I Qarabağ müharibəsinin iştirakçısından dəhşətli əməl – Dostunu öldürdü, sonra isə…

Kriminal

Bakının Xəzər rayonunda 1965-ci il təvəllüdlü Zaur Kazımov dostu Zaur Cəbrayılovu qətlə yetirib.

  Hadisə bu ilin yanvarın 7-də baş verib.

Binə qəsəbəsində əvvəllər də məhkum olumuş Zaur Kazımov münaqişə zəminində Zaur Cəbrayılovu bıçaqlayaraq öldürüb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Zaur Kazımov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.

İstintaq orqanı tərəfindən Zaur Kazımovun barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Zaur Kazımovun barəsində olan cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Rasim Sadıxovun sədrliyi ilə araşdırılıb.

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Zaur Kazımov ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Qarabağ müharibəsi iştirakçısıdır: “1992-ci ildə Qarabağ döyüşlərindən qayıtdıqdan sonra yaşadığım Binə qəsəbəsində qətl törətdim və 9 il müddətinə azadlıqdan məhrum edildim. 2001-ci ildə azadlığa çıxdım. Azadlığa çıxdıqdan sonra fəhləliklə məşğul oldum, ailəmi dolandırdım”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, 2009-cu ildə narkotik vasitələrdən istifadə etdiyinə görə azadlıqdan məhrum olunub: “2010-cu ildə cəzamı çəkdikdən sonra azadlığa çıxdım. Növbəti dəfə 2021-ci ilin oktyabrında narkotik vasitədən istifadəyə görə tutuldum və məhkəmənin hökmü ilə 2 il azadlığın məhdudlaşdırılması cəzası aldım. Cəzam bitməmiş bu hadisəni törətdim. Mərhum Zaur Cəbrayılovu hadisədən təxminən iki il əvvəl yaşadığım Binə qəsəbəsi ərazisində gördüm və tanış oldum. Zaur da mənim kimi məhkumluq həyatı yaşayıb. Lakin məndən yaşca kiçik idi. Zaurla münasibətlərimiz yaxşı olub. Hətta evimdə qonaq da olub. Lakin bir müddətdən sonra Zaur spirtli içki içdikdən sonra özünü apara bilməyərək mənimlə söyüşlə danışıb alçaldırdı. Zaura bunu irad tutsam da, buna heç bir əhəmiyyət vermədi. Zaur məndən daha cavan və fiziki cəhətdən qüvvətli olmasından istifadə edərək, mənimlə təhqiredici rəftara davam etdi. Hadisə törətdiyim yer baldızlarım və qaynım yaşadığı Binə qəsəbəsi, İsazadə küçəsi, ev 3-ün düz qarşısında olub”.

Zaur Kazımov qeyd edib ki, hadisə günü saat 16 radələrində həmin məhəlləyə gəlib və “besetka”da oturub: “Zaur Cəbrayılov həmin vaxt öz tanışları ilə həmin yerdə spirtli içkilər qəbul edirdi. Zaur Cəbrayılov heç bir səbəb olmadan oturduğu yerdən mənə söz atmağa başladı. Zaura mənə ilişməməsini söylədim. Hətta həmin vaxt ətrafında olanlar da ona irad tutdular ki, içkilisən, heç kimə ilişmə. Vəziyyət o yerə çatdı ki, Zaurla tutaşma halına çıxdıq. Lakin orda olan şəxslər buna imkan vermədilər. Son olaraq Zaur mənə tərəf baxaraq əxlaqsız söyüş işlətdiyinə görə səbrim tükəndi. Zaura kənara çəkilərək ikilikdə söhbət etməyi təklif etdim. Onunla təxminən 15 metr kənara çəkildik. Kənara çəkildikdən sonra heç bir söz demədən daimi olaraq cibimdə gəzdirdiyim cib bıçağını çıxardım və həmin bıçaqla Zaura sinəsindən vurdum”.

Zaur Kazımov qeyd edib ki, Zaur Cəbrayılovu vurduqdan sonra bıçağı cibinə qoyub və birbaşa Xəzər rayon Polis İdarəsinin 3-cü polis bölməsinə gedib: “Zaur Cəbrayılovu vurduğumu bildirdim, hadisəni törətdiyim bıçağı da təqdim edərək təslim oldum. Hadisə vaxtı spirtli içki qəbul etsəm də, narkotik vasitə qəbul etməmişəm. Etdiyim əməldən peşmanam”.

Məhkəmədə ifadə verən zərərçəkmiş şəxsin hüquqi varisi bildirib ki, mərhum Zaur Cəbrayılov onun qardaşı olub: “Təqsirləndirilən şəxsi 2 il bundan qabaq qardaşım Zaurgilin evində keçirilən doğum günü ilə bağlı qonaqlıqda görüb onu tanımışam. Həmin vaxt bildim ki, qardaşım təqsirləndirilən şəxslə dostluq edir. O, həmin qonaqlıqda söhbət əsnasında uzun müddət məhkumluq həyatı da yaşadığını bildirdi. Qardaşım Zaur da əvvəllər oğurluq cinayətinə görə məhkum olunub. Qardaşım ilə təqsirləndirilən şəxs arasında hər hansı bir düşmənçilik və ədavətin olması ilə bağlı məlumatım olmayıb. Bununla bağlı qardaşım mənə heç nə deməyib”.

Hüquqi varis qeyd edib ki, yanvarın 7-də həyat yoldaşı ilə alış-veriş etməyə gedib: “Təxminən saat 17 radələrində mənə qardaşım Zaurun arvadı Elvira zəng vurdu. Qardaşım Zaurun köhnə dostu tərəfindən bıçaqlanaraq öldürüldüyünü və meyitinin morqa aparıldığını bildirdi. Növbəti gün mərhum qardaşım Zauru Buzovna qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn etdik”.

Zaur Kazımov 17 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.   Turanxeber.az

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.