Mikayıl Müşfiq: Əzəldən həqiqət aşiqi

Ədəbiyyat Mədəniyyət

Mikayıl Müşfiq: Əzəldən həqiqət aşiqi

Onu heç vaxt unutmayacaqlar, onu əslində unutmaq da mümkün deyil. Çünki Müşfiq özü boyda bir sevgi, özü boyda bir Azərbaycan, hər misrasında doğma vətənimizə sonsuz bir sevgi duyulan şairdir. Bu torpağın hər ovuc torpağı, hər daşı, hər gülü, çiçəyi, onun üçün ilham qaynağı, əbədi bir sevgi çeşməsi idi və yazdıqca yazır, yazmaqdan doymurdu. Ona görə də yazdığı hər şeir şirin bir nəğməyə dönərək qəlblərə axır və dərhal dillər əzbərinə çevrilirdi. Bəlkə də buna görə, ötən əsrin 20-30-cu illər Azərbaycan ədəbi mühitində onun qədər çox sevilən ikinci bir şair tapmaq mümkün deyil. Müşfiq ömrü qarşısına çıxan qayaları yararaq sonsuz çöllərə can atan coşqun dağ çayına bənzəyirdi. Müşfiq yaradıcılığı, özündən sonra qoyub getdiyi ədəbi irsi bir ümman, bir dəryadır. Şeirlərində dəli bir həsrət, həzin kövrəklik, insanı özündən edən bir yanğı, həyat sevgisi, bir də kədər var. Sanki öncədən bu dünyadan doymadan gənc yaşlarında dünyanı tərk edəcəyini hiss edərək:

“Ah, mən gündən-günə bu gözəlləşən,

İşıqlı dünyadan necə əl çəkim?” – deyə yazmışdı.

Şeirlərindəki bu şirinlik, sevgi, bir də insanın ürəyini titrədən dəli-dolu bir həsrət şübhəsiz ki, anadan olduğu, tərbiyə alıb yetişdiyi ailəsindən gəlirdi. Ötən əsrin 30-cu illərində obrazlı şəkildə desək, Azərbaycan ədəbi məkanında bir günəş kimi parlayan Mikayıl Müşfiq Mirzə Qədir oğlu İsmayılzadə 1908-ci ildə Bakıda anadan olmuşdu. Onun atası da şair idi və “Vüsaqi” təxəllüsü ilə şeirlər yazırdı. Böyük bəstəkar M. Maqomayev “Şah İsmayıl” operasını Mirzə Qədirin eyni adlı poeması əsasında yaratmışdır.

Amma ailə olduqca kasıb olduğundan Mikayıl Müşfiq hələ uşaq ikən həyatın bütün ağrılarını öz üzərində hiss eləmişdi. Üstəlik o, ay yarımlıq körpə olanda anası Züleyxa dünyasını dəyişmişdi. 6 yaşı olanda isə atasını itirmişdi. Uşaq ikən əvvəlcə anadan, sonra isə atadan yetim qalmaq, ehtiyac dolu uşaqlıq illəri, xüsusi ilə ana həsrəti balaca Müşfiqin qəlbini bütün həyatıboyu sızlatmışdı. Təsadüfi deyil ki, sonralar o yazdığı “Ana” adlı şeirində, anasızlıq həsrətini ürək sızıltıları ilə belə təsvir etmişdi:

Ana dedim, ürəyimə yanar odlar saçıldı,

Ana dedim, bir ürpəriş hasil oldu canımda.

Ana dedim, qarşımda bir gözəl səhnə açıldı,

Ana dedim, fəqət onu görməz oldum yanımda.

Həyatı boyu ana həsrəti, ana mərhəmətinə ehtiyac duyması onun sonralar özünə mərhəmətli, şəfqətli, mehriban mənasını verən Müşfiq təxəllüsünü seçməsinə gətirib çıxardı.

Həmin dövrdə Müşfiqin yeganə təsəllisi ana bilib sığındığı nənəsi Qızqayıt idi. Müşfiqdə balaca yaşlarından ədəbiyyata həvəs yaradan da nənəsi Qızqayıt olmuşdu. O, çoxlu nağıl, əfsanə, bayatı, şeir bilirdi və qəlbi sınıq Müşfiqi bunlarla ovutmağa çalışardı. Nənəsindən eşitdiyi çoxlu sayda nağıl, əfsanə şeir və bayatılar isə Müşfiqin həssas və kövrək qəlbində güclü izlər buraxaraq onun şair kimi yetişməsində önəmli rol oynadı. O, ilk ibtidai təhsilini Bakıdakı rus-tatar məktəbində aldı, sonra isə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirdi. İlk şeirini də 1926-cı ildə dərc etdirdi, sonra isə bir-birinin ardınca onun “Küləklər” (1930), “Günün səsləri” (1932), “Buruqlar arasında” (1932), “Şeirlər” (1935) kitabları dərc olundu. Amma Müşfiq ağır və məşəqqətli uşaqlıq illərini ömrünün sonuna kimi unuda bilmədi. Bunu Müşfiqin yaxın dostu və sirdaşı olan xalq şairi R. Rzanın dedikləri də sübut edir. Rəsul Rza yazır ki, 1936-cı ilin soyuq günlərindən birində Mikayıl Müşfiqlə Sabir bağının yanında cır-cındır pencək geyinən və soyuqdan titrəyən bir uşağın gəlib gedənlərə papiros təklif etdiyini gördük. Müşfiq uşağı görən kimi rəngi saraldı və gözləri yaşardı. Sonra o uşaqdan papiros alaraq ona pul verdi və yolumuza davam etdik. Yolda gözləri yaşaran Müşfiq mənə: “Belə şaxtalı gecələrdə, qızmar günlərdə nə qədər “ay papiros!” deyə küçələri dolaşmışam, o qədər adama əl açmışam ki”, – dedi.

Mətbuatda dərc olunan ilk şeiri ədəbiyyata yeni bir istedadın gəldiyindən xəbər verirdi. Tezliklə o, oxucuların ən çox sevdiyi şairlərdən birinə çevrildi. Onun qısa müddətdə tanınmasına və sevilməsinə səbəb isə digər şairlərdən fərqli olaraq kolxozdan, sovxozdan, pambıqdan az yazması və ya da heç yazmaması idi. Müşfiqi daha çox insanın mənəvi aləmi, onun daxili və zahiri saflığı, paklığı, gözəlliyi maraqlandırır, vətənin başı üzərini alan qara buludlar narahat edirdi. O, doğma Vətənin başı üzərini alan qara əsarət və zülm buludlarını nəzərdə tutaraq “Bulud qarşısında” adlı şeirində yazırdı:

Nə qaplamışsan göyü, sən ey bulud, xınca-xınc?!

Nədir ildırımında bu gurultu, bu çaxınc?!

Qaranlıqda sıyrılan hər şimşəyin bir qılınc.

Yetər, çaxma, ey bulud!

Mənə bir qədər sükut!

Həyəcan az deyildir onsuz da içərimdə,

Bu gənc fikirlərimdə, bu körpə hisslərimdə.

Səndən umacağım yox, dolaşıb üzərimdə,

Yetər, çaxma, ey bulud!

Mənə bir qədər sükut!

Bu misralar onun imperiyaya qarşı lal hayqırtıları idi.

Ötən əsrin 20-ci illərinin sonlarında özlərini proletar yazıçı və şairləri hesab edən bir qrup keçmişə aid nə varsa ona xor baxır, hətta tarın belə əleyhinə çıxaraq onun qadağan edilməsinə qarşı çıxırdılar. Bu isə Müşfiqə çox ağır təsir etmişdi. O, cəsarətlə təkbaşına tarı Azərbaycan xalqına unutdurmağa çalışanlara qarşı çıxdı və yazdığı “Oxu tar” şeiri ilə ana südü kimi qanımızda dolaşan milli musiqimizə, milli musiqi alətlərimizə bağlı olduğunu ortaya qoydu. “Oxu tar” şeiri əslində yalnız imperiya nökərləri kimi çıxış edənlərə deyil, həm də Moskvanın yeritdiyi müstəmləkəçilik, xalqımızı öz milli köklərindən qopararaq onu manqurtlaşdırmaq siyasətinə qarşı bir üsyanı idi.

Oxu, tar, oxu, tar!…

Səsindən ən lətif şeirlər dinləyim.

Oxu, tar, bir qadar!…

Nəğməni su kimi alışan ruhuma çiləyim.

Oxu, tar!

Səni kim unudar?

Ey geniş kütlənin acısı, şərbəti –

Alovlu sənəti!

Oxu, tar! Mən səndə,

İstənən havanı çala da bilərəm.

Mən səndən bu günün zövqünü

Ala da bilərəm.

Sən bu gün silahsan əlimdə,

Səni mən hansı bir hədəfə,

İstəsəm, çevirə bilərəm.

Qəlblərdə gizlənən keçmişi,

Bir yeni nəğmənin əlilə

Devirə bilərəm!

O, özünü gözləyən sürgünlərdən, həbslərdən, ölümündən qorxmayaraq bu mübarizəsini sonralar da davam etdirdi. Həmin dövrdə Mikayıl Müşfiqi gözü götürməyən, ona paxıllıq edənlər öz çirkin simalarını büruzə verir və ona böhtan atmaqla, ondan donos yazmaqla məşğul idilər. Belələrindən biri də Mikayıl Rzaquluzadə idi. Mikayıl Razaquluzadə Müşfiq haqqında böhtanlara əl ataraq onu rejim düşməni kimi qələmə verməyə cəhd edirdi. O, hətta Müşfiqin Stalin haqqında yazdığı şeiri belə “təftiş” edərək onda anti sovet elementləri axtarmaqdan belə çəkinməmişdi. Mikayıl Müşfiq haqqında böhtan və iftira dolu, tənqid adı altında təhqiramiz ifadələrin baş alıb getdiyi yazıları “Kommunist”, “İnqilab və mədəniyyət”, “Yeni yol”, “Gənc işçi”, “Ədəbiyyat”, “Hücum” qəzetlərinə yazanlar, hər halda, NKVD rəsmiləri deyildi. Onların bunları yazmağa nə savadları, nə də vaxtları çatardı. Müşfiqin şeirlərini öz istədikləri şəkildə yozaraq, onu rus dilinə öz bacardıqları şəkildə çevirərək qəti tədbirlər görülməsi məqsədilə Moskvaya göndərənlər də özgəsi deyildi.

Təsadüfi deyil ki, Müşfiqi tanıyan bəzi “vətənpərvərlər”in yorulmaq bilmədən “dəniz kənarına” (adamlar NKVD adını çəkməkdən ehtiyat etdikləri üçün oranı belə adlandırırdılar) ünvanladıqları məlumatlar (oxu: donoslar ) əsasında 1937-ci ilin may ayının sonlarında Müşfiqin həbsi üçün artıq “hüquqi zəmin” yaradılmışdı. Müşfiq haqqında böhtanlar yağdıranlardan biri də Məmməd Rahim idi. Məmməd Rahimin xüsusi xidmət orqanlarına donos yazmaqla məşğul olduğunu hamı biliridi. O, Müşfiqin istedadına paxıllıq edirdi. “Ədəbiyyat qəzeti”ndə Mikayıl Müşfiqə həsr edilmiş “Kontrrevolyusener, kontrabandçı, oğru…” adlı heç bir haqqa, ədalətə sığmayan, ölənə qədər faizlə gənc qələm

sahiblərinə pul verən, qarışıq millətdən olan ailənin başçısı olmuş şairin yazısı dərc edilir. M. Rahim öz yazısında prokuror rolunu oynayaraq M. Müşfiqə üç maddədən ibarət “cinayət işi” açır. O, əksinqilabçı, kontrabandçı və oğru kimi hakimə hökm çıхartmağa yol göstərir. Bütün bunlar da öz təsirini göstərdi və 4 iyun 1937-ci il gecəsi Müşfiqi Bakıdakı Nijni Priyut, 108 ( keçmiş Kamo, indiki S. Rəhimov küçəsi) ünvanında yerləşən mənzilində həbs etdilər. Onu antisovetizmdə, pantürkizmdə günahlandırdılar, yoldaşlarını ələ verməsini tələb etdilər. Xüsusi ilə Müşfiqdən Hüseyn Cavidin antisovetizmdə hansısa gizli əksinqilabi qurumda fəaliyyət göstərməsini deməsini istəyirdilər. Lakin Müşfiq bütün işgəncələrə dözərək Hüseyn Cavidin əleyhinə ifadə vermədi. Və onun taleyi artıq həll olunmuşdu. 1938-ci il yanvar ayının 6-da böyük vətənpərvər və alovlu şair Mikayıl Müşfiq cəlladların əli ilə gedər-gəlməzə göndərildi…

Lakin onun ahı yerdə qalmadı. Müşfiqi gedər-gəlməzə göndərənlərin özləri də 1938-1939-cu illərdə cəzalarını alaraq elə qulluq etdikləri rejim tərəfindən güllələndilər.

Müşfiq, təbiət, gözəllik aşiqi idi və ona görə də yazdığı bütün şeirləri şirin bir nəğməyə dönərək milyonların qəlbinə süzülürdü. Təsadüfi deyil ki, bu gün də vaxtı ilə Müşfiqin şeirlərinə bəstələnən mahnılar müğənnilərimiz tərəfindən sevilə-sevilə oxunmaqdadır.

Turanxeber.az  hazırladı Güllər Amin

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir