Jurnalist Əfqan Sadıqov əfvə düşdü

ölkə

Prezident İlham Əliyevin mayın 27-də imzaladığı əfv sərəncamı jurnalist Əfqan Sadıqovun da cəzanın çəkilməmiş hissəsindən azad edilməsini nəzərdə tutur.

Turanxeber.az bildirir ki, Əfqan Sadıqov Azel.tv saytının baş redaktorudur. Jurnalist 2020-ci il mayın 13-də tutulmuş, həmin il noyabrın 3-də xeyli miqdarda əmlakı hədə-qorxu ilə tələb etmədə təqsirli bilinərək 7 il müddətinə azadlıqdan məhrum edilmişdi. 2021-ci il yanvarın 28-də Əfqan Sadıqova təyin olunan azadlıqdan məhrumetmə cəzasının müddəti 6 ilə, həmin il iyulun 2-də 4 ilə düşürülmüşdü.

Hüquq müdafiəçiləri adı siyasi məhbus siyahılarında keçən, “Tərtər işi” və “Gəncə işi” dalğalarında tutulmuş bir qrup şəxsin də əfv olunduğunu bildirir.

2017-ci il mayın 8-də Baş Prokurorluq, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti birgə bəyanat yayaraq bildirib ki, Tərtər rayonu istiqamətində bir qrup hərbi qulluqçu və mülki şəxs hərbi sirr təşkil edən məlumatları xarici düşmənə ötürüb, toplanmış materiallar əsasında 3 may 2017-ci ildə Hərbi Prokurorluqda cinayət işi başlanıb, bir qrup hərbi qulluqçu və mülki şəxs həbs edilib.

“Tərtər işi” adı ilə tanınan bu iş üzrə yüzlərlə hərbi qulluqçu ermənilərlə məxfi əməkdaşlıqda şübhəli bilinməklə fiziki təsirlərə və qanunsuz sorğuya məruz qalıb, bir çox şəxs xəsarətlər nəticəsində həlak olub.

2018-ci il iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı və Gəncə Şəhər Baş Polis İdarəsinin serjantı odlu silahla vurulub. Hadisəni Rusiya Federasiyasının vətəndaşı olan gəncəli Yunis Səfərovun törətdiyi açıqlanıb. Rəsmi versiyaya görə, Yunis Səfərovun terror aktını törətməkdə əsas məqsədi Azərbaycanda şəriət qanunları ilə idarə olunan islam dövləti qurmaq, bunun üçün bir neçə tanınmış dövlət məmurunu öldürməklə ajiotaj, xaos, vahimə yaratmaq, nəticə etibarilə hakimiyyətin zorla ələ keçirilməsini təşkil etmək olub.

İyulun 10-da 150-200 nəfər Gəncə Şəhər İcra Hakimiyyətinin inzibati binasının önündə aksiya keçirməyə cəhd göstərib. Rəsmi versiyaya görə, dini radikallar olan həmin şəxslər polis əməkdaşlarına küt və kəsici-deşici alətlərlə müqavimət göstəriblər, bu zaman iki polis zabiti həlak olub.

Gəncə hadisələrinə görə xeyli şəxs cinayət məsuliyyətinə alınıb. Yunis Səfərov ömürlük həbs cəzasına məhkum edilib.

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.