Nəhayət, gözlənilən xəbər gəldi – Böyük Britaniyanda Mühafizəkarlar Partiyasının lideri vəzifəsinə və təbii ki, yeni Baş naziri postuna Liz Truss (Meri Elizabet Truss) seçildi. Krallığın sonuncu xarici işlər naziri olan xanım Truss siyasətdə sərt davranışı, xüsusilə də Ukraynanı işğal etmək üçün müharibə aparan Rusiyaya qarşı çox sərt mövqeyi ilə seçilir.
Liz Truss kimdir, onun həyat axarına nəzər salaq:
Liz Truss 26 iyul 1975-ci ildə İngiltərənin Oksford şəhərində Con Kennet və Priskilla Meri Truss (əvvəlki soyadı Qrasbi) ailəsində doğulub – 47 yaşı var. Kiçik yaşlarından o, ikinci adı ilə tanınır. Atası Lids Universitetində riyaziyyat üzrə fəxri professordur, anası Bolton Məktəbində müəllimə olub.
Liz 4 yaşında olarkən ailəsi Şotlandiyanın Renfrevşir əyalətinin Peysli şəhərinə köçür və 1979-cu ildən 1985-ci ilədək orada yaşayırlar. Truss ilk təhsilini Qərb İbtidai Məktəbində alıb və sonradan dərslərinə Roundhay məktəbində davam edir. Daha sonra Oksforddakı Merton Kollecində Fəlsəfə, Siyasət və İqtisadiyyat üzrə təhsil alır.
Truss gənclik illərində Liberal Demokratlarla birlikdə olub. O hətta, Oksford Universitetində təhsil alarkən Liberal Demokrat Gənclər və Tələbələrin (LDYS) milli icraiyyə komitəsinin üzvü idi. Liberal Demokrat olaraq çalışdığı müddətdə Truss sirrin leqallaşdırılmasını və monarxiyanın ləğvini dəstəkləyib və 1994-cü ildə Cinayət Ədaləti və İctimai Asayiş Aktına qarşı kampaniya aparıb.
Truss 1996-cı ildə Mühafizəkarlar Partiyasına qoşulub.
Əmək fəaliyyətinə gəldikdə, Truss 1996-2000-ci illərdə Shell-də çalışıb və paralel olaraq Chartered Management Accountant (ACMA) ixtisasına yiyələnib. 2000-ci ildə Truss Cable & Wireless şirkətində işə götürülüb və 2005-ci ildə işdən ayrılmadan əvvəl iqtisadi direktor vəzifəsinədək yüksəlib.
Siyasi fəaliyyətində çox uğurli olan xanım Truss 1998-2000-ci illərdə Levisham Deptford Mühafizəkarlar Assosiasiyasının sədri vəzifəsində çalışıb. O, 4 may 2006-cı ildə Qrinviç London Borough Şurası seçkilərində müşavir seçilib.
2001-ci il ümumi seçkilərində Truss, Əmək Partiyası üçün təhlükəsiz yer olan Qərbi Yorkşirdəki Hemsvorf seçki dairəsindən iştirak edib və prosesi ikinci yerdə başa vuraraq cəmi 4 faiz fərqlə Mühafizəkarların namizədinə uduzub.
Sonradan Mühafizəkarların lideri Devid Kameronun rəhbərliyi altında Truss partiyanın “A Siyahısı”na daxil edilən Truss 2009-cu ilin oktyabrında Cənub-Qərbi Norfolkda seçkilərə qatılıb və digər beş namizədə qarşı finalın ilk turunda səslərin səslərin 50 faizdən çoxunu alaraq qələbə çalır. Amma seçilındən az sonra, dairə assosiasiyasının bəzi üzvləri Trussun evli Mühafizəkar deputat Mark Fayeldlə əvvəlki münasibətini bildirmədiyi üçün onun mandat almasına etiraz edirlər, amma istədiklərinə nail olmurlar.Truss 2010-cu il may ayının 6-da parlamentdə işə başlayır.
O, 4 sentyabr 2012-ci ildə Truss Təhsil Departamentində Parlament Dövlət Katibinin müavini vəzifəsinə təyin edilir. 15 iyul 2014-cü ildə kabinet dəyişikliyində Truss Odven Patersonu əvəz edərək, Ətraf Mühit, Ərzaq və Kənd Məsələləri üzrə Dövlət Katibi postunu tutur. 14 iyul 2016-cı ildə isə o, Tereza Meyin kabinetində Ədliyyə üzrə Dövlət Katibi və Lord Kansler vəzifəsinə təyin edilir. Bununla da Truss hər iki vəzifəni tutan ilk qadın və ofisin min illik tarixində ilk qadın lord kansler olub. Bir ildən sonra – 11 iyun 2017-ci ildə keçirilmiş ümumi seçkilərdən sonra Truss Xəzinədarlığın Baş Katibi vəzifəsinə keçirilib.
Liz Truss 2019-cu ilin mayında Mühafizəkarlar Partiyasının liderliyinə namizəd ola biləcəyini bəyan etsə də, sonda Boris Consonu dəstəkləyib.
Boris Conson Baş nazir olduqdan sonra Truss Beynəlxalq Ticarət üzrə Dövlət Katibi və Ticarət Şurasının sədri vəzifələrinə yüksəldilir. Amma Ember Raddın istefasından sonra Truss əlavə olaraq Qadınlar və Bərabərlik naziri də təyin edilir.
15 sentyabr 2021-ci ildə kabinet dəyişikliyi zamanı Conson Trussu Beynəlxalq Ticarət Katibliyindən Xarici, Birlik və İnkişaf Məsələləri üzrə Dövlət Katibliyinə yüksəldir və bununla da o, Marqaret Bekketdən sonra bu vəzifəni tutan ikinci qadın olur.
Truss Lord Frostun istefasından sonra – 2021-ci ilin dekabrında Britaniya Hökumətinin Aİ ilə baş müzakirəçisi təyin edilir. Xanım Trussun Baş nazir seçilincə Kabinetdə tutduğu son vəzifə isə Xarici işlər naziri postu olub. O, bu posta 2021-ci il sentyabrın 21-də seçilmişdi.
10 iyul 2022-ci ildə Truss Boris Consonu əvəz etmək üçün Mühafizəkarlar Partiyasının liderliyi seçkilərində iştirak etmək niyyətində olduğunu açıqlayır və budur, 5 sentyabr 2022-ci ildə Mühafizəkarların liderlik yarışında rəqibi Ruşi Sunakı məğlub edir. Onun sabah Kraliça tərəfindən Baş nazir vəzifəsinə təsdiq ediləcəyi gözlənilir.
İqtisadi liberal baxışları və azad ticarəti dəstəkləməsi ilə tanınan Truss Səudiyyə Ərəbistanını “müttəfiq” adlandırır, lakin münasibətlərdə məsafə saxlamağın lazım olduğunu qeyd edir. O, həmçinin Britaniyanın İsraildəki səfirliyini Təl-Əvivdən Qüdsə köçürülməsini nəzərdən keçirəcəyini də qeyd edir. Xanım Trussun Rusiya ilə yanaşı Çinə sərt mövqe nümayiş etdirməsinə baxmayaraq, Baş nazir seçildiyi təqdirdə Tayvana getməyəcəyini də bildirib.
Liz Truss Böyük Britaniya və Türkiyənin “Avropanın əsas NATO müttəfiqləri” olduğunu bildirib və “enerji, müdafiə və təhlükəsizlik” mövzusunda Böyük Britaniya-Türkiyə əməkdaşlığının dərinləşdirilməsinə çağırıb.
Liz Truss 2000-ci ildə mühasib yoldaşı Hugh Oleari ilə ailə qurub. Hazırda cütlüyün iki qızı var. Xanım Truss Xristian inancının və İngiltərə Kilsəsinin dəyərlərini bölüşdüyünü, amma dindar olmadığını qeyd edib…
Turanxeber.az