Səma üçün doğulan Şərq Qadını

Cəmiyyət


Hər bir xalqın tarixində silinməz iz qoymuş görkəmli qadınları vardır. Əsrlər, qərinələr keçir, lakin bu qadınların xidmətləri nəinki unudulmur, hətta gələcək nəsillər üçün örnək olur.

Azərbaycan xalqının da tarixində görkəmli qadın şəxsiyyətlər az olmamışdır. Onlardan biridə Azərbaycanın və hətta bütün Şərq dünyasının ilk qadın təyyarəçisi Leyla Məmmədbəyova idi. O, səmanı, göydə səyahət edən buludları və ən əsas da təyyarələri çox sevirdi.
Leyla Məmmədbəyova 17 sentyabr 1909-cu ildə Bakıda anadan olub. Əslən Qubadan olan Leyla Məmmədbəyova ilk təhsilini Bakıda alıb. 1918-ci ildə ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri mart soyqırımı ərəfəsində ailəsi ilə birlikdə Həştərxanda məskunlaşıblar. Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra Bakıya köçüblər. 1930-cu ildən başlayan Leyla Məmmədbəyova sənət təhsilini Bakı aeroklubunda alır.

Leyla Məmmədbəyovanın  öz xatirələri.
 Ancaq keçmiş günləri xatırlayarkən heç də qəm-qüssəyə batmaq istəmirəm. Yanımdakılar mənim gələcəyimdir: mən altı uşaq böyütmüşəm, indi isə mənim yeddi nəvəm, üç nəticəm var (söhbət 1984-cü ildə olub. Nəsildə artım bu gün də davam edir).
Mən çox erkən ərə getmişəm. O vaxtı mənim cəmi 14 yaşım, ərim Bəhram Məmmədbəyovun isə 19 yaşı vardı. O, fəhlə idi, amma təhsil alırdı. Biz evlənən kimi mənə dedi: “Sən həm oxumalısan, həm də işləməlisən!” O vaxtlar, yəni iyirminci illərdə şərq ailəsində belə söhbətlərə nadir hallarda rast gəlmək olardı. Lakin Bəhram öz sözünün üstündə durdu. Sonralar özü müxtəlif vəzifələrdə çalışdı, böyük hörmət sahibi oldu. Mən isə o vaxt çadralı gənc qadın Əbilov adına kluba getdim. Burada təhsil almağa başladım, özümə yaxşı rəfiqələr tapdım.
Mən artıq dünyasını dəyişmiş ərimi həmişə böyük minnətdarlıqla xatırlayıram. Çünki o, məni savadlı, qabaqcıl adamların sırasında görmək istəyirdi. 1928-ci ildə mən klubda çadramı çıxartdım. O vaxt mənim 19 yaşım var idi. Sonra öyrəndim ki, Osoaviaxim təyyarəçilər məktəbinə qəbul keçirir. Ərim o vaxtlar Dəvəçidə işləyirdi. Yazırdı ki, mən işləməyə gedim. Mən də qərar qəbul etdim. Həmin məktəbə 22 nəfər qəbul etdilər. Onların arasında bircə qadın – o da mən idim. Bizə hərbi kişi forması verdilər. Artıq mən oğlana oxşayırdım. Yalnız hörüklərim dizdən aşağı yellənirdi. Ərimə özümü göstərmək üçün yanına getdim. Bəhram qapını açdı və məni tanımadı. Sonra gülüb dedi: “Afərin sənə, uç!”

Öz dövrünün canlı əfsanəsi idi Leyla Məmmədbəyova
30-cu ilin əvvəlində Moskvada nəşr olunan “SSSR na stroyke”, yəni “SSRİ tikintidə” adlı jurnalda Leyla adlı gənc qızın fotosu dərc edilmiş və fotonun altında bu sözlər yazılmışdı: “Şərqdə ilk qadın-təyyarəçi” Leyla həmin dövrün canlı əfsanəsi idi. Hələ çadradan başlarını çıxarmağa cəsarət etməyən qadınlar ona baxmağa gəlirdilər. Leyla fabrik və zavod sexlərində gənc qadın işçilərin qarşısında çıxış edirdi.
1931-ci ilin fevral ayında ilk “U-1” təyyarəsində təcrübəli təlimatçı ilə birgə ilk dəfə havaya qalxır.
1932-ci ildən təhsilini  Moskvada davam etdirən Məmmədbəyova 1933-cü il, martın 17-də Moskvanın Tuşino aerodromunda U-2 təyyarəsindən”TP-1” paraşütlə atlanaraq Sovet İttifaqının ikinci qadın paraşütçüsü olmuşdur (Nina Kamnevadan sonra). 1934-cü ildə Cənubi Qafqaz respublikaları arasında keçirilən paraşütçülər yarışında birinci yeri tutmuş və 1941-ci ilədək artıq aviasiya mayoru olmuşdu. Sonralar sənətini Bakı aeroklubunda müəllim kimi davam etdirmişdir. Aeroklubun bağlanmasına görə o, desantçı və paraşütçü kurslarını tədris etməyə icazə almışdı. O, müharibə illəri ərzində yüzlərlə desantçı və 4 min paraşütçü hazırlayıb cəbhəyə yollamışdı. Onların arasında iki nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. Böyük Vətən müharibəsi zamanı Leyla Məmmədbəyova cəbhəyə göndəriləcəyini gözləsə də bu baş vermir. Leyla xanımı cəbhəyə yollamırlar, çünki həmin vaxt onun dörd uşağı vardı. . Bakı aeroklubu bağlanır. Aviasiya mayoru Leyla xanım Mir Cəfər Bağırovun qəbuluna düşür və bekar qaldığını söyləyir. Beləliklə də, Leyla xanım planer-paraşüt klubunun açılmasına çətinliklə də olsa müvəffəq olur.
Məmmədbəyova təyyarəçi karyerasını 1949-cu ildə son uçuş ilə başa çatdırmış, sonralar OADKYC-nin Bakı filialında sədr müavini kimi çalışmışdır. 1961-ci ildə təqaüdə çıxmışdır.

Leyla  Məmmədbəyovaya həsir olunmuş filimlər.
Kinorejissor və kinoaktyor Mikayıl Mikayılov qadınlarla bağlı  hadisələri “İsmət” filminin süjet xətti kimi götürür və bu kino əsəri Şərqin ilk qadın təyyarəçisi Leyla Məmmədbəyovaya həsr edilir. Rejissor filmin yaranması ilə bağlı xatirələrindən: “Mən İçəri Şəhərdə yaşayırdım. Bu qala divarları arasında hüquqsuz qadınların min bir müsibətini görmüşdüm. Yaxşı yadımdadır. Bir gün qonşumuzda bir qadın neft töküb özünü yandırmışdı. Bu hadisəni mən öz gözlərimlə görmüşdüm. Və o vaxtdan sonra uzun müddət həmin qadının faciəsini unuda bilmirdim. Qadınlarımızın taleyi həqiqətən də acınacaqlı idi. Hətta bir gün rus şairi Sergey Yeseninlə İçəri Şəhərin küçələrində gəzərkən dediyi bu sözlər indi də qulaqlarımda səslənir: “Doğrudanmı, sizin qadınlar küçələrə çıxmır, üzü açıq gəzmirlər? Bu ki, faciədir…” . Təxminən həmin dövrdə mən qəzetdə Azərbaycanın ilk təyyarəçi qadını Leyla Məmmədbəyova haqqında bir məqalə oxudum. Bundan sonra Leyla haqqında bir sənədli film də çəkdim. “İsmət” filminin ssenarisi üzərində işləməyə başladım. Və bu mövzuların hər üçünü birləşdirdim. “İsmət” filmi hazır olduqdan sonra Moskvada onu məşhur kinorejissor S.Eyzenşteynə göstərdim. Çox bəyəndi”.
Filmdə belə bir epizod var: “İsmət iş yoldaşları ilə Leyla Məmmədbəyovanın uçuşlarına baxmaq üçün aerodroma gəlir. Ona təyyarəyə minməyi təklif edirlər. İsmət təyyarəyə əyləşib səmaya qalxarkən külək onun çadrasını başından atır. Rejissor öz xatirələrində bildirir ki, Azərbaycan qadınını azad və birinci  görmək onun arzusu idi.
Birincilik, əlbəttə ki, şöhrəti də gətirdi. Adlarını tarixə yazdı. Onları tanıdılar, görməyə can atdılar… Ancaq çox sınaqlardan keçdilər. Çünki birinci addımı atmaq, ilk cığır salıb, yol açmaq üçün cəsarət gərəkdir. Bu cəsur qadınlar da özlərində BIRINCI olmaq cəsarətini tapdılar.

ABŞ-da Leyla Məmmədbəyova haqqında dərc olunan nəşr
ABŞ-ın “Huffington Post” nəşrində müharibədə iştirak etmiş məşhur qadın pilotlar haqqında geniş məqalə dərc olunub. Nəşr həmin qadınlar arasında azərbaycanlı pilot Leyla Məmmədbəyovanın da adını çəkib.L.Məmmədbəyova yalnız ölkəsinin ilk qadın pilotu kimi təqdim edilməyib.Nəşr yazıb ki, azərbaycanlı Leyla Məmmədbəyova həm də bütün Qafqazda, Cənubi Avropada və Yaxın Şərqdə ilk qadın pilot olmuş. 1931-ci ildə ilk uçuşunu həyata keçirmiş və 10 il müddətində Sovet ordusunda eskadrilyaya başçılıq edib”.Məqalədə qeyd olunub ki, Leyla Məmmədbəyova II Dünya müharibəsi zamanı o, minlərlə paraşütçünün və hərbi pilotun hazırlanmasına və onlara təlimlər keçirilməsinə cavabdehlik daşıyıb.”O, həyatı ilə Azərbaycandakı – qadınların səsvermə hüququna ABŞ-dan daha erkən sahib olduqları ölkədə müsəlman qadınlar haqqında stereotipləri qırıb”, – deyə məqalədə vurğulanıb.

Leyla Məmmədbəyovanınun son həyatı

Leyla Məmmədbəyova 1989-cu ilin iyulunda  Bakıda vəfat edir və II Fəxri Xiyabanda dəfn olunub.

Turanxeber.az Hazırladı Güllər Amin.

 

 

 

 

 

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir