Ötən gün Dövlət İmtahan Mərkəzi tərəfindən Doktorantura və dissertantura səviyyəsində xarici dildən qəbul imtahanı və fəlsəfə doktoru imtahanları keçirilib. İmtahan zamanı xarici dildən dinləmə səsləri ilə göstərilən mətn uyğunsuz olub. Bu, abituriyentlər tərəfindən narazılıqla qarşılanıb və əlavə vaxt itkisinə səbəb olub.
Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov Teleqraf.com-a açıqmasında bildirib ki, hər bir imtahanda bu kimi texniki problemlərin yaşanması başa düşüləndir.
Onun sözlərinə görə, baş verən hal DİM-in imtahanlara qeyri-peşəkar yanaşdığının göstəricisi deyil: “DİM kifayət qədər peşəkar fəaliyyət göstərir. Doğrudur, baş verən hal imtahan verən şəxslərə əlavə həyəcan, əlavə zaman itkisi yaşadır və nəticələrə birbaşa təsir göstərə bilir.
Bu kimi texniki problemlərin yaşanması ehtimalı hər zaman var. DİM-in təşkil etdiyi imtahanlarda belə xoşagəlməz hallara tez-tez rast gəlinmir. Həm imtahanı təşkil edənin, həm də imtahan verənin qarşılıqlı öhdəlikləri var. Lakin texniki proseslərdən qaynaqlanan problemlərdən heç kim sığortalanmayıbr”.
İlqar Orucovun fikrincə, sözügedən imtahanlar ildə 4 dəfə təşkil edilsə, qeyd olunan problemlərə görə imtahan verənlər əlavə vaxt itkisi ilə üzləşməz: “DİM belə imtahanları hər rübdə bir dəfə keçirsin. Bir insan uğur qazanmadısa, növbəti dəfə özünü sınaya bilər. Bütövlükdə bu prosesi idarə etmək mümkündür. Beynəlxalq SAT imtahanlarında nəticələr 2 il qüvvədə qalır. Eyni qaydanı burada da tətbiq etmək olar. Məsələn, uanvarda imtahan verir, növbəti ilin sentyabrında dərslər başlayırsa, nəticə qüvvədə qalsın. İnsanlara bir neçə dəfə imtahan keçirilməsi ilə bağlı seçim verilməsini daha doğru hesab edirəm”.
İmtahan tarixi barədə yaxın günlərdə əlavə məlumat veriləcək.