum ərşə çəkilib,
Sənsiz qəmə bükülüb,
Artıq “dan” ım sökülüb,
Mən səni gözləyəcəm.

Bu gecəm keçdi “ah”da
Qulağım sən soraqda,
Gülüm, bil ki, sabah da,
Mən səni gözləyəcəm.

Atəşin oddu canı,
Safdı, təmizdi qanı,
Hər ay, hər gün, hər anı,
Mən səni gözləyəcəm.

Fotoğrafı Aç

Şuşamın.
Başdan-ayağadək sehirdi, sirdi,
Muğamdı, qəzəldi dili Şuşamın.
“İsa bulağı” tək safdı, təmizdi,
Dəryadı, ümmandı eli Şuşamın.

Dağları dumandan yamşaq al
Çiskindən, çisəkdən örpək salıbdı,
Sıldırım qayalar xalı qurubdu,
Döşənib yalına xalı Şuşamın.

Mehdiqulu xanın son yadigarı,
Qızına verdiyi dövləti-varı,
Ulu keçmişi var, möhkəm ilqarı,
Qədimdi tarixi, ili Şuşamın.

Çıdır düzü gəzir ər İgidləri,
Bel vuran, qol yıxan nər İgidləri,
Babək, Koroğlutək sər İgidləri-
Görəndə xoş olur halı Şuşamın.

Dörd yanı yarğandı, ortada üzük,
Hünərlə tarixi yazan xalq – bizik,
Gələcək nəsilə silinməz izik,
Səmalara çatır əli Şuşamın.
Muğamdı, qəzəldi dili Şuşamın.

Şuşamın.
Adı nəğmələrdə, dillərdə gəzir,
Tayı, bərabəri yoxdu Şuşamın.
Dağların başında taca bənzəyir,
Dünyaya sədası axdı Şuşamın.

Xan qızı Natəvan adı, sanıdı,
Üzeyir damarda axan qanıdı,
Xan əmi, Bülbülü dünya tanıdı,
Varlığı düşmənə oxdu Şuşamın.

İğidlər can qoydu onun yolunda,
Zakirin sağında, Vaqif solunda,
Xarıbülbül gülü bülbül dilində
Hələ gözəl günü çoxdu Şuşamın.

Yağılar bağrını eylədi tapdaq,
Söküldü, töküldü bədəni tağ-tağ,
İllərdi gəlmirdi nə xəbər,; soraq,
Gözləri yollara baxdı Şuşamın.

Mavi səmasını duman, çən aldı,
Hər dağı, dərəsi bir səngər oldu,
Taleyi dəyişdi, təkəri döndü,
Başında şimşəklər çaxdı Şuşamın.

Koroğlu nərəli İgidlər qalxdı,
Düşmənə od vurdu, yandırıb yaxdı,
Qələbə bayrağın Şuşaya taxdı,
Köksünə gül səpdi baxtı Şuşamın.
Tayı, bərabəri yoxdu Şuşamın.

Dəli olmağıma bir addım qalıb.
Zəlimxan Yaqubun həmin adda şerinə nəzirə.

Bəxtsiz taleyimlə qucaqlaşmışam,
Dəli olmağıma bir addım qalıb.
Yorğun səyyah kimi dağdan aşmışam,
Dəli olmağıma bir addım qalıb.

Dağ çəkib, dağlayır zaman könlümü,
Yolundan azdırıb duman könlümü,
Alladıb, ovudur güman könlümü,
Dəli olmağıma bir addım qalıb.

Ağlayan gözlərin düşən qaşıyam,
Zülmətdə ucalan mərmər daşıyam,
Daşdan baxanların o göz, yaşıyam,
Dəli olmağıma bir addım qalıb.

Bulud ərşə çəkər, şimşək parçalar,
Namərd ad-san alar, mərdlər alçalar,
Bunları gördükcə insan qocalar,
Dəli olmağıma bir addım qalıb.

Atəşin odundan dünya alışar,
Fikirlər dolaşar, sözlər qarışar,
Gözlərim gecələr yatmaz, sayrışar,
Dəli olmağıma bir addım qalıb.

Əldın gedər.
Hər söhbətə məhəl qoysan,boğaz, bil, əldən gedər.
Tab gətirməz həm də başın, ağız, dil əldən gedər.
Qar istəyən gecikərsə, çıxmağa dağ başına,
İsti vurar, tez əriyər, axar,sel əldən gedər.

Bil özünün qiymətini, hər işə çox qarışma,
Dərdini deyən olmasa, üzdən salıb soruşma,
Hər yetənə yaxınlaşıb cani – dildən görüşmə,
Görüşərsən əlin tutmaz, düşər əl, əldən gedər.

Arif olan çox danışmaz, əksinə, çox dinləyər,
Çeynənən söz haldan düşər, dil ucunda inləyər,
Ustad alar simsiz sazı incə-incə simləyər,.
Naşı bilib tarım çəkməz, aşıq,zil əldən gedər.

Zülmət.
Gecə açdı köynəyini,
Hər tərəfi tutdu zülmət
Neçə insan gözün açdı,
Neçə canı uddu zülmət. .

Kef eləyər, meydan sular,
Çox sevdiyi bayquş olar
Ruh ayrılar, tənha qalar,
Tənha cana oddu zülmət.

Mən sevirəm ocaq-közü,
Haqdan gələn haqqı, düzü,
Özü duyur, görür gözü,
Bu Atəşə yaddı zülmət.

Mən belə dünyanın nəyindən küsüm.
Eyni adda şeirə nəzirə.

Ağladım, gözlərim yaşın vermədi,
Çaylar ev tikməyə daşın vermədi,
Verən ayaq verdi, başın vermədi,
Mən belə dünyanın nəyindən küsüm?

Əsirgəməz dağlar varını eldən,
İyləsəm inciməz bülbül də güldən,
Sanki qar tökülür ağarmış teldən,
Mən belə dünyanın nəyindən küsüm?

Nə hörmət bacarır, nə him tanıyır,
Nə vaxta tabedir, nə sinn tanıyır,
Deyir: bələd olub hər kim tanıyır-
Mən belə dünyanın nəyindən küsüm?

Qızarmaq arındı, şöhrət varındı,
Qaralıq torpağın, ağlıq qarındı,
Bezmiş ürəklər də xəlvət darındı-
Mən belə dünyanın nəyindən küsüm?

Könüllər daş olub, əsəblər dəmir
Gözlərim həsrətin selində çimir,
Onunla vuruşan, heç Atəş demir
Mən belə dünyanın nəyindən küsüm..

Oğlum,yoxsa qocalırsan?

Həm yerimsən, həm də göyüm,
Həm günəşim, həm də ayım,
Çöldə ərkim, evdə bəyim,
Oğlum, yoxsa qocalırsan?

Ürəyimin tən parası,
Gözlərimin zil qarası,
Dərdlərimin həm çarəsi-
Oğlum, yoxsa qocalırsan?

Gəncliyimi ötürdüyüm,
Hər nazını götürdüyüm,
Dilim gəlmir, Vallah deyim
Oğlum,yoxsa qocalırsan?.

Ağ saçına baxammıram,
Ürəyinə axammıram,
Şimşək olub çaxammıram,
Oğlum,yoxsa qocalırsan?

Bu həyatın bir qanunu,
Pozmaq olmaz heç vaxt onu,
Hər insanın budur sonu,
Oğlum,yoxsa qocalırsan?

İmkan vermir.
Dağlar örpəyini açmaq istəyir,
Boran imkan vermir,qar imkan vermir.
Kimsə haqsızlıqdan qaçmaq istəyir,
Tamah imkan vermir, var imkan vermir.

Bənövşə Nərgizlə qol-boyun olsun,
Səhər-səhər güllər şəbnəmlə dolsun,
Lalələr qəmzəylə, naz ilə gəlsin,
Çovğun imkan vermir,tar imkan vermir.

Bülbül qəriblikdə fəğan eyləyir,
Gülün həsrətiylə nəğmə söyləyir,
Fəryadı hicranı qovur, teyləyir,
Xəzan imkan vermir, sar imkan vermir.

Yorulub.
Bu dünyanın həm yoxundan , varından,
İlğımından, ormanından, qarından,
Enişindən, yoxuşundan, tarından,
Keçən canım, İndi yaman yorulub.

Doymamışam, bezməmişəm özündən,
Yamaçından, yalmanından , düzündən,
“Durnagözlü bulaqların” gözündən,
İçən canım, İndi yaman yorulub.

Doymamışam, hələ səndən, acam mən,
Ocaq üstə dəmirəm mən, sacam mən,
Bir mələyəm , istəyirəm uçam mən,
Uçam… , canım İndi yaman yorğunam.

Mən səni istəyirəm.
Ay könlümün harayı,
Ömrümün xan sarayı,,
Hər il, hər gün, hər ayı,
Mən səni istəyirəm.

Ömrüm sənə bağlıdı,
Bəxtim qara, ağlıdı,
Taleyim dərd tağlıdı,
Mən səni istəyirəm.

Sənsiz günüm ahu-vay,
Yox gözümdə sənə tay,
İstəmirəm özgə pay,
Mən səni istəyirəm.

Dərd tökülüb sol-sağa,
Gəl çıxaq qoşa dağa,
Binə salaq yaylağa,
Mən səni istəyirəm.

Həyat belimi əyir,
Ömrümün barı dəyir,
Bütöv varlığım deyir:
-Mən səni istəyirəm.

Bezməmişəm həyatdan,
Düşmədim köhlən atdan,
Dostdan, qohumdan, yaddan,
Mən səni istəyirəm.

Atəşəm, “Yanar dağ” am,
Soğulmaz bağça-bağam,
Bil ki, neçə ki, sağam,
Mən səni istəyirəm.

Fotoğrafı Aç
Poladım.

General-Mayor Polad Həşimova ithaf edirəm.

Üzündə təbəssüm, gözündə fərəh,
Sanki gül-çiçəkli dağdı Poladım.
Coşan könüllərdə,Haqq dərgahında,
Qanadlı mələkdi, sağdı Poladım.

Torpağı, eliylə qəlbi döyünən,
Yardığı sədlərnən coşan, öyünən,
Polad bədəninə polad geyinən,
Odtək düşmən üstə yağdı Poladım.

Əriyir anası hey gilə-gilə,
Gözləri mənbədi çağlayan selə,
Dastana çevrilən mərd adın, belə-
Düşmənin köksündə dağdı, Poladım.

Atəşin qələmi aciz qarşında,
Bilmir ki, nə yazsın sənin yaşında,
Sənin payızın da, Sənin qışın da,
Tər güllər əkilmiş bağdı, Poladım.

Poladın gəlir.
Ana öz odunda alışdı, yandı,
Hər oğul kəlməsi dilində dondu
Heç vaxt unutmadı torpağa andı,
Torpaq, qucağına Poladın gəlir.

Adı səmalarda şimşəyə döndü,
Ulduzlar baş əydi, önünə endi,
Dağlar dilə gəldi, qayalar dindi-
Torpaq, qucağına Poladın gəlir.

Qəfildən bir alov aldı Poladı,
Anasından ayrı saldı Poladı,
Polad sinəsiylə yardı Poladı-
Torpaq, qucağına Poladın gəlir.

Atəş dözümlüdür,Polad əriməz,
Onsuz heykəl olar dünya, yeriməz,
Sözlər haray çəkər, misra kiriməz,
Torpaq, qucağına Poladın gəlir.

Çıxaq gedək.
Ürəyimin parasısan,
Tut əlimdən çıxaq gedək.
Dərdlərimin çarasısan.
Tut əlimdən çıxaq gedək.

Sənsiz dünyam başa dardı,
Ahu-zarım elə cardı,
Bu ayrılıq məni yordu,
Tut əlimdən çıxaq gedək.

Mum eyləyən məni dildir,
İstər ağlat, istər güldür,
Lap istəsən məni öldür-
Tut əlimdən çıxaq gedək.

Buz bulaqdan su da içək,
Lilpar dərək, yarpız biçək,
Xəyallarda uçaq-uçaq…
Tut əlimdən çıxaq gedək.

Zirvə olaq, yamac olaq,
Çüt ovulaq, umac olaq,
Bir-birinə əlac olaq,
Tut əlimdən çıxaq gedək.

Dərd verirsən, hdərd içirəm,
Libasımı ağ biçirəm,
Canımdımı… lap keçirəm,
Tut əlimdən çıxaq gedək.

Atəş verməz əldən səni,
Ayırmaram eldən səni,
Qoruyaram seldən səni,
Tut əlimdən çıxaq gedək.

 Gəlir.
Bir səs gəldi…. səda çatdı qulağa,
“Ömrün, günün libasına dar gəlir”.
Ömür gedir, illər düşür birbəbir,
Sakit qəlbə azğınlaşmış sar gəlir.

Kimlər gəlir, kimlər yığıb yollanır,
Yabılar da ipək çulnan çullanır,
Qəlb çıxan pul zibilliyə tullanır,
Çox başlara qalaq-qalaq qar gəlir.

Yaltaq olan qoltuqlarda yallanır,
Dərd çəkənlər gündən-günə çallanır,
“Suyu axmış” çox yanaqlar allanır,
Qəlbə vicdan, boz üzlərlə “ar” gəlir?…

Ana yurdumun.
Günəşin şəfəqi, Ayın baxışı,
Gözündə min rəngdi ana yurdumun.
Koroğlu obası, Babək qalası-
Keçmişindən zəngdi ana yurdumun.

Xamırı acıdan qalmış balatı,
Çöldə quzqulağı, yolda yolotu,
Düzdə sarı çiçək, döşdə kəkotu,
Hüsnünə bəzəkdi ana yurdumun.

Sıldırım qayadan yığasan moruq,
Çıxa qurşağadək biçənək, qoruq,
Böyürtkən eyləyə lap cırıq-cırıq,
Barından üzək di ana yurdumun.

İlğımı dərindi, meşəsi qalın,
Seyrinə çıxasan aralıq, yalın,
Bayatı söyləyin, bir ağı çalın,
Eli çözənəkdi ana yurdumun.

Çox yurdu, yuvası şırım-şırımdı,
Tükənib dözümü, səbri tarımdı,
Hər yerdə qardaşım, bacım varımdı
Başı nələr çəkdi ana yurdumun.

Qar yağır.
Təbiət diliylə, xana qurubdu
Ağaclar özünə naxış vurubdu,
Baxın, boz sərçələr tezdən durubdu,
Mürgülü dünyamız, oyan, dur, yağır,
Bütün şəhərlərə bu gün qar yağır.

Mən də uşaqlaşıb sizə tay olam,
Gündüz Günəş olam, gecə Ay olam,
Dağlardan kükrəyən leysan çay olam,
Başa abır yağır, üzə ar yağır,
Bütün şəhərlərə bu gün qar yağır.

Ocaqsız soyumuş evlər var, Allah,
Açıq aynasında donur qar Allah,
Bağlanıbdı yolu, tutub tar, Allah,
Kasıb, yazıqların halın sor, yağır,
Bütün şəhərlərə bugün qar yağır.

Şair qardaş.
Şair qardaş, düzün sənə söyləyim,
Yol getmərəm tamahının quluyla.
Yüzlərini yerə vuran pəhləvan,
Fəxr etməsin burulmayan qoluyla.

El içində ad-san alan hər kişi,
Enlikürək, hündürboylu nər kişi,
Kişilik də baş sayılan sər kişi-
Ad qoyacaq əməliylə, yoluyla.

Eldən çıxıb el dərdinə hay olan,
Mübarizə, Poladlara tay olan,
Yaradandan bu millətə pay olan,
Tanınacaq ovcundakı doluyla.

    Atəşi.
(Təcnis.)
Könlüm yaman köz götürüb, qızarıb,
Dərya axsa söndürənməz
atəşi.
Uca Rəbbim, bir də gözlər görməsin,
Topdan çıxan od-alovu, atəşi.

Bu torpağa gərək deyil yaramaz,
Fərsiz oğul heç bir işə yaramaz,
Kim deyir ki, dərmanım çox, yaram az?
İstəyirsən bir-bir kəsib at, əşi.

Tale yolum əzəl gündən əymədi,
Həyat əydi, Yaradanım əymədi,
Zalım Fələk, sən də məni əymə di-
Əlin yanar, əyənməzsən Atəşi.

A Dana.
(Təcnis.)
Sürü qalxdı, çovan getdi, iz itdi,
Təklənərsən, qurd dağıdar, a dana.
Dünən səni tirtək oğul edənin-
Bu gün səntək gözdağı var, a Dana.

Deyirik ki, saf ürəklə biz gərək-
Dost yolunda sinə açaq,
qol gərək,
İnsan kimi qohum- yada ol gərək,
Vay o günə haqqı-sayı a dana.

Dost-dostuna təmənnalı baxmaya,
Tutduğunda həm zat ola, bax,maya,
Dost gələndə əllərinə baxma, ya-
Atəş gələ, çürük qozla ad ana.

Alın tərim.
Yar bağına seyrə çıxdım,
Vurdu məni “müşk-ənbər” i.
Könlüm səni haraylayır,
“Şah taxtı” ndan düş gəl
bəri.

Dost-aşnanın sorağında,
Xeyir, şərin qırağında,
El- obanın yarağında,
Qocaltmışam mən bu səri.

Atəş,eşqim qəlb aşığım,
Sözün deməz qəlp, aşığım,
Olub mənim yaraşığım,
Əl qabarı, alın təri.

 Göyə bax.  (Təcnis)
Dərya içrə gördün gəmin bathabat,
Üzün çevir,əlin qaldır göyə bax.
Gözlərinə əlvan rənglər görünsə,
Qırmızın seç, yaçılın sev, göyə bax.

Təxtin dönüb, ömür-günün xar olsa,
Sinəndəki dərd-qəm dolu xaralsa,
Çovqun qopsa, yollarını xar alsa,
Oğlun axtar,qızın çağır, göyə bax.

Dərd çoxalıb, mən-mən deyə şişibdi,
Yaralarım qövsi tikən şiş-ipdi,
Atəş, deyən var bədənim şişib di-
Qançırlanmış, alat-alat göy, ə, bax!

Gərəkdi.
Yəqin ki, anlayar hər qanan insan,
Aqilsə deyəcək sar da gərəkdi.
Ay qağa, şaxtanı az tənələ sən,
İsti gərəkdirsə, qar da gərəkdi.

Haranı desələr yerinə alış,
Dindirsələr ərklə, ərkanla danış,
Qarın istəyəndi, çeynəyəndi diş,
Anla ki, azacıq ar da gərəkdi.

Ay Atəş, atəşin yandırar, yaxar,
Dağdan leysan gələr, dəryaya axar,
Yar yarın telinə çiçəklər taxar,
Hərdən dincələsən- “yer” də gərəkdi.

Məni.
Qadir Allah, özümdən də xəbərsiz,
Hərdən bürür duman məni, çən məni.
Heç kimsənin qabağında sındırma,
Möhtac eylə tək özünə sən məni.

Öyrəndiyim yerlə göyün ərşidi,
Mən aldığım ustaların dərsidi,
Vəhdən gələn “Əlif*”, “Bə*”di həm “Sə*”di,
Qocaldammaz başa düşən dən məni.

Qurbanidi, Ələsgərdi ustadım,
Məhsətidi, Natəvandı tam-dadım,
Dədəm Qorqud, Qazan xandı soy adım,
Tərpədəmməz hər zil məni, bəm məni.

Mən Atəşəm, qəlbdən gələn bir hayam,
Oxu ova sərrast vuran bir yayam,
Himi möhkəm, ərşə dəyən qalayam,
Uçurammaz kədər məni, qəm məni.
1.Əıif-Allah.
2.Bə-birliyə dəlalət.
3-Sabitdi doğru yola

Kişi deyilmiş.

İnanma dünyanın xətti-xalına,
Aldanma gözəlin mah-camalına,
Düşdünsə həyatın qeylü-qalına,
Görünən zərinin şeşi deyilmiş,
Hər başı papaqlı kişi deyilmiş.

Dünya bir ilandı, quyruğu zəhər,
Başını girələ, dolan birtəhər,
İndi uzunqulaq olubdu kəhər,
Qazanıb axırda”əşi”,- söyülmüş,
Hər başı papaqlı kişi deyilmiş.

Dağıdıb sinəmi kürəyimdə yük,
Enişi, yoxuşu mən getmişəm tək,
İstər on arvad al, yüz uşaq da ək-
Guya el içində kişi sayılmış?
Hər başı papaqlı kişi deyilmiş.

İndi çox varıyla sürən dövranı,
Özünün “ağlıyla” quran dövranı,
Cibində puluyla yaran dövranı-
Atəş, görürsənmi fəsi əyilmiş?
Hər başı papaqlı kişi deyilmiş.
 Yığılsın.
Divani.
Bir dəryayam, ətrafıma qəvvas olan yığılsın,
Saf qəlbim pislikdən uzaq, yerdə qalan yığılsın,
Haqqı danıb insanları əyriyə çəkən çoxdur,
İstəyirəm insanlıqda böhtan, yalan yığılsın.

Yaradandır düzən, cavab “hinkir”də beş, hikmətdir,
Baş əydiyim İslam dini, “Quran” Haqqa zinətdir,
Beş vaxt namaz qılanların yeri haqdı, cənnətdir,
Şeytana lənət oxuyaq, nifaq salan yığılsın.

Mən Atəşəm, Bismillahda mən də sənlə şərikəm,
“Ana”, Vətən”açar dili, bunu bilməm heç də kəm,
Dördü Allah kitabıdır, müsəlmanam bil bu dəm,
Millətin halını sorub dərdə qalan yığılsın.

Salam eylə.
Ay canımı alan oğlan,
Gəl bir mənə salam eylə,
Ruhu məndə qalan, oğlan,
Gəl bir mənə salam eylə.

Ver əlini gedək bağa,
Narın yağış yağa-yağa,
Çox boylanma sola- sağa,
Gəl bir mənə salam eylə.

Qəlbin kimi əlin soyuq,
Məqsədindən düşdüm duyuq,
Sinəm olub şan-şan oyuq,
Gəl bir mənə salam eylə.

Yaradanım verib qismət,
Qarşılıqlı olsun hörmət,
Bəlkə edim sənə minnət?
Gəl bir mənə salam eylə.

Taleyimdi bəxti qara,
Mənimlədi getsəm hara,
Çox sadiqəm dosta, yara,
Gəl bir mənə salam eylə.

Çəkir.
Yarandığı gündən mənlə şərikdi-
Dərdimə, başımda bəyaz tel, çəkir.
İçindən ayrılan yarıtmaz kəsin-
Yaxşısın, pisini yenə el çəkir.

Yaşadığım hisslər məni teylədi,
Yollarda izlərdə heykəl eylədi, ,
Görən dedi:Vallah bu qız Leylidi,
Gözlərim hələ də uzaq yol çəkir.

Əzəldən kor gəlib, Allah, yığvalım,
Qarşımdan çəkilmir heç qeyxu-qalım,
Çoxunu ağladan mənim bu halım-
Ağlaya-ağlaya canda sol çəkir.

Sevgi dünyasıyla tanışıq, halıq,
Dəryadan kənarda yaşamaz balıq,
Görüm hər bir kəsə yar olsun Xaliq,
Atəş eşq sarıdan daim “sal”çəkir.

O gecə.
20 Yanvar hadisələrinə həsr edirəm.

Tanklar əjdahıtək hücuma kecdi,
Azğın ovçu kimi gəzdi o gecə,
Neçə günahsızı, neçə körpəni,
Çeynədi, dişində əzdi o gecə.

Əl əldən üzüldü, can- candan keçdi,
Od tökən güllələr bədənlər biçdi,
Susamış vəhşilər al qanı içdi,
Kəsilmiş qol-qılça yüzdü… O gecə.

O zülmət gecənin gözü ağladı,
Xəzər fəğan etdi, düzü ağladı,
O qanlı Fələyin özü ağladı-
Vəhşi insanlardan bezdi o gecə.

Səhərin sübh danı qanla oyandı,
Atəş eşidəndə qanı dayandı,
İlahi, olanlar sənə əyandı,
“Qəssab”neçə başlar üzdü o gecə.

O qanlı gecə.
Dünya çalxalandı, yer, göy qovuşdu,
Ulduzlar köç etdi o qanlı gecə.
Ay göz yaşlarını boğa bilmədi,
Nitqlər də batdı,o qanlı gecə.

İnsanlar vüqarla çıxdılar önə,
Azadlıq uğrunda qıydılar cana,
Qanları leysantək axdı hər yana,
Səslər ərşə çatdı o qanlı gecə.

Qana susamıştək gəlirdi tırtıl,
İnsanı ortadan bölürdü tırtıl,
Bu dəhşət içində gülürdü tırtıl,
Çox nüfuzlar itdi o qanlı gecə.

Atəşin ağzından alov darandı,
İnsanlar ayıldı, birlik yarandı,
Xalqın nicat yolu ancaqTurandı,
Köləliyi atdı o qanlı gecə.

Ay ağa.
(Cığalı təcnis)

Ömür vəfasız dır, həyat da fani,
Dövran qalacaqdır kimə, ay ağa.
Əzizinəm ay ağa,
Guruldaya a yağa,
İgid oğul verərmi?
Millətini ayağa.
Yığdığı var-yoxu heç kim aparmır,
Ömrümüz bağlıdır himə ay, ağa.

Axırda libastək geyirik ağı,
Diriyə toy-büsat, ölüyə ağı,
Əzizinəm ay ağı,
Həm şirindi, həm ağı,
Zatı xarab çıxan yar,
Çıxır hamıya yağı.
Ömür mar dilində qaynayan ağı,
Cahan başı sevər, torpaq ayağı.

Doymuruq dünyadan, gözümüz varda,
Xeyir-bərəkəti ar-axtar “var” da,
Əzizinəm o varda,
O dövlətdə, o varda,
Cana qənim kəsilir,
Qazanndığın o var da.
Gəmim dəryalarda, əlim avara,
Səkitləşə tufan, yağış a yağı.

Olar.
Şeyrü-sənət bir ümmandı baş vuran başdan olar,
Şor-çörəyə xor baxanlar qaradan, aşdan olar,
Həyat sevir bər-bəzəyi, yol-ərkanın biləsən,
Həddini aşan gözəllər kiprikdən, qaşdan olar.

Gen sarayda ömür sürən, “yoxdu”, – deyə ağlayan,
Əndazəsi-ədasıyla ürəkləri dağlayan,
Bir yazığa əl tytmayan, üzə qapı bağlayan,
Verən Allah birdən alar, gövhərdən, daşdan olar.

Atəşin ölməz ümidi, qəlbi haqqa bürünər,
Qanad açar, həyan olar, son gümanda görünər,
İlləri hədər keçirməz, söz dalınca sürünər,
Himi sözdən qala qurar, qocalar yaşdan olar.

Nədəndi.
Sinəmdə ürəyə yoxdu etibar,
Birdən salır məni dara, nədəndi?
Başım gicəllənir, halım pozulur,
Enir gözlərimə qara, nədəndi?

Bülbül gül eşqiylə yanıb-yaxılır,
Yetimə, yesirə ögey baxılır,
Vicdan taca dönüb başa taxılır,
İnsanlıq satılır vara, nədəndi?

Ucalmaz nəs işə meyilli olan,
Özgənin sözüylə qulağı dolan,
Bir çöp də istəmir həyatı solan-
Xəstə meyl eyləyir qara, nədəndi?

Məkkə deyirik.
Qəlbi nurla dolanlar,
Çiçək kimi solanlar,
Yeri cənnət olanlar,
Biz sizə baş əyirik.

Yolunu Haqdan salan,
Sinəsi qanla dolan,
Kəfəni bayraq olan-
Sizə”Məkkə”deyirik,

Haqq – deyib atıldınız,
Torpağa qatıldınız,
Ocaqtək çatıldınız-
Közünüzü yayırıq.

 Nəzarət et yoluna.
Özünə Haqq-ədalət ol, nəzarət et yoluna,
Haqqın qolu uzundu çox, yaxan keçər əlinə,
Yaxşı tanı Allahını, unutma düz yolunu,
Kəsər pambıqla boğazın, sap sapladar dilinə.

Çətin verir sevincini, dərdi asan paylayır,
Öj düşdüyü adamları at döşündə teyləyir,
Yüz ilin qurğusunun birdən viran eyləyir,
Büdrədinsə bir andaca, bürüb qatar selinə.

Bu dünya bir xanimandır, ucu, sonu bilinmir,
Bər-bəzəyi gözlər tökür, təndə donu bilinmir,
Ya bədbəxtdi, ya xoşbəxtdi- beşmi, onmu, bilinmir,
Az vaxtda ömrünü yeyər, kərən yığar belinə.

Bu Atəşə dəyən daşlar sayılarmı, gər saysan?
İslanmışın qorxusu yox, yağış olsun, ya leysan,
Şimşək çaxdı gözlərində, olmadı həyat asan,
Bir yumaq tək hədəf etdi dərdin, qəmin yelinə.

20 Yanvar hadisələrinə…
Sakit gecə, hər yan zülmət, qaranlıq,
Sanki adam huşa gedir bir anlıq.
Binalarda tək-tək işıq sayrışır,
Təbiət də bir-birinə qarışır.
Lal sükunət bürüyübdür hər yanı,
Sanki zaman gözləyir həmin anı.
Yar qoynunda xumar-xumar yatan kim,
Şirin ana laylasına batan kim.
Kimi gözlər gec qayıdan oğlunu,
Kimi sanki itiribdi ağlını. İnsanlar xəbərsiz yollara çıxır,
Vahimə içində ətrafa baxır.
Ürəyinə təşviş düşən cavanlar,
El qoruyub, torpaq üçün yananlar-
Dəstə – dəstə küçələrə çıxırlar,
Əsarətin qucağından baxırlar.
Bu an birdən təkəmseyrək səs gəlir,
Bilinmir, güllələr nəyisə dəlir.
Tanklar uğuldayır, tutur hər yanı,
Çöldə olanların tökülür qanı.
Tırtıllar bayıra çıxanı əzir,
Güllələr çal-çarpaz havada gəzir.
Əzilir maşınlar içində insan,
Vəhşinin gözünü yaman tutub qan.
Verdiyi əmriylə al qana batıb,
Qocalar, uşaqlar xəbərsiz-yatıb.
Artır qışqırıqlar, artır fəryadlar,
Kim oğul, kim ata-çağrılır adlar.

Turanxeber.az
Hazırladı Baş redaktor Güllər Amin.Bakı

 

 

 

 

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir