Rus hərbi birləşmələrinin Ukrayna ordusu tərəfindən İlan adasından qovulması, yəni bu kiçik, amma strateji baxımdan çox vacib adanın rus işğalından azad edilməsi bəlkə çoxları üçün mənasız görünür. Əslində isə İlan adası kiçik olsa da, əhəmiyyətinin böyüklüyü Rusiyanın ilk gündən diqqətini çəkmişdi.
Cəmi səkkiz əsgərin qaravul çəkdiyi bu balaca adanı işğal etmək üçün ora desant çıxaran Rusiya aradan dörd ay keçəndən sonra niyə belə asanlıqla geri çəkildi? Niyə “geri çəkildi” deyirəm, çünki Moskva belə əsaslandırır öz mövqeyini. Bütün hallarda təcavüzkarın adadan çıxması Ukrayna xalqının böyük uğurudur.
Rusiya iddia edir ki, guya Ukraynadan taxıl ixracına mane olmamaq üçün bu addımı atıb. Yəni işğalçı olmadığını isbatlamaq üçün “xoşməramlı jest” edib. Amma biz müşahidələrimizə əsasən deyirik ki, xeyr, Rusiya heç də jest etməyib. Əgər doğrudan da xoşməramlı niyyəti varsa, o zaman niyə dənizin ortasında lövhər salmış gəmilərdən hər gün neçə dənə raket buraxmaqla Odessa və digər bölgələrdəki məhz taxıl anbarlarını vurur? Bəyəm ruslar bilmir ki, anbarları vurduqları halda hansı taxılı çıxaracaqlar bazara? Təbii ki, elə bu səbəbdən Ukrayna Moskvanın xoşməramlı maskasını qətiyyətlə cırmağa çalışır.
Hərbi ekspertlərin də bildirdiyinə görə, sahildən cəmi 35 kilometr aralıda yerləşən İlan adası işğaldan sonrakı müddətdə mütəmadi şəkildə Ukrayna silahlı qüvvələrinin bölmələri tərəfindən – həm qurudan, həm dənizdən, həm də havadan atəş altında saxlanıb. Yəni ruslar sadəcə mərmi yağışına tab gətirməyərək qaçıblar.
Bu arada qeyd edək ki, apreldə Rusiya Qara Dəniz Donanmasının flaqmanı olan “Moskva” gəmisinin vurularaq batırılması nəticəsində rusların Qara dənizin şimal-qərbində zenit imkanları xeyli zəiflədi. Bu, Kremlin İlan adasına zenit sistemləri və radioelektron döyüş sistemləri gətirmək səylərini də çətinləşdirdi. Ümumiyyətlə, Qara dənizdəki əsas hərbi dəniz bazalarından çox uzaqda olduğu üçün adanın müdafiəsi Rusiya üçün logistik kabusa çevrildi.
Ukraynalı hərbi ekspert Oleq Jdanov deyir ki, İlan adasına qoşun yeritməyin tərəflərdən heç biri üçün mənası yoxdur, çünki onlar asan hədəfə çevriləcək. Onun fikrincə, bunun əvəzinə adada ora yaxınlaşan istənilən hədəfi vurmaq qabiliyyəti yaradılmalıdır. “Bu halda isə Ukraynanın ən böyük Qara dəniz limanı olan Odessanın, ümumiyyətlə Qara dənizin şimal-qərb bölgəsinin təhlükəsizliyini gücləndirəcək. Hazırda Rusiya Ukraynanın Qara dəniz sahillərinin böyük hissəsinə, həmçinin Krım yarımadasına və bütün Azov dənizinə nəzarət edir. Ruslar İlan adasının işğal etməklə isə Odessanı blokadaya almışdı və təbii ki, Ukrayna taxılının ixracını qeyri-mümkün etmişdi. Bu həm də o demək idi ki, Qara dəniz sahilləri istənilən an hücuma məruz qala bilərdi, ncə ki qalırdı. Eyni zamanda, Rusiya adada “S-400” kimi uzaq mənzilli hava hücumundan müdafiə sistemləri qura bilərdi ki, bu da Ukraynaya əlavə çətinlik yaradardı. Bir məsələ də vardı: Rusiyanın adaya nəzarəti həm Konstansa limanı, həm də Dunay çayının mənsəbində nəqliyyatın hərəkəti baxımından NATO-nun üzvü olan Rumıniya üçün də təhlükə idi. Axı bu strateji əhəmiyyətli region həm də neft və qaz ehtiyatları ilə zəngindir” deyən Oleq Jdanov bildirir ki, Rusiyanın adadan geri çəkilməsi Ukraynanın sadəcə simvolik qələbəsi yox, strateji uğurdur. Rusiya üçün isə bu, həm geriləmə, həm də utancverici məğlubiyyətdir.
Ekspert qeyd edir ki, lakin bu inkişaf müharibənin gedişatını ciddi şəkildə dəyişməyəcək. Rusiya bütün diqqətini Donbasın bütün şərq hissəsini ələ keçirməyə və müharibənin əvvəlində ələ tutduğu digər cənub bölgələrini nəzarətdə saxlamağa yönəldib.
İndi bir sual yaranır ki, Ukrayna rusları adadan çıxardıqdan sonra müharibədən zərər çəkmiş iqtisadiyyatını dirçəltmək üçün taxıl ixracını bərpa edə biləcəkmi? Yəqin ki, bu asan olmayacaq. Çünki Rusiya hərbi gəmiləri Qara dənizdə üstünlüklərini qoruyub saxladığı üçün, effektiv hərbi donanması olmayan Ukraynanın hələlik şansı azdır.
“Ukrayna Rusiyanın Odessadan gələn taxıl karvanlarını müşayiət etmək təklifini rədd etdi, çünki bunun üçün limanın ətraf sularındakı minaların təmizlənməsi tələb olunur. Türkiyə həm Rusiya, həm də Ukrayna ilə fəal şəkildə razılığa gəlməyə çalışır, lakin indiki mərhələdə bu da o qədər mümkün görünmür. Qarşıdakı bir neçə həftə Ukraynanın taxıl ixracı üçün həlledici zaman hesab olunur, çünki yeni məhsulun yığımına iyulda başlanılır”, – deyir Oleq Jdanov. Turanxeber.az