Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev:
“Hər gün sosial şəbəkələrdən və televiziya kanallarından xəstələri üçün kömək istəyən şəxslərə ithaf
Hər gün sosial şəbəkələrdə xəstə yaxınlarının paylaşdığı şəkilləri, videoları izləyirik. Həyatda qalmaq üçün yardım istəyirlər. Onu da bilirik ki, bu məsələ lotereya kimidir, çoxunda alınmır. Toplanan pullar, bəzən fırıldaqçıların da əlinə keçir.
Yüzlərlə vətəndaş müraciət edir ki, onları televiziyalarda gedən verilişlərə çıxaraq. Televiziyalarda yayımlanan populyar verilişlərə çıxmaq da tanışlıqladır.
Təklif edirəm ki, ASAN xidmətin, digər bir dövlət qurumunun, yaxud bir ictimai təşkilatın nəzdində elektron ödəmə tətbiqi və internet resursu yaradılsın. Belə təcrübəmiz də var. Məsələn, “Yaşat” fondu.
Biz 40 milyona yaxın millətik. Xalqımız da yardımsevərdir. Kömək etmək istəyən çoxdur, lakin “amma”sı var. Insanlar bilmək istəyir ki, verdikləri vəsait doğurdan da, konkret xəstəyə xərclənir. Insanlar bilmək istəyir ki, sistem şəffafdır. Insanlar istəyir ki, asan yollarla, oturduğu yerdə, əlində və evində olan mümkün vasitələrlə pul köçürsün və nəticəsini izləyə bilsin.
Buna görə də vahid ödəniş sistemi olan və vahid mərkəzdən idarə olunan internet ödəniş sisteminin və tətbqinin yaradılmasını təklif edirəm. Bu tətbiq elə hazırlansın ki, hər bir vətəndaş əlində və evində olan vasitələrlə asan şəkildə pul köçürə bilsin. Hər kəs bir manat köçürsə, on milyonlarla vəsait toplanar və yüzlərlə təkrarlanan mürəciətləri həll edə bilərik.
Biz bu tətbiqlə insanlarda bir manat köçürmək mədəniyyəti və o bir manatın insan həyatını xilas etməsi inamını yarada bilərik. Telefon konturundan, telefon nömrəsində olan pul vəsaitindən istifadə etməklə hər bir kəsin əlçatanlığını təmin etmək olar. Inanıram ki, tez bir zamanda bu xidməti yarada bilsək, ölkədə minlərlə xəstəni xaricdə müalicəyə göndərə bilərik. Həm də dövlətin üzərində olan yükü də azaltmış olarıq.”
Turanxeber.az Güllər Amin.