Bir çörək özün ye, birini də Allah yolunda ver.

Müsahibə
                    XEYRİYYƏÇİ  İNSAN.
Onu ilk dəfə keçən ilin aprel ayında Qobu kəndinin baba və nəvə olan iki şəhidinin – baba gizir Hüseynov Gülverdi Ağahüseyn oğlu ( 25.02.1951- 26.01.1992), nəvə çavuş Qasımov Gülverdi Abil oğlunun (15.11.1997 – 26.10.2020) xatirəsinə inşa edilmiş bulaq kompleksinin açılışında tanıdım.
Yorğun, xəstəhal gprünən, nurlu siması olan bu insan yaşından çox böyük görünürdü. Bunun səbəbini isə 1 ildən sonra biləcəkdim. Haqqında danışdığım bu insan Qobu kənd sakini, təqaüddə olan müəllim, xeyriyyəçi Məmmədov Ağasəlim Abdulkərim oğludur. Ağasəlim müəllimin evində, çay süfrəsi arxasında səmimi söhbət edirik. – Ağasəlim müəllim, zəhmət olmasa özünüzü oxucuya daha yaxından tanıtdırın. – Mən 1951-ci il sentyabrın 30-da Qobu kəndində anadan olmuşam. Atam Abduıkərim kolxozçu, anam Gülsüm isə evdar qadın olub.
12 yaşında Quranı oxuyub öyrənib. Çox ağıllı, mərhəmətli və xeyirxah bir qadın olub. Kənd camaatı Quran oxutdurmağa, məsləhət almağa onun yanına gələrdi. Sizə bir hadisə danışım. Kəndimizdə bir ailənin qızı ilə gəlini dava edir. Qız özünü yandırır. Ana da ayağını dirəyir ki, gəlini boşatdıracam. Anam həmin qadının yanına gedib dedi ki, bir ailə dağıldı, o birini də sən dağıtma. Yanında saxlamaq, görmək istəmirsənsə qoy gedib Lökbatanda yaşasınlar. Ailə dağıtmaq günahdlr, Allaha da xoş getməz. Beləliklə həmin ailə dağılmadı. İndi övladları, nəvələri var. Qadını hərdən görürəm, hər görəndə anama rəhmət oxuyur. Xeyirxahlıq bizdə irsidir. Anamın atası Kərbəlayı Əlihəsəni Maştağa bağlarından başlamış ta üzü bu tərəfə hamı yaxşı və xeyirxah bir insan kimi tanıyırdı. Rəhmətlik 37-ci ildə repressiya qurbanı oldu.
– Ağasəlim müəllim, siz pedoqoji fəaliyyətinizə harda başlamısınız?
Gülümsəyir: – Bayaq qeyd etdiyim kimi anamın çox nurlu çöhrəsi, ürəklərə sirayət edən görkəmi var idi. Kənd əhli ona “Fatimeyi Zəhra qismində bir xanım” deyirdi. O vaxt mənim təyinatımı rayonlardan birinə vermişdilər. Anamla xalq maarif naziri ( Təhsil nazirliyi o zaman xalq maarif nazirliyi adlanırdı) Mehdi Mehdizadənin qəbuluna getdik. Mehdi müəllim anamı görən kimi qeyri-ixtiyari ayağa durdu və anama: – Ana, nə qulluğun var? – Mənim oğlumu Abşerona yaz. Gülümsəyir. Beləliklə mənim təyinatımı Altıağaca verďilər. ( O zaman Altıağac və ətraf qəsəbələr Abşeron rayonunun nəzdində idi.) 9 ay- bir tədris ili Altıağacda işlədim. Yol uzaq idi, 120 km aralı məsafədə idi. Odur ki, Altıağacda qalmalı olurdum, 3 aydan bir kəndə gəlirdim. Altıağaca gedəndə Şurabaddan keçirdim. Ora nisbətən yaxın idi, 60 km uzaqlıqda idi. Hər dəfə deyirdim ki, ” Nə olaydı heç olmasa Şurabadda işləyəydim, yol yaxın olaydı.” Elə oldu ki, o biri ili Şurabadda kimya müəllimi yeri boşaldı və mən orda işləməyə başladım. Müəllimlik fəaliyyətimin çox hissəsi Şurabadda keçib. Düz 20 il burda çalışmışam.Sonra Xızı rayonu ilə Abşeron rayonu ayrıldı və mən Qobuda 1 saylı məktəbdə işlədim. Amma səhhətimlə əlaqədar burda az 5-6 il işlədim. Gözlərimdə problem yatandı, demək olar ki, gözlərim açılmırdı. Doktor Cahid Şahbazov əməliyyat edib vətər saldı və səhhətimlə əlaqədar təqaüdə çıxdım.

– Xeyriyyəçiliklə nə vaxtdan məşgulsunuz?
– Lap cavanlıqdan, müəllimlik fəaliyyətimdən çox qabaq.O zaman pullarımı yığardım bir 100 manat düzələn kimi ( gülür) deyırdim: ” Ay Allah, kimin ehtiyacı var gələydi, istəyəydi bu pulu ona verərdim”
Bilirsiniz necədir? Mən etdiklərimdən və yaş təcrübəmdən əsaslanaraq əminliklə deyirəm ki, insan nə qədər çox yardımlaşarsa, ehtiyacı olana əl tutarsa Allah adamın həm səhhətinə, həm malına on qat bərəkət verir. Bildiyiniz kimi bizim ərzaq mağazamız var. İnanın, maşallah, Allah ruzimizi başımızdan tökür. Biz də özümüzə borc bilirik ki, malımızı Allah yolunda xərcləyək. – Neçə övladınız var? Sizcə gələcəkdə övladlarınız sizin xeyriyyəçilik missiyanızı davam etdirəcəklərmi? – 4 övladım var, 2 qız, 2 oğlan. İndi də kiçik oğlum Fariz hər işdə mənə dəstəkdir. Mən 280 manat təqaüdlə nə edə bilərəmki? Mağaza oğlum Farizindir və o sevə-sevə hər şeydə yardım edir. – Ağasəlim müəllim, baba və nəvə olan şəhidlər, hər iki Gülverdinin xatirəsinə bulaq tikdirmidiniz. Necə oldu bu qərarı aldınız? – Bir gün nəvəm Xanım, o zaman birinci sinifdə oxuyurdu, dedi ki, baba gəl bulaq şəkli çəkək. Mən rəsmi çəkdim, Xanımsa bulağın bir tərəfinə Azərbaycan bayrağının, bir tərəfinə isə Türkiyə bayrağının rəsmini çəkdi. Düzü nə vaxt idi ürəyimdən Gülverdinin adına bulaq tikdirmək keçirdi. Elə həmən evdə də məsləhətləşdim. Hamı alqışladı və razılıq verdi. Sonra şəhidin ailəsindən icazə aldım. Onlarda məmnuniyyətlərini bildirdilər. Yanvarın 11-də tikintiyə başladıq. Düz 75 gün müddətinə tikildi. Bir stulum var, onu da götürüb bir divar dibinə qoyub otururdum orda işə nəzarət edirdim. Nəzarət olmasa iş getməz. Qonşular sağ olsunlar gəlirdilər, biri deyirdi “ay müəllim adyal gətirək”, biri deyirdi ” ay müəllim, çay gətirək”. Beləcə 75 günə bulaq tikilib hazır oldu.

Fotoğrafı Aç
Həm şəhid qızı, həm də şəhid anası olan Pakizə Qasımovanın dediklərindən: ” Ağasəlim müəllimi kənardan tanıyırdım, haqqında həmişə yaxşı sözlər eşitmişdim, amma ünsiyyətim olmamışdı.
Bulaq kompleksinin tikintisində çox ünsiyyətdə olduq və bu adamın çox sadə, mehriban, xeyirxah biri olduğunun şahidi oldum. Bulaq 75 günə tikildi. Bu müddət ərzində hər gün ustalarla bərabər gəlib, onlarla bərabər gedirdi. Hava soyuq da olurdu, günəşli də olurdu. Ona nə qədər israr etsəmdə ki, ay müəllim gəl evdə otur, hərdən çıx nəzatət elə, o etiraz edirdi. Deyirdi nəzarət olmasa iş getməz. Hər daşa da gərək fikir verəsən ki, iş qaydasında getsin. Ağasəlim müəllim hətta ustaları nahara öz evinə aparmaq istəyirdi. Yoldaşım buna etiraz etdi. ” Həm bulaq tikdirəcək, həm də maşınla o başa- bu başa əziyyət çəkib usta daşıyacaq, buna razı olmaram. Yeməyi özümüz verəcəyik”. Bundan sonra Ağasəlim müəllim razı oldu. Ağasəlim müəllim kənddə çox adama əl tutub, kömək edib. Elə burda bizim qonşuluqda bir kasıb ailə var. Onun həyətinə darvaza qoydu. Evini də tikib düzəltmək istəyirdi, qonşu razı olmadı. Kompleksin tikintisindən sonra bulağın yanıbdakı divara ” Qarabağ Azərbaycandır” yazdırıb şəhid oğlumun ildönümündə hədiyyə etdi və dedi ki, bundan gözəl heç bir hədiyyə verə bilmərəm.Düz də dedi. Həqiqətən bundan gözəl heç bir hədiyyə ola bilməzfi.Ağasəlim müəllimin özü də, həyat yoldaşı da, oğlu Fariz də çox gözəl, xeyirxah, qabiliyyətli insanlardır. Allah onlara uzun ömür,can sağlığı versin, ruzilərini bol etsin .
Qobu kənd 1 saylı orta məktəbdə Ağasəlim müəllumlə birgə çalışmış, təqaüddə olan dil-ədəbiyyat müəllimi İmaməliyeva Bibixanım müəllimənin söylədikləri. ” Mən Ağasəlim müəllimlə bir məktəbdə işləmişəm. Ağasəlim müəllim hələ cavan vaxtlarından çox diqqətcil, xeyirxah bir insan idi. Mən həyat yoldaşımı erkən itirmişəm. Bir gün müəllimlər otağında söhbət edirdik. Ağasəlim müəllim bir kənarda oturub işi ilə məşğul idi. Müəllimlər mənə təklif etdilər ki, Bibixanım müəlimə, qardaşın hər yeri tanıyır, de səni Moskvaya aparsın, uşaqlarına, özünə əyin-baş al. O zaman belə bolluq deyildi. Yaxşı və ucuz paltar almaq istəyən Moskvaya gedirdi. Mən də dedim ki, min manatım var, bu çox azdır, bununla hara gedim? Min manat da olsaydı gedərdim. Bunun üstündən 2-3 gün keçdi bir də gördüm Ağasəlim müəllim bizə gəldi. İsrarla nə qədər çağırdımsa evə keçmədi. Mənə dedi ki, bacı, istəmədən qulaq müsafiri oldum, min manat lazımındır. Evdə anama da danışdım, o da məsləhət gördü ki, sənə kömək edək.Al bu min manatı uşaqlarına nə istəyirsən al. Sonra zarafatla dedi ki, 40 dənə 25-lik verirəm, pulumu nə zaman qaytarsan belə qaytar. Mən Moskvadan qayıdanda ona köynək və alman sabunu almışdım. Köynəyi qəbul etmədi, sabunu isə götürdü. Ümumiyyətlə Ağasəlim müəllimin ailəsi dindar, inanclı və xeyirxah ailədir. Allah ona ömür versin, çox yaxşı adamdır müəllim.” Kənd ağsaqqalı olan Ağasəlim müəllim gücü və imkanı çatdığı qədər eytiyacı olanlara yardım edib. Eldar Abdulla oğluna hamam tikdirib, Ağalar Qafar oğlunun evinin üstünü şifer etdirib, Şurabad qəsəbə sakininin xəstə uşağının müalicəsinə yardım edib və s. Xatırlayırsınızsa yazımın əvvəlində demişdim ki, keçən il Ağasəlim müəllimlə tanışanda yaşlı və xəstə görünürdü. Bulaq kompleksinin tikintisində soyuq, külək demədən düz 75 gün səhərdən axşama qədər orda olmaq təbii ki, öz təsirini göstərmişdi. Bu gün isə Ağasəlim müəllimi daha gümrah, daha sağlam görürəm və söhbətimizi davam etdiririk. – Bulaq kompleksindən bir şeyi də danışım sizə. Noyabrın 15-i şəhid Gülverdinin mövludu günü idi. Gördüm yox e, ürəyim nəsə narahatdır, cibimdə də bir az pulum var nəsə etmək istəyirəm. Birdən ağlıma bir ideya gəldi. Mağazaya gedib kiçik və rəngli lampalar aldım. Həmən “Qarabağ Azərbaycandır” yazısını bayrağımızda olduğu kimi göy, qırmızı, yaşıl rəngli lampalarla bəzədik.
O vaxtdan düz 7 aydır ki, axşamlar bu möhtəşəm ifadə işıq saçır. Bu da şəhidimizə mövlud hədiyyəsi idi

-Ağasəlim müəllim, son olaraq gələcək işlərinizdən və oxuculara ürək sözlərinizi deyərdiniz.
– Gələcəkdə görəcəyim işlərdən ən böyük arzum kəndin küçələrinin işıqlandırılmasıdır. Mən dünyagörmüş insanam. Bayaq da qeyd etdim Allah yolunda görülən xeyir iş əvəzsiz qalmır. Atalar gözəl deyib ” Çörəyin birini özün ye, birini də Allah yolunda ver” Hər kəs biri birinə əl tutsa ehtiyac sahibi də qalmaz. Biz malımızla, pulumuzla imtahandayıq. Allahın bizə verdiyi ruzidən Allahın bəndələrinə də əl tutmağı bacarmallyıq. Son olaraq isə başda prezident İlham Əliyev olmaqla bütün xalqıma sağlam can, əmin-amanlıq arzulayıram. Allah Ali Baş Komandanı və Ordumuzu qorusun.

Turanxeber.az Lalə Cavadqızı  Bakı

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir