Dövlət Sığorta Kommersiya Şirkəti yenidən təşkil ediləcək – FƏRMAN

İqtisadiyyat

Prezident İlham Əliyev “Azərsığorta” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təşkili haqqında Fərman imzalayıb.

Turanxeber.az xəbər verir ki, “Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyətinin və Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkətinin Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilməsi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 sentyabr tarixli 2907 nömrəli Sərəncamının icrası ilə əlaqədar qərara alınır:

1. Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkəti “Azərsığorta” Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra – Cəmiyyət) çevrilmə yolu ilə yenidən təşkil edilsin.

2. Müəyyən edilsin ki:

2.1. Cəmiyyət “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş qaydada sığorta fəaliyyətini həyata keçirən kommersiya hüquqi şəxsidir;

2.2. Cəmiyyətin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün sədr də daxil olmaqla 3 (üç) üzvdən ibarət Direktorlar Şurası yaradılır;

2.3. Cəmiyyətin Direktorlar Şurası “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 26.1.4-26.1.6-cı və 29.1-ci maddələrində nəzərdə tutulmuş səlahiyyətləri həyata keçirir.

3. Cəmiyyətin ümumi yığıncağının səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:

3.1. Azərbaycan Respublikasının Prezidentinə:

3.1.1. Cəmiyyətin yenidən təşkili və ləğvi;

3.1.2. Cəmiyyətin Direktorlar Şurasının üzvlərinin, o cümlədən onun sədrinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;

3.2. Azərbaycan İnvestisiya Holdinqinə:

3.2.1. Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla:

1. Cəmiyyətin nizamnaməsinin və strukturunun təsdiq edilməsi, nizamnamə kapitalının miqdarının müəyyən edilməsi;

2. İdarə Heyətinin üzvlərinin, o cümlədən onun sədrinin və müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;

3. Cəmiyyətin illik hesabatlarının, maliyyə hesabatlarının təsdiq edilməsi, mənfəətinin və zərərinin bölüşdürülməsi;

4. Cəmiyyətin dividend siyasətinin təsdiq edilməsi;

5. Cəmiyyətin qiymətli kağızlarının buraxılması barədə qərar qəbul edilməsi;

6. Cəmiyyətin xalis aktivlərinin dəyərinin 25 (iyirmi beş) faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin 5 (beş) faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanılması haqqında qərar qəbul edilməsi;

3.2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsində və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda ümumi yığıncağın səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həll edilməsi.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

5. Azərbaycan İnvestisiya Holdinqi:

5.1. Cəmiyyətin yeni nizamnaməsinin layihəsini iki ay müddətində hazırlayıb razılaşdırılmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

5.2. Cəmiyyətin dövlət qeydiyyatına alınması üçün onun nizamnaməsi təsdiq edildikdən sonra 3 (üç) gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tədbirlər görsün;

5.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.