Maarifçilik cərəyanının tarixi göstərdi ki, onun işi faydasızdır. Avropa ondan sonra iki böyük müharibəyə, yalnız yüz il sonra insan haqqlarına dəyər verdi.
İnsan haqları məsələsi də sosializmin qorxusundan yarandı. XX əsr nasizm, faşizm kimi qeyri-insani quruluşlar maarifçiliyin faydasız olduğunu göstərdi. Avropanı, Amerikanı xilas edən “beyin saqqızı” -pop mədəniyyət oldu. Yəni, kütlə və cahil adamın maariflənməsini gözləmək alınmadı, onun qabağına yem-biliklər yox, saqqız-şou, kino, tv, konsert, performans, heppininq, əyləncəsini qoy, özünü xoşbəxt hiss etsin. Sadəcə bu pop yolu ilə onun ictimai fəallığını azaltmaq, kütləvi qorxu içində saxlamaq və manipulyasiya üçün münbit şərait yaratmaq lazım idi, bunu da bacardılar. Yaponiya kimi təhsilli və inkişaf etmiş bir ölkədə porno verilişlər tv-lərdən verilirsə, bu dediyimizin sübutudur. Yəni, maariflənmə ilə düz yola gəlməyəcək kütlənin başını qatmaq, gücünü ayrı səmtə yönəltmək doğru yol kimi seçildi və effekt verdi. Maariflənmə isə yalnız bir təbəqəyə xasdır ki, o da bütün cəmiyyətlərdə həmişə azlıqda qalır. Biz sadəcə orada səhv edirik ki, kütləni kitab yolu ilə düzəltmək istəyirik. Oxumaqdan qorxan kütləyə üstəlik ağır ədəbiyyat vermək onu qorxutmaq deməkdir. Həmçinin, cahil bir kəsi maarifləndirmə cəhdi yersizdir, mübahisəyə belə dəyməz, onun İQ və EQ səviyyəsində olan bir söhbəti etməkdən belə, uzaqlaşmaq lazımdır. Əks halda bu özü, pis yoluxucu xəstəlik kimi keçər. Cahili kamilləşdirmək mümkünsüzdür, sadəcə özünüzlə bir “saqqız” gəzdirin və onlarla sözünüz düşəndə verin, çeynəsinlər. Məsələn, lətifə. Bizim kütlə özünə oxşarların düşdüyü axmaq vəziyyətlərin kiçik hekayətlərini həmişə böyük həzlə qəbul edir. Televiziyalarımız da lətifələrdən ibarət bir mozaikadır.
Turanxeber.az
