İnformasiya küyü anlayışı və ondan qorunmaq yolları

Cəmiyyət

Fərdin ruh sağlamlığı normal həyat fəaliyyəti üçün ən vacib şərtdir.
Sağlamlığın təminatı əsasən ətraf informasiya mühitindən asılıdır. İnformasiya çoxluğu həm məzmunu, həm də beyin informasiya bazasının əlavə yüklənməsinə gətirib çıxaran amil kimi onun qarşısında “aciz” qalan bir fərd üçün neqativ effektlərə səbəb ola bilər. İnformasiya yüklənməsi prosesi informasiya küyü fenomeni ilə birbaşa əlaqələndirilməlidir. Yüklənmə qavramamızdan artıq gələn axının qarşısında müqavimətsiz qalmaqla onu küy kimi qəbul edir. Bu küy izinsiz daxil olmaqla özünə münbit yer edərək yaddaşımızda bərqərar olur. İnformasiya küyü, fərdi məlumatların axtarışı və işlənməsinə mane, fərdin ehtiyaclarından kənarda olan həyati məlumatlar istisna olmaqla, hazırda konkret zaman axarında mövcud olan istənilən informasiyaya şamil edilir.

Aidiyyəti olmayan informasiyalar bir şəxs üçün sosial cəhətdən əhəmiyyətli ismarışlar əldə etməyi və informasiya sahəsindəki istiqamətlənməsini çətinləşdirir. Bəzi tədqiqatçılar informasiya küyünə relevantlığı (axtarış məqsədindən irəli gələn məlumatın daxil edilməsi və axtarış sisteminin verdiyi nəticənin uyğunluğu. Sorğunu axtarış sisteminə daxil edən istifadəçi, nəticələrin sorğuya uyğun olacağını gözləyir) daxil edirlər, ancaq bu cür yanaşma yalnız böyük həcmdə informasiya almaqla fərdin dərk etməsini və işləməsini çətinləşdirdikdə doğru sayıla bilər.

İnformasiya küyü məlumatın və onun mənbələrinin məqsədindən asılı olaraq bilməməzlikdən və bilərəkdən yaradılır. Kütləvi informasiya vasitələri informasiya küyünün ən fəal istehsalçılarından biri hesab olunur, bu onların çağdaş şəraitdə fəaliyyət göstərməsi xüsusiyyətləri, kommersiyalaşmağı ilə bir başa bağlıdır. Fəlsəfə üzrə elmlər doktoru A.Elyakov, keyfiyyəti azaldaraq, həcmi artırmaqla az vaxtda maksimum informasiya verməyə çalışdığına görə informasiya sahəsinin entropiyasına gətirib çıxaran medianı intellektual yüklənmə üçün proqramlaşdırılmış vasitə kimi təqdim edir. İnformasiya küyü fərddə psixo- emosional gərginlik yaratmaqla psixiki sağlamlığa mənfi təsir göstərir, qərar verməkdə, məlumatı qavramaqda çətinliklər yaradır, bununla da diqqət və qavramanı azaltmaq üçün süzgəcləri işə salaraq kənar informasiya axınının tamamilə rədd edilməsi yolu ilə orqanizmi müqavimət göstərməyə məcbur edir və “informasiya stressi” yaradır. Təəssüflə qeyd etməliyik ki, informasiya çoxluğu və rahat əldə olunması dönəmində  artıq lazımsız informasiyanın qəbulundan qorunmaq çox çətindir. Çağdaş texnologiyaların sürətli inkişafı və çoxçeşidli olması informasiya axınını daha da gücləndirməklə küyü çoxaldır. Çağdaş insan özü istəmədən informasiya küyünün təsiri ilə hərəkət edir, yaşayır və qərarlar qəbul edir. Bu küy fərdin düşünmək imkanlarını, müstəqil qərar vermək cəhdlərini məhdudlaşdıraraq öz əsarətində saxlayır. İnformasiya küyü yaratdığı mühit insanın mövcudluğuna neqativ təsir edən başlıca amil kimi dəyərləndirilməlidir. Bu təsirin zaman baxımından dəyişməsi, sürətlənməsi aydın şəkildə görünür. Statistikaya baxmağa ehtiyac yoxdur, informasiya mənbələrinin və sosial şəbəkələrin artan sürətlə insanı bürüməsi dediyimizə sübutdur. İnformasiya və kommunikasiya texnologiyalarının inkişafı ilə informasiya küyünün səbəb olduğu informasiya ilə yüklənmə görünməmiş miqyasda artır. İnformasiya mühitinin bu böyük axınına cavab olaraq, insan media istehlakı üçün, çətin də olsa uyğunlaşma strategiyaları hazırlamağa çalışır. D. Mironov “Müasir kommunikativ pattern və onun tədris prosesinə təsiri” məqaləsində bu fərziyəni irəli sürür: “İnformasiya inqilabının sürəti insan bioloji təkamül sürətinə uyğun gəlmədiyi üçün kompensasiya edən süzgəc sxemləri insanda fizioloji səviyyədə deyil, daha yüksək psixiki fəaliyyət səviyyəsində formalaşır, ən sürətli uyğunlaşmanı təmin edə bilir. “Mexanizm” in ən çevik hissəsi olan kommunikasiya subyektlərinin psixikası müasirləşir”

Media istehlakı üçün uyğunlaşma strategiyaları fərdin informasiya məqsədlərinə çatmaq üçün relevant və pertinent informasiya əldə etmək baxımından məhsuldar və qeyri-məhsuldar ola bilər. Qeyri-məhsuldar və ya zəif uyğunlaşma strategiyalarının qurbanlarının informasiya stressində davranışı “Gələcəyin şoku” əsərində E. Toffler tərəfindən geniş təsvir edilmişdir:

Dirənişçi strategiyası (the Denier’s strategy)- arzu olunmaz reallığı və yeni informasiya axınının qarşısını almaq üçün bir strategiyadır. E. Toffler hesab edir ki, bu strategiyanı tətbiq edən adam bir gün reallıqla üzləşməyə məcbur olacaq və bu qarşısı alınmaz böhrana səbəb olacaq;

Mütəxəssis strategiyası (the Specialist’s strategy) – bir sual istisna olmaqla, bütün digər informasiyaları ciddi şəkildə süzgəcdən keçirməkdir. E.Tofflerə görə bu strategiya çox vacib informasiyaların mütəxəssisin baxış sahəsindən kənarda qalması baxımında, səmərəsizdir;

Revizionist strategiyası (the Revisionist’s strategy)- artıq qəbuledilməz olan keçmiş uğurlu adaptasiya strategiyalarına dönüşü sırımaqdır.

Super sadələşdirənin strategiyası (the Super-Simplifier strategy) – bütün problemlər üçün bir həll yolu tapmaqdır;

Bu qeyri-məhsuldar strategiyalar psixi məlumat stressindən qurtarmaq məqsədi daşıyır, lakin relevant informasiyaların itkisinə səbəb olur.

Müasir informasiya mühitində biz iki qüvvənin qarşıdurmasını müşahidə edə bilərik: bir tərəfdən, müxtəlif adaptiv strategiyalardan istifadə edərək informasiya küyünün mənfi təsirini aradan qaldırmağa çalışan insanlıq, digər tərəfdən kommersiya və digər məqsədlər üçün informativ küy yaradan müxtəlif mənbələr. Kommunikasiya texnologiyası və internet şəbəkəsinin inkişafı ilə informasiya bazarı və biznesi meydana gəlib. İnformasiya bazarında informasiyanın tərkib hissəsindən tutmuş, auditoriyanın fəallığına (bəyənmələr, rəylər, repostlar) qədər hər şeyi satırlar. Bu işi yerinə yetirən internet-marketoloq, komyuniti meneceri, seo mütəxəssisi, SMM meneceri, kontent meneceri və s. kimi yeni peşələr yaranıb.

İnformasiya məkanında auditoriyanın diqqətin cəlb etmək üçün ciddi mübarizə aparılır. Neyrobioloq Deniel Levitin “Mütəşəkkil ağıl: informasiya yüklənməsi əsrində düşünmək” adlı kitabında diqqət orqanizmin əsas mental resursu kimi dəyərləndirir. Bu resurs insan qavraması imkanları ilə məhdudlaşır. İnsan diqqəti saxlamaqla, qavramaqla məhdudlaşır və adətən eyni vaxtda yalnız eyni informasiya mənbəyi ilə əlaqə qurur. İnformasiyanın qəbul edilməsi prosesinin əsasını duyğu orqanlarına təsir edərək insanın təcrübə əsasında alınan və əvvəllər əldə edilmiş biliklər vasitəsilə qəbul edilmiş təəssüratı anlamaqla ətrafda olan hadisələr haqqında məlumatı əldə etmək təşkil edir. Yəni informasiyanın qavranılması məhdud resurslara toxunaraq duyğu və beynin, onun işlənməsi qabiliyyətini ehtiva edən bir prosesdir. Müasirliyin digər bir xüsusiyyəti olan alıcıların diqqətinin informasiya bazarında satılan əmtəə yönəlməsi danılmaz gerçəklikdir. Auditoriyanın diqqətini cəlb etmək üçün yaranan yüksək rəqabət müxtəlif mənbələri çoxlu sayda informasiya küyü yaratmağa sövq edir və informasiyaya marağın, diqqətin, onların təqdimatının və yerləşdirilməsinin, məzmununun yaxşılaşdırılmasın yolları axtarılır.

V.P. Poludina “İnternetdə informasiya küyünün kommunikasiya istehlakı problemi kimi” adlı məqaləsində media mühitində mənbəyi mümkün olan informasiya küyünün tipologiyalarını təsnifləndirib. Bu təsnifata şəbəkə reklamı (media, kontekst, geokontekst, və productplacementdir s.); spam (şərhlərdə və ya başqa yollarla); axtarış sisteminin optimallaşdırma nəticələri və ya SEO (ağ, boz və qara optimizasiya); virus marketinqi; mətnin özü (məzmunu) ilə yanaşı naviqasiya keçidləri, çap versiyası, “yol nişanları” (saytın əsas səhifəsindən digər səhifəyə yol göstərən keçidlər), saytın digər hissələrinin reklam mətn blokları daxildir Bura relevant informasiyanı tapmaq və anlamaqda çətinliklər yaran müxtəlif İnternet resurslarının fərqli interfeysini də əlavə etmək olar

İnformasiya həcmini (artıq yüklənməyə səbəb olan çoxluq), məlumatın qəbulu sürətini (qəbul etmə və anlama sürətini aşması), strukturlaşdırılmayan informasiyaları (diqqətin səpələnməsinə və məntiqi əlaqəni qurmaq çətinliyi), polisemiyanı (imformasiya ötürülməsində onun təhrifə və səhvə (semantik küyə) yol açan təqdimatının çoxcəhətli olmasını fərdə informasiya küyünün neqativ təsir edən faktorlara aid etmək olar. Hər bir insanın müəyyən psixi resursları (adaptasiya olunmuş) var və onların nəzərdə tutulduğundan çox istismarı ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. İnformasiya istehlakı baxımından bu məqsəd üçün lazım olan komponentlərə diqqət, qısa müddətli yaddaşın miqdarı, qavrama sürəti, məlumatların işlənməsi (anlama), emosional proseslər aid edilir. İnformasiya küyünün təsirinin mənfi nəticələri təkcə ruhi sağlamlıq pozuntularına deyil, insanların məlumatı, media istehlakı vərdişləri və nəticədə müasir insanın düşüncəsinin dəyişdirilməsi kimi qlobal dəyişikliklərin baş verməsinə gətirib çıxarır.

Müasirliyin xarakterik xüsusiyyəti kimi insanın qısa, parlaq təsvirlər və kontekstdən çıxarılmış mesajlar vasitəsilə qavrama yolu – “klipvari” düşüncəni qeyd etmək lazımdır. İnformasiyanın səthi qavranılması beynin həddindən çox informasiya ilə yüklənməsindən yaranır. Gənc nəsildə informasiya küyünün təsiri ilə informasiyanın həddindən artıq yüklənməsinin formalaşması və “klip düşüncəsinin” yaranmasına səbəb olması, elmin gələcək inkişafına təhlükə törədir çünki, bu qavrama üsulu refleksin qoşulmasını, informasiyanı dərk etməyi tələb etmir,  informasiyanı hissələrə bölür, kontekstdən kənara çıxarır, təhlil etməyi, obyektlər arasında məntiqi ardıcıllığı qurmaq bacarığını heçə endirir.

İnformasiya mədəniyyətinin aşağı olması səbəbindən böyük məlumat axınlarına müqavimət göstərə bilməyərək, ixtiyarsız istənilən informasiyanı udan media auditoriya da mövcuddur. “Fon” üçün televiziya və ya radio birləşdirmək vərdişini passiv informasiya udulmasına bariz nümunə kimi göstərə bilərik. Bu da müxtəlif maraqlı mənbələrə auditoriyanı daha asan manipulyasiya etmək imkanı yaradır. İnformasiya küyünə böyük fərqli fərdi reaksiyalar da mövcuddur. Bu reaksiyalar bir şəxsin informasiya ehtiyaclarından, media təcrübəsi səviyyəsindən, media savadlılığı, eləcə də onun fizioloji imkanları və psixiki qabiliyyətlərindən asılıdır. Fərdin informasiya yüklənməsinə qarşı həssaslığı müxtəlif insanlar üçün fərqlidir və həssaslıq səviyyəsi hər bir fərdə müxtəlif zamanlarda təsir edən digər amillərlə dəyişə bilir. Bu, əsasən, informasiya ilə işləmək bacarığı ilə bağlıdır və təhsil, mədəni və intellektual inkişaf səviyyəsi, medianın mühitlə işləmək təcrübəsi burada əsas rolu oynayır. İnformasiya küyü insanın fəaliyyət növünə görə informasiya mühitinə cəlb edilməsi də neqativ təsir göstərir. Digər bir amil fəaliyyət növünə və məsuliyyət ölçüsünə görə dəqiq informasiya əsaslanan qərarların qəbul edilməsinin vacibliyi və informasiya mühitində bu informasiyaların axtarışının zəruriliyidir. İnformasiya küyünün səbəb olduğu zəka yüklənməsi müəyyən bir vaxtda media mühiti ilə əlaqələrin məqsədlərdən də asılıdır. İnformasiya küyünün təsirinə qarşı müqavimətin inkişafı problemi əlavə diqqət və tədqiqat tələb edir. Aydın məsələdir ki, məsələnin çözüm xarakteri elmlərin qovuşuğundadır və bu iş media psixologiya, tibb, informasiya nəzəriyyəsi, fiziologiya, media ekologiya, jurnalistika nəzəriyyəsi, media təhsili, psixiatriyanın kommunikasiya nəzəriyyəsi, sosial və iş gigiyena sağlamlığı sahələrinin mütəxəssislərinin diqqətini tələb edir.

Müasir şəraitdə fərdin təhlil etmək qabiliyyəti, prioritetləri müəyyənləşdirmə, tənqidi düşünmə, lazımi informasiyanı tapmaq və onu süzgəcdən keçirmək, sistemləşdirmək, müəyyən struktura salmaq, öz informasiya mühitni yaratmaq küyə qarşı mübarizədə son dərəcə mühüm vəzifəsinə çevrilməlidir. İnformasiya küyünün KİV auditoriyasına mənfi təsirini qarşısını almaq üçün son dərəcə yüksək informasiya mədəniyyətinin, rasional və təhlükəsiz media istehlakının formalaşması yolu ilə media savadlılığını artlrmaq tələb olunur.

Elçin Əlibəyli

Sənətşünaslıq üzrə fəlsəfə doktoru.
Turanxeber.az

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir