Qarabağ xanlığının banisi Pənahəli xan Cavanşirdir.
Qarabağ xanlığı-nın yaranmasında Qarabağ vilayətinin köklü elatlarından olan otuzikilər, iyirmidördlər, kəbirli və digər tayfaların mühüm rolu var idi. Bu tayfalar Nadir şah tərəfindən vaxtilə Xorasanın Sərəxs torpaqlarına sürgün olunmuşdular. Qarabağın güclü tayfalarından biri olan otuzikilər Qarabağda otuz iki oymaqda yerləşən tayfaların birləşməsi nəticəsində əmələ gəlmişdi. Həmin tayfa birləşməsi içərisində Cavanşir tayfası böyük nüfuza malik idi. Tayfaya aid kəndlərin bir çoxu XVIII yüzilliyin sonu – XX yüzilliyin əvvəllərində hazırkı Bərdə, Ağdam, Kəlbəcər, Tərtər, Goranboy və Yevlax ərazilərində yerləşirdi.
Pənahəli xan uzaq Səraxsdən qayıdıb gələn qarabağlıları öz ətrafına topladı. Qısa müddətdə xalq arasında onun şöhrəti artdı.
Qarabağ xanlığının banisi Pənahəli xan Cavanşir yaratdığı xanlıq üçün mərkəz də təşkil etdi. Xan iqamətgah kimi əvvəl Bayat qalasını, sonra Şahbulaq qalasını tikdirdi. Bu zaman artıq Qarabağ xanlığı qüvvətlənmiş və siyasi arenada söz sahibi olmuşdu. Cənubda İran tərəfdən gələn qorxulu xəbərlər və Azərbaycanın özündə cərəyan edən hadisələr – qanlı feudal ara vuruşmaları göstərdi ki, Şahbulaq qalası da o qədər qüvvətli sığınacaq deyil, gec-tez nisbətən qüvvətli düşmənin qurbanı ola bilər. Pənahəli xan Şuşa-Pənahabad qalasını tikdirib xanlığın iqamətgahına çevirdi. Qarabağ xanlığının yeni paytaxtı Şuşa – Pənahabad şəhərinin siması ölkəmizin Bərdə, Beyləqan, Bakı, Gəncə, Şəki və Şamaxı kimi şəhərlərinin memarlıq üslublarını özündə əks etdirib.
Pənahəli xanın Şuşa-Pənahabadda hakimiyyətə başlamasından az sonra xüsusi zərbxana düzəltdirməsi və pul kəsdirməsindən bəhs edirlər. Şuşa-Pənahabadda Pənahəli xan tərəfindən sikkəxana tikilmişdi. Gümüşdən Pənahabadi adlı pul sikkəsi vurulurdu. Sikkənin bir tərəfində Pənahabad, o biri tərəfində isə «La İlahə İllallah Muhəmmədun Rəsulillah» sözləri yazılırdı. Qarabağda sənətkarlıq da xeyli inkişaf etmişdi. Sənətkarlar əsasən, Şuşa-Pənahabad şəhərində fəaliyyət göstərirdilər. İp əyirilməsi, xalça toxunması, xammalın ilkin təmizlənməsi kəndlərdə də məşğuliyyət növlərindən idi. Uzun müddət feodal geriliyi şəraitində yaşayan Azərbaycan kəndlərində başlıca olaraq natural mal mübadiləsi yayılmışdı. Sənətkarlığın inkişafı, əhalinin peşələr üzrə «ixtisaslaşması», başqa amillər pul dövriyyəsinin genişlənməsinə, bazarlara məhsul çıxarmağa zəmin yaratmışdı. Xanlığın demək olar ki, hər bir ailəsində xırda toxucu dəzgahı mövcud idi. Məhz buna görə də təsadüfi deyildi ki, xanlıqda ən inkişaf etmiş sənətkarlıq və istehsal sahələrindən biri toxuculuq olmuşdu.
Xanlıqlar dövründə Qarabağ xalçaları xarici bazara da çıxarılırdı. Azərbaycanın görkəmli şairi, Qarabağ xanının vəziri Molla Pənah Vaqif Qarabağ xanlığının mövcudluğu ərzində iqtisadi inkişaf sahəsində əvvəlki dövrlərə nisbətən irəliləyiş hiss olunurdu. Bu irəliləyişin ən mühüm amili əkinçilik mədəniyyətinin yüksəlişi ilə bağlıdır. Salnamələrdə deyilir ki, xanlıq ərazisindəki bütün torpaqlar xanın özü, ağalar, bəylər, rəiyyət və vəqflər üzrə bölünmüşdü. Bu bölgü Qurani-Kərimin məzmunundan irəli gələn şəriət ehkamlarına əsaslanırdı. Qarabağ xanlığının həm Pənahəli xan, həm də İbrahimxəlil xanın dövründə qonşu xanlıqlar və digər dövlətlərlə siyasi, iqtisadi və mədəni əlaqələri olmuşdu. “Qarabağnamələr”də bu barədə geniş məlumat verilir”.
Qarabağda mədəniyyət inkişaf etmişdi. XVIII əsrin II yarısında memarlıq və şəhərsalma, dekarativ-tətbiqi sənət sahələri inkişaf etməyə başlamış, epiqrafik abidələr də çoxalmışdı. Qarabağ xanlığı dövründə bir çox qalalar tikilmiş, şəhər və qəsəbə tipli yaşayış məntəqələri yaranmışdı. Bayat, Şahbulaq (Təməküt), Şuşa-Pənahabad qalalarında bazar, karvansaray, məscid, hamam və s. inşa edilmişdir. Ağdamda imarətlər, Pənah xana və nəslinə aid türbələr tikilmişdi. Qarabağ xanlığının mərkəzi Şuşa-Pənahabadda yaşayış evlərinin, ictimai tikililərin interyerində divar naxışlarının gözəl və tipik nümunələri yaradılmışdı. Orta əsrlərin dəhşətli müharibələri ilə əlaqədar olaraq Qarabağ bölgəsində mədəniyyət də böhranlı vəziyyətə düşmüşdür. Lakin sonrakı dövrlərdə Qarabağda mədəni həyat yenidən dirçəlmişdi. XVIII əsrdə Qarabağ xanlığının baş vəziri, şair Molla Pənah Vaqif və öz şeirləri ilə Qarabağın mənəvi həyatını əks etdirən şair Molla Vəli Vidadi yaşayıb yaradıblar.
Çar Rusiyası Cənubi Qafqazda apardığı işğalçılıq siyasətinin nəticəsi olaraq Kartli-Kaxetiya çarlığını Borçalı, Qazax və Şəmşədil sultanlığını, Car-Balakəni, Gəncə xanlığını işğal etdi. Belə vəziyyətdə İran hökuməti Sisianova rus ordusunu Azərbaycandan çıxarması üçün ultimatum verdi. Bu proses ultimatumun etirazla qarşılanması və bundan sonra İran hökumətinin Rusiyaya müharibə elan etməsi ilə nəticələndi. İran ordusu Azərbaycan xanlıqlarına hücumu başlandı (1804-cü il). Bərabər olmayan qüvvələr nisbətində başlanan ilk döyüşdə rus ordusu itki verərək döyüşü dayandırdı. Sisianov İrəvan xanlığına doğru hərəkət edərək İrəvan qalasını mühasirəyə alsa da, onu tuta bilmədi, xeyli itki verərək geri çəkildi. Belə bir vəziyyətdə Sisianov siyasi manevrə əl atdı. 1805-ci il mayın 5-də Qarabağ xanı ilə Rus imperatoru arasında Kürəkçay traktatı imzalandı. Traktatı Rusiyanın imperatoru adından Qafqaz qoşunlarının baş komandanı Sisianov və Qarabağ xanı İbrahimxəlil xan imzaladı”.
Turanxeber.az Hazırladı Güllər Amin