Turanxeber.az xəbər verir ki,BU GÜN AZƏRBAYCANIN
MİLLİ QƏHRƏMANLARI YAVƏR ƏLİYEV, MALİK ƏSƏDOV VƏ RUSLAN MURADOVUN DOĞUM GÜNLƏRİDİR. CƏNNƏTDƏKİ DOĞUM GÜNLƏRİNİZ MÜBARƏK ŞƏHİDLƏRİM!

ƏLİYEV YAVƏR YAQUB OĞLU
1956-cı il iyunun 27-də Bakı şəhərində neftçi ailəsində anadan olmuşdur. Pirallahı adasında 235 saylı orta məktəbi bitirdikdən sonra Kremençuq Aviasiya Məktəbinə daxil olur. Yavər Zabrat hava limanında işə düzəldiyi ilk gündən bacarığı və peşəkarlığı ilə diqqəti cəlb edir.
O, tükənməz səyi və zəhməti sayəsində müxtəlif tipli vertolyotların idarə olunmasını dərindən öyrənir. İdarənin rəhbərliyi onu əvvəl Mİ-4, Mİ-2 vertolyotlarına pilot, sonra Mİ-8 vertolyotuna ikinci pilot və daha sonra komandir təyin edir.
Ermənistanın Azərbaycana qarşı apardığı müharibədə Yavər və onun dəstəsi əsl fədakarlıq göstərərək, nəyə qadir olduqlarını sübut etdilər. Çətin və təhlükəli uçuşlar… Onlar əhalini dağ rayonlarından çıxarır, Qarabağın ayrı-ayrı bölgələri ilə hava körpüsü yaradırdılar.
Yavər Əliyev 1992-ci il yanvarın 28-də dəhşətli bir xəbər alır. Yoldaşlarının idarə etdiyi Mİ-8 vertolyotu düşmən tərəfındən vurulmuşdu. Azərbaycanın cəsur oğulları Viktor Seryogin, Ərəstun Mahmudov, Səfa Axundov həlak olmuşdular. İgid şahin Şuşaya gələrək, düşmən atəşi altında onların cəsədlərini götürə bilmişdi.
O, Azərbaycanın Hərbi Hava Qüvvələrinin yaranmasında da böyük işlər görmüşdü. 1992-ci il fevralın 14-də MDB hərbi hissələrindən Azərbaycana bir neçə Mİ-24 hərbi vertolyotunun göndərilməsində onun böyük xidməti olmuşdu.
Yavər Əliyev bir neçə dəfə Qarabağa Mİ-24 vertolyotunda uçuşlar etmişdi. Aşağı yüksəklikdə uçaraq düşmən mövqelərinə ağır zərbələr endirirdi. Bu uçuşlar zamanı ermənilər çoxlu itkilər verirdi. 1992-ci il fevralın 29-u… Yavərin sonuncu uçuşu oldu…
Ailəli idi. İki övladı atasının peşə yolunu davam etdirir.
Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 1992-ci il tarixli 204 saylı fərmanı ilə Əliyev Yavər Yaqub oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Oxuduğu 235 saylı orta məktəb onun adını daşıyır.
27.06.1956 – 29.02.1992
ƏSƏDOV MALİK HAMİL OĞLU
1962-ci il iyunun 27-də Yevlax rayonunun Havarlı kəndində doğulmuşdur.1979-cu ildə burada orta məktəbi bitirdikdən sonra ordu sıralarına çağırılmışdır. Qazaxıstanda hərbi xidmətini başa vurub, Mingəçevir şəhər 45 saylı Müstəqil Hərbiləşdirilmiş Yanğından Mühafizə Hissəsində əmək fəaliyyətinə başlamışdır.
Qarabağ hadisələri başlayanda o, əsgər paltarı geyinir. Xocalıda, Əsgəranda, Ağdamda, Şuşada gedən ağır döyüşlərdə iştirak edir. Çox keçmir ki, onu bölmə komandiri təyin edirlər. Göstərdiyi əla xidmətlərə görə bir neçə dəfə DİN-nin Fəxri fərmanlarına və mükafatlarına layiq görülür.
1992-ci il yanvar ayının 12-i… Mingəçevirdən 20 nəfər döyüşçü Şuşaya getməliydi. Malik Əsədov da döyüşçülərin arasında idi. Onlar Şuşada və ətraf kəndlərdə postlarda durmuşdular. Sonra isə onları Daşaltı kəndinin yaxınlığındakı Nəbilər kəndinə göndərdilər.
Yanvarın 18-i… Ermənilər kəndə hər tərəfdən hücuma keçmişdi. Yaraqlıların sayı, bəlkə də, yüzə yaxın olardı. Onlar isə cəmi 6 nəfər idi. Polislər geri çəkilməyə məcbur oldular. Malik Əsədov bir neçə yara almışdı. Amma o, yenə də cəsarətlə döyüşürdü. Şuşa polisinin əməkdaşları özlərini onlara yetirdilər. Lakin artıq gec idi. Malik gözlərini əbədi yummuşdu, erməni faşistləri onu qəddarlıqla qətlə yetirmişdilər. Ancaq Malik də son məqamında belə borclu qalmamışdı; ətrafda onlarla düşmən cəsədi yerə sərilmişdi.
Azərbaycan Respublikası prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Əsədov Malik Hamil oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir. Havarlı kəndində dəfn edilmişdir.
Təhsil aldığı Havarlı kənd orta məktəbi onun adını daşıyır. Həmin məktəbdə və Mingəçevir şəhərində – işlədiyi idarənin önündə qəhrəmanın büstü qoyulmuşdur.
27.06.1962 – 18.01.1992
MURADOV RUSLAN HƏMİD OĞLU 1973-cü il iyunun 27-də
Mingəçevir şəhərində doğulmuşdur. 1990-cı ildə Mingəçevir şəhər 10 saylı (indiki 15 saylı – red.) orta məktəbi bitirmişdir. Vitebsk şəhərində ali məktəbə daxil olsa da, orada təhsilini davam etdirməmiş, doğma Mingəçevirə qayıtmışdır. O, atasının işlədiyi Mingəçevir Texniki rezin Məmulatı Zavodunda işə düzəlmişdir. O, televizorun qabağında oturub həyəcanla cəbhə xəbərlərini izləyirdi. Acı xəbərlər qəlbini göynədirdi. Öz ata-baba yurdlarından zorla qovulan soydaşlarımızın acı taleyi onun yuxusunu ərşə çəkmişdi. Orduya çağırılacağı günü səbirsizliklə gözləyirdi. O, 1992-ci ilin 22 yanvarında Milli Ordu sıralarına daxil oldu. Daxili qoşunlarda xidmət edirdi. Bir neçə ay hazırlıq keçdikdən sonra, 1992-ci il aprelin 14-də Ağdamın Papravənd kəndinə göndərildi.
Həmin gün tərk edilmiş kənd uğrunda ağır döyüşlər gedirdi. Ruslanın xidmət etdiyi bölmə yerli özünümüdafiə batalyonunun əsgərləri ilə birlikdə bir sıra uğurlu əməliyyatlar keçirdi. Camaat yenidən öz ev-eşiyinə qayıtdı. Bu əməliyyatların həyata keçirilməsində bir kəşfiyyatçı kimi R.Muradovun böyük zəhməti olmuşdur. Onun düşmən haqqında dəqiq məlumatları mühüm əhəmiyyət kəsb edirdi.
1992-ci ilin avqustunda düşmən ərazisində Azərbaycan silahlı qüvvələrinə məxsus bir təyyarə vurulmuşdu. O, təyyarəçini xilas etmək üçün bir neçə yoldaşı ilə birlikdə keçirilən əməliyyatda iştirak etməli oldu. Onlar mühasirəyə düşdülər. İki gün davam edən ağır döyüşlər nəticəsində mühasirəni yara bildilər.
Ruslan Muradov 1992-ci il avqustun 22-də, Ağdam rayonunun Gülyataq kəndinin azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına Şəhid oldu. Subay idi.
Azərbaycan Respublikası prezidentinin 6 noyabr 1992-ci il tarixli 290 saylı fərmanı ilə Muradov Ruslan Həmid oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
Mingəçevir şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir. Vaxtilə oxuduğu orta məktəb indi onun adını daşıyır. Məktəbdə büstü qoyulmuşdur.
27.06.1973 – 22.08.1992
ALLAH BÜTÜN
ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT
ELƏSİN!




Turanxeber.az Baş redaktor Güllər MirXubyar qızı Bakı