Bu gün birlik komandirinin müavini, Azərbaycanın Milli Qəhrəmanı, polkovnik Şükür Nəriman oğlu Həmidovun şəhidlik zivrəsinə ucalmasının növbəti ildönümüdür.
1975-ci ildə Qubadlı rayonunun Armudlu kəndində anadan olan Şükür Həmidov 2020-ci ilin oktyabrın 22-də elə doğma Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. O İkinci Şəhidlər xiyabanında dəfn edilib.
1993-cü il avqustun 31-də Qubadlı rayonunun ermənilər tərəfindən işğal edilməsindən sonra Həmidovlar ailəsi Sumqayıt şəhərinə köçüb.
Şükür Həmidov orta məktəbi bitirdikdən sonra Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. Sonra Bakı Ali Birləşmiş Komandanlıq Məktəbini (indiki Heydər Əliyev adına Hərbi İnstitutu) bitirən Ş.Həmidov 1995-ci ildə Müdafiə Nazirinin əmrinə əsasən, xidmətini davam etdirmək üçün Naxçıvan Muxtar Respublikasının ərazisində yerləşən hərbi hissələrdən birinə göndərilib və orada müxtəlif vəzifələrdə xidmət edib.
Polkovnik Ş.Həmidov Azərbaycan Ordusunda xidməti dövründə taqım komandirindən birlik komandirinin müavini vəzifəsinədək yüksəlib.
2016-cl ilin Aprel döyüşlərinin iştirakçısı olan polkovnik Ş.Həmidov Lələtəpə yüksəkliyinin azad olunması zamanı fərqləndiyinə görə, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin Sərəncamına əsasən Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülüb. 2016-cı il mayın 10-da isə müdafiə nazirinin əmrinə əsasən, ona vaxtından əvvəl polkovnik hərbi rütbəsi verilib.
Ş.Həmidov 2020-ci ilin sentyabrın 27-də başlanan Vətən müharibəsində Cəbrayıl, Füzuli və Qubadlı istiqamətində gedən döyüşlərin iştirakçısı olub.
Torpaqlarımızın azad edilməsi naminə gedən döyüşlərdə göstərdiyi şücaətə görə Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə Azərbaycanın Milli Qəhrəmanı, polkovnik Şükür Nəriman oğlu Həmidov şəhadətindən sonra “Zəfər” ordeni, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.
SÖZARDI: İlk dəfə təqdim edilən eksklüziv fotolarda Şükür Həmidovun Vətən müharibəsində iştirakı ilə bağlı maraqlı anlar əks olunub. Fotolarda həmçinin onunla birlikdə Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və hazırda birlik komandiri vəzifəsində xidmət edən general-mayor Mayis Bərxudarov da vardır. Allah Vətən uğrunda canlarından keçən bütün şəhdlərimizə rəhmət eləsin.
Qarabağ Azərbaycandır!

Turanxeber.az