“Qoç Ət” restoranın Şuşadakı filialında Vətən müharibəsi qazilərinə hörmətsizlik edilməsi ilə bağlı məsələ sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub.
Məlumata görə, sözügedən restoranda qazilərə çay verilməyib. Çay sifarişinin qəbul olunmamasına səbəb kimi də Bakıdan gələn millət vəkillərinin olduğu bildirilib. Ofisiant samovarda suyun qurtardığını deyib.
Məsələ ilə bağlı “Qoç Ət” restoranlar şəbəkəsinin təmsilçisi Taleh Şahməmmədli açıqlama verib.
Restoran nümayəndəsi yayılan məlumatların tamamilə əsassız olduğunu bildirib: “Xidmətlər fərqli olduğu üçün “Qoç Ət” brenddir, sıradan bir kafe deyil. Bu restoran Şuşada yaranandan bu günə qədər həmişə şəhid ailələrinə tamamilə pulsuz xidmət göstərib. Restoran nəinki qazilərə, orada xidmət göstərən hərbçilərin hər birinə həmişə xüsusi güzəştlər edib. Ümumiyyətlə, çay süfrəsi həmişə onlar üçün pulsuz olub. Yemək də rəsmi olaraq 20 faiz güzəştlə verilib. Ümumiyyətlə, “Qoç Ət” restoranlar şəbəkəsi Vətən müharibəsindən əvvəl də həmişə xeyriyyə işləri görüb, yardımlar toplayıb. Belə məsələlər bu gün də davam edir. Təbii ki, biz bunu heç vaxt reklam etməmişik”.
Taleh Şahməmmədli restoran tərəfindən guya Şuşada qazilərə hörmətsizlik edilməsi məsələsini araşdırdıqlarını deyib:
“Ola bilməz ki, müştəri gələ, deyərlər ki, kimlərsə var, ona görə çay yoxdur. Bu, praktiki olaraq mümkün deyil. Hansı restoran belə bir şey edər?! O yoldaşlar gəlib əyləşiblər, çay istəyiblər. Bəllidir ki, Şuşada da bütün şərait ideal vəziyyətdə deyil. Xidmətin özünü orada göstərməsi bir qoçaqlıq tələb edir. Qaz yox, elektrik enerjisi istənilən səviyyədə deyil… Hər halda çətinliklər var. Ona görə çay 5-10 dəqiqə gecikəsi olub və onlara su, şirə təklif olunub. Yayılan məlumatlar tamamilə yalandır. Əslində məhkəməyə vermək olardı, amma biz buna əhəmiyyət vermirik. Sadəcə gərək bilmirik”.
Təmsilçi hesab edir ki, məsələnin xüsusi qabardılması qərəzlidir: “Millət vəkili gəlib öz yerində oturub çayını içir, digər müştəri də öz yerində. Buna gör niyə çay verilməsin?! Ola bilər ofisiant deyib “qonağımız çoxdur, millət vəkilləri gəlib, bir az səbir edin, çayınızı çatdıracağıq”. Yoxsa niyə müştəri ilə belə rəftar olunsun?! Ümumiyyətlə, bu məsələnin xüsusi qabardılması bir az qərəzli görünür. Başa düşürük, Şuşa həssas yerdir, orada olan hər bir şey diqqət cəlb edir. Bunu deməyə ehtiyac yox idi.
Restoranın sahibi Qarabağ qazisidir. Ümumiyyətlə, Şuşa filialında işləyən şəxslərin hamısı elə o zonadan olan məcburi köçkünlər və müharibə iştirakçılarıdır. Bu, kiminsə təlimatı və ya göstərişi ilə yox, restoranlar şəbəkəsi olaraq öz təşəbbüsümüzdür. Ona görə səslənən ittihamların hamısını yersiz hesab edirik.
İnsanlarda belə bir düşüncə var ki, burada restoran açılıbsa, hamıya pulsuz xidmət göstərməlidir. Bura bir xidmət sahəsidir, hamıya pulsuz xidmət göstərmək mümkün deyil. Biz vicdanımız qarşısında təmizik”. Turanxeber.az