Meşəbəyi qayınata və qayınanasını öldürdü, arvadını isə… – Xaçmazda dəhşətli cinayət

Kriminal

Xaçmaz rayonunda 1974-cü il təvəllüdlü Ayxan şəxsi münasibətlər zəminində qayınatası Sahibi və qayınanası Xanımı (adlar şərti verilib – red.) öldürüb

Hadisə 2020-ci il sentyabrın 18-də baş verib. Ayxan həmin gün arvadının hadisədən bir gün əvvəl evi tərk edərək valideynlərinin yanına gəlməsini bəhanə edib, odlu silahla silahlanaraq onlara gəlib. O, həmin silahla qayınatasını və qayınanasını güllələyərək öldürüb.

İstintaq orqanı tərəfindən Ayxanın barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə), 29, 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd), 29,120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd), 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) və 229.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatını, partlayıcı maddələri və qurğuları hazırlama, habelə odlu silahı təmir etmə) maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Ayxan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, 1999-cu ildə Xaçmaz rayonu, Ləcət kənd sakini Ləman ilə evlənib: “Aramızda rəsmi nikah olmayıb. Qeyri-rəsmi ər-arvad münasibətində birlikdə yaşamışıq. Həmin evlilikdən bir qız övladımız olub. O da evli olmaqla ər evində yaşayır”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, 23 avqust 2020-ci ildə evdə olmadığı vaxt qayınanası Xanım və qaynı Fuad onun evinə gəlib: “Arvadım Səliməni məndən xəbərsiz öz evlərinə aparıblar. Bundan sonra böyük qaynım Camala zəng etdim. Lakin Camal zəngimə cavab vermədi, məni bloka atdı. Bir neçə gün arvadımın evə qayıtmasını gözlədim. Lakin geri qayıtmadı. Buna görə də bu məsələyə birdəfəlik son qoymaq qərarına gəldim. Bu məsələdə əsas günahkar qayınatam Sahib, qayınanam Xanım və qaynım Camal olub. Çünki həmin şəxslər daim mənim ailə işlərimə müdaxilə ediblər, ailəmi dağıtmaq istəyiblər”.

Ayxanın ifadəsinə görə, 2020-ci ilin avqustunda yaşadığı evin həyətində mərhum atasından qalmış qoşa lüləli ov tüfəngini götürüb və laqunda ilə lüləsinin yarısını kəsərək tüfəngi qısaldıb: “Tüfəngin lüləlisini kəsməkdə məqsədim onu çantada rahat daşımaq və yaxın məsafədən rahat atəş açmaq olub. Həmin tüfəngdən istifadə etmək üçün heç bir icazə sənədim yoxdur. Sentyabrın 18-də, gecə saat 3 radələrində içkili vəziyətdə həmin tüfəngi və evdə olan 8 ədəd patronu idman çantasına qoyaraq qayınatam Sahibin yaşadığı evinin qarşısına getdim. Evin qarşısında tüfəngi və patronları idman çantasından çıxardım. Çantanı isə evin arxa girişində olan kolların üzərinə qoydum. Bir neçə saat həyətdəki talvarın altında oturaraq onların yuxudan oyanmasını gözlədim. Saat 6.00-da onların evdə oyandığını gördüm. Əvvəlcə qayınatamın yaşadığı evin ikinci mərtəbəsinə həyət tərəfdən olan pilləkanla qalxaraq kiçik qaynım Fuadın qaldığı otağa getdim. Fuadı yuxudan oyatdım, ondan arvadım Səlimənin harada olmasını soruşdum. Fuad Könülün evdə olmadığını dedi. Fuaddan siqaret götürdüm, həyətə çıxdım. Həyətdə siqaret çəkən zaman birinci mərtəbənin qapısının açıldığını gördüm. Səliməni axtarmaq üçün həmin qapıdan içəriyə girdim. Orada qayınatam və qayınanam ilə rastlaşdım. Onlardan Səlimənin harada olmasını soruşdum. Onlar Səlimənin evdə olmadığını, başqa yerdə olduğunu dedilər. Onlar arvadım ilə görüşməyə mane olmaq istədilər. Səlimənin ata evinə qayıtması ilə bağlı onları günahkar bildim. Bu barədə onlara öz iradımı bildirdim”.

Təqsirləndirilən şəxs deyib ki, sonra öldürmək məqsədilə evin içərisində əvvəlcə qayınatası Sahibin sinəsinə yaxın məsafədən tüfənglə bir dəfə atəş açıb: “Ardınca da onun yanında dayanan qayınanam Xanıma da sinə nahiyəsindən yaxın məsafədən korteç patronuyla bir dəfə atəş açdım. Onlar hər ikisi yan-yana yerə yıxıldılar, döşəmənin üzərinə çoxlu qan axdı. Həmin vaxt həyat yoldaşım Səlimə mənim yanımda dayandı. Səlimənin gözləri qarşısında valideynlərini öldürdüm. Qaynım Fuad da sonradan oraya gəldi. Onlar qorxudan mənə heç nə etmədilər”.

Təqsirləndirilən şəxsin ifadəsinə görə, yerdə qan içində olan Sahib Səliməyə “qaç, get burdan” deyib: “Bu zaman Səlimə oradan uzaqlaşdı. Bundan sonra özüm də evdən çıxdım. Səlimənin arxasınca gedərək həmin evdən təxminən 60 metr aralıda yerləşən böyük qaynım Camalın yaşadığı evə tərəf getdim. Arvadım qaçaraq həmin evə girdi və qapını arxadan kilidlədi. Həmin evə daxil olmaq üçün qapının tutacağını əlim ilə özümə tərəf dartdım. Lakin qapı arxadan bərk bağlandığı üçün qapını aça bilmədim. Qapını zorla açmaq istədim, amma aça bilmədim. Qapını aça bilmədiyim üçün evin pəncərəsinə tərəf getdim. Pəncərə hündürdə yerləşdiyindən evə daxil ola bilmədim. Ona görə də tüfənglə evin pəncərəsinə iki dəfə atəş açdım. Patronları tək-tək atdım, qoşa patron atmadım. Həmin vaxt evdə Camalın özü, arvadı, uşaqları və mənim arvadım Səlimənin də olduğunu bilmişəm. Pəncərədən Camalın evinə atəş açarkən heç nə gözümə görsənməyib”.

Ayxan daha sonra ifadəsində qeyd edib: “Kiçik qaynım Fudadı və arvadım Səliməni istəsəydim, öldürə bilərdim. Lakin öldürmədim. Çünki onları öldürmək niyyətim olmayıb. Pəncərəyə atəş açdıqdan sonra hadisə yerindən Ləcət kəndindəki dəmiryol stansiyasına getdim. Orada olan polis əməkdaşlarına özümü təqdim edərək törətdiyim hadisə barəsində onlara məlumat verdim. Sonra silahı və özümdə qalmış 4 ədəd patronu onlara təhvil verdim. Çox keçmədən polis əməkdaşları oraya gəldi, məni polis şöbəsinə apardılar”.

Ayxan qeyd edib ki, əvvəllər meşəbəyi işlədiyi üçün və ovçuluq ilə məşğul olduğundan ov silahı ilə davranmağı, atəş açmağı bacarıb. Odeyib ki, niyyəti qayınatası, qayınanası və qaynını öldürmək deyil, qorxutmaq olub. O, əməlindən peşman olduğunu da qeyd edib.

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.

Ayxan 20 il müddətinə azadlıqdan məhrum edilib. Onun həmin cəzasının ilk 5 ilini həbsxanada, qalan hissəsi isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.    Turanxeber.az

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.