Tarixboyu Qarabağ Azərbaycanın qədim dövlətçilik tarixində elminin, mədəniyyətinin mərkəzi kimi tanınıb. Bu qədim yurd yerimiz həm də gözəlliklər məskəni, belə demək mümkünsə, dünyanın ən cənnət məkanlarından biridir. Ona görə də Qarabağımızın başı daim bəlalar çəkib, düşmənlərin diqqətini daim özünə cəlb edib.
Bu gün erməni işğalçıları ilə gedən mübarizə də bu qəddar və cəllad erməni separatçılarından qədim yurd yerlərimizi azad etmək naminə aparılır. Bu günkü Qarabağın yaxın tarixində özündən sonra şərəfli bir iz buraxan məşhur dövlət xadimlərimizdən və siyasətçilərmizdən biri də Pənahəli xandır. XVIII əsrdə Azərbaycanda xanlıqların yaranması prosesi getdi və onlardan birə və ən qüdrətlisi də 1748-ci ildə Qarabağ xanlığının əsasını qoyan Pənahəli xan idi.
Məşhur Azərbaycan tarixçisi Mirzə Camal yazır ki, Pənahəli xanın əsl-nəsəbi Dizaqın Cavanşir elindəndir. Bu el qədim zamanlarda Türküstandan gəlmiş Bəhmanlı elinin bir qolu olan Sarıcalı oymağındandır. Mirzə Adıgözəl bəyin adlarını çəkdiyi Cavanşir, Kəbirli, Otuziki, Kolanı, Bəhmənli və başqa Azərbaycan türk tayfaları Qarabağ vilayətinin köklü elatları idilər. Otuziki tayfası Səfəvi dövründə ölkə müəyyən vergi immunitetinə malik ərazi vahidi təşkil edirdi, Cavanşir tayfasını başçısı isə bu tayfa birləşməsinin irsi hakimi idi. Cavanşirlərin yaşadığı oymaqlardan biri də Dizaq mahalında yerləşən Sarıcalı oymağı idi. Həmin dövrdə Azərbaycanın həm cənubunu, həm də şimalını öz təsir dairəsində saxlayan Nadir şah Əfşar Qarabağ ellərinin bir çox qoçaq və cəsur cavanlarını öz ətrafına yığmışdı. Onların arasında Sarıcalı elindən olan Fəzləli və Pənahəli adlı iki qardaş da vardı. Günlərin birində qəzəbi tutan Nadir şah qardaşlardan böyüyünü – Fəzləlini öldürtdürür. Belə bir aqibətin onun başına da gələ biləcəyindən ehtiyatlanan kiçik qardaş – Pənahəli şahın sarayından qaçıb Qarabağa gəlir. Nadir şah onun arxasınca nə qədər atlı dəstələr salsa da, Pənahəlini tuta bilmir. Həmin müddətdə Pənahəli Qarabağ və Şəki meşələrində gizlənir. Bu hadisənin üstündən çox keçməmiş Nadir şah öldürülür. Bu, 1747-ci ildə baş verir. Şahın ölümündən sonra üzə çıxan Pənahəli bir il sonra, 1748-ci ildə Qarabağ xanlığının bünövrəsini qoyur… O, xanlığı, var-dövlətini və özünü qorumaq üçün ilk olaraq müdafiə tədbirləri görür və Kəbirli mahalında Bayat qalasını tikdirir. Özünə yaxın və sədaqətli adamları ətrafına toplayır. Güclü qoşun yığır. Ona itaət etməyənləri müxtəlif
yollarla və vasitələrlə özünə tabe etdirir. Camaatın xeyrinə bir çox işlər görüb hamının hörmətini qazanır. Üç il sonra – 1751-ci ildə strateji cəhətdən daha etibarlı yer hesab elədiyi Tərnəgütdə Şahbulağı qalasını tikdirir və tədricən xanlığın ərazisini əlavə torpaqlar hesabına genişləndirir. Xanlığın möhkəmlənməsi və yüksəlişi Şuşa qalası ilə bağlıdır. Əlçatmaz bir yerdə, sıldırım qayaların arasında böyük şəhər salan və ətrafına möhkəm qala çəkdirən xan öz planlarını daha arxayın şəkildə həyata keçirir. Xanın şərəfinə Pənahabad adlandırılan bu şəhər Qarabağ xanlığının və ümumən Azərbaycanın tarixində mühüm rol oynamağa başlayır. Ətraf kəndlərin əhalisi yeni paytaxta köçürülür. Xan sarayı, iqamətgahlar, məscidlər, evlər, hamamlar tikilir. Qonşu xanlıqların torpaqları hesabına Qarabağ xanlığının ərazisini bir qədər də genişləndirən Pənahəli xanın nüfuzu get-gedə artır. Gəncə, İrəvan, Təbriz və Qaradağ xanları onunla ittifaq bağlamaq, dostluq etmək üçün yollar axtarırlar. Çox keçmədən Qarabağ xanlığının “Pənahabadi” adlanan pulu buraxılır. Bu pul Azərbaycanın bütün xanlıqlarında və İranda digər pullarla yanaşı işləyir. Pənahabad tədricən ticarət və mədəniyyət mərkəzinə çevrilir. Qarabağ xanının ilk ən böyük döyüşü Şəki xanı Hacı Çələbi ilə olub. Bölgədə əsas rol oynamağa can atan Hacı Çələbi Pənahəli xanın güclənməsindən narahat olaraq, Şamaxı xanı ilə birləşib hələ möhkəmlənməmiş Bayat qalasını mühasirəyə alır. Qalanı bir ay mühasirədə saxlasalar da, onu ələ keçirə bilmirlər. Tarixçilərin yazdığına görə, Hacı Çələbi geri dönərkən belə deyir: “Pənah xan adi bir xan idi. Biz gəlib onunla döyüşə girdik və heç nəyə nail ola bilmədik. İndi biz onu şah edib qayıdırıq”. Həmin vaxtlar İranda və Güney Azərbaycanda Məhəmməd Həsən xan Qacar hakimiyyətə gəlir. O, İranın bir çox ərazilərinə nəzarəti ələ keçirir. Daha sonra öz qoşunlarını Qarabağ üzərinə yeridir. Şuşa yaxınlığında düşərgə salıb qala üzərinə hücuma hazırlaşır. Pənahəli xanın atlı dəstələri gecələr düşmən düşərgəsinə hücumlar edib onu zəiflətməyə çalışırlar. Bu arada İranda Məhəmməd Həsən xana qarşı üsyan qalxdığından o, Qarabağdan geri çəkilir. İşi belə görən Pənahəli xan hücuma keçib Ərdəbil əyalətini tutur. Məhəmməd Həsən xanı devirərək İranda hakimiyyəti ələ alan Fətəli xan Əfşar çox keçmədən 30 min nəfərlik qoşunla Şuşa üzərinə yeriyir. Tərəflər arasında xeyli müddət qızğın döyüşlər gedir. Məqsədinə çata bilməyən Fətəli xan hiylə işlədərək Pənahəli xanın böyük oğlu İbrahimxəlili əsir götürür və Urmiya tərəfə çəkilir. Oğlunu xilas etmək üçün yollar axtaran Pənahəli xan bir müddət sonra Fətəli xanın düşmənlərindən olan Kərim xan Zəndlə birləşir. Onların birləşmiş orduları Urmiya yaxınlığında Fətəli xanın qoşunlarını darmadağın edir. Bu dəfə isə Kərim xan Zənd hiylə işlədir. İbrahimxəlili Qarabağa göndərib Pənahəli xanı qonaq adı ilə Şirazda, öz yanında saxlayır. Pənah xan uzun sürən qəribliyə dözməyib 1758-ci ildə dünyasını dəyişir. Kərim xan onun cəsədini böyük hörmət-izzətlə Qarabağa göndərir. Pənahəli xan Ağdam yaxınlığındakı qəbiristanlıqda dəfn olunur. Pənahəli xanın ölümündən sonra Qarabağda hakimiyyət onun böyük oğlu İbrahimxəlilə keçir. Pənahəli xan vəfat etsə də özündən sonra tariximizdə böyük bir iz buraxır. Bu gün hələlik həsrətində olduğumuz Şuşa şəhəri Pənahəli xanın Azərbaycan xalqına qoyduğu əvəz edilməz
miras Azərbaycanımızın başındakı tacdır. Hazırda ordumuz tərəfindən Qarabağda aparılan uğurlu əməliyyatlar yaxın zamanlarda bu qədim yurd yerimizin azad ediləcəyinə böyük ümidlər yaradıb. Əminik ki, tezliklə Şuşamızda Azərbaycan bayrağı dalğalanacaq və o zaman bu qələbəyə sevinənlər arasında Pənahəli xanın da ruhu olacaq.
Turanxeber.az Güllər Amin.