Dekabrın 20-də Milli Məclisin spikeri Sahibə Qafarovanın sədrliyi ilə parlamentin payız sessiyasında növbəti plenar iclası keçirilib.
Cari məsələlərin müzakirəsi zamanı çıxış edən parlamentin komitə sədri Səməd Seyidov, deputatlardan Musa Qasımlı, Azay Quliyev, Mahir Abbaszadə, Sahib Alıyev, Elman Nəsirov, Kamal Cəfərov, Vahid Əhmədov, Jalə Əliyeva, Tural Gəncəliyev Korsikada baş verən hadisələrə toxunaraq, Fransanın bu bölgəsində demokratik normalar, insan haqları, qanunun aliliyi ilə bağlı dəyərlərin pozulduğunu, hüquq-mühafizə orqanları vasitəsi ilə buradakı vətəndaşlara qarşı zor tətbiq edildiyini bildiriblər. Deputatlar Fransanın Azərbaycanın Qarabağ bölgəsində erməni separatçılarını dəstəklədiyini, digər tərəfdən öz ərazisində yaşayan insanlara qarşı cinayət əməlləri törətdiyini diqqətə çatdırıblar. Bu məsələnin bütün beynəlxalq təşkilatlarda, o cümlədən Birləşmiş Millətlər Təşkilatında qaldırılaraq, geniş ictimaiyyətin diqqətinə çatdırılmasının, Fransanın Korsikada insanlara qarşı repressiyalarına son qoyulmasının vacibliyini söyləyiblər.




