“ŞUŞA İLİ” TƏDBİRLƏRİ

ölkə
“ŞUŞA İLİ” TƏDBİRLƏRİ
Təyəmmüm qıl desəm yoxdur bu dünyada təmiz torpaq,
Şəhidlər qanı basmışdır bütün bərrü-biyabanı!
(Xaqani Şirvani)
Ulu Tanrının adı ilə!

May ayının 15-də Bakının səfalı Mərdəkan kəndində Abşeron rayon
ziyalılarının iştirakı ilə “Abşerondan Şuşanın ətri gəlir” adlı ədəbi-bədii xeyriyyə tədbiri keçirilmişdir. Tədbirdə şəhid ailələri, qazilər, veteranlar, alimlər, şair və yazıçılar iştirak edirdilər. Tədbirə bir çox böyük tədbirlərin təşkilatçısı olan Bakı xeyriyyəçisi, əslən Şüvəlanlı Hacı İntiqam Atayev ev sahibliyi edirdi.
Ümumiyyətlə xeyriyyəçilik tədbirlərinin təşkilatçılığında böyük təcrübəyə malik olan Hacı İntiqam tanınmış Abşeron rayon ziyalılarını bir araya toplayıb “Şuşa ili” çərçivəsində yüksək səviyyəli bir tədbir hazırlamışdı. Keçirdiyi digər tədbirlər kimi bu tədbir də təqdirə layiq idi.
Tədbir Mərdəkan Mədəniyyət Evində keçirilirdi. Təntənəli Azərbaycan himni çalındı və səhnəyə Azərbaycanın bayrağı gətirildi. Bu bayraq Şuşanın alınmasında hər iki gözünü itirərək əlil olmuş, əslən Abşeron rayonunun Novxanı kəndindən olan Qazi Əliyev Amil Faiq olğlunun əlində elə bir möhtəşəm məna kəsb edirdi ki, iştirakçılar özlərindən asılı olmayaraq həyəcanlanırdı. Əliyev Amil Faiq olğlu Ağdərə-Suqovuşan istiqamətində yaralanaraq gözlərini bu Vətən yolunda fəda etmiş qazimizdir.
Məclisin açılışında tədbir iştirakçılarını salamlayan Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün 3 saylı İnternat məktəbinin müəllimləri İzolda xanım Hüseynova və Ayan xanım İmanova şagirdlərin ifasında gözəl bir giriş etdi. Şagirdlərdən Sevinc, Fidan, Fatimə, Məhəmməd, Yusif və Hüseyn Azərbaycan himnini gözəl bir şəkildə ifa etdilər. Bu, onların vətənpərvərlik tərbiyəsinin etibarlı əllərdə olduğunu nümayəş etdirdi.
Sonra şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi. Tədbirin aparıcısı Ötərxan Eltac tədbir iştirakçılarını salamladı və onlara xoşgəldiniz dedi.
İlk olaraq söz Buzovna Cümə Məcsidinin axundu Hacı Soltan Əlizadəyə verildi. O, iki dəfə Şuşada Gövhər Ağa Məscidini ziyarət etməsindən danışdı və
Qarabağa həsr etdiyi şeirlərini oxudu. Sonra söz şəhid Milli qəhrəman Elçin Mansurovun anası Məleykə xanıma verildi. Bu çıxışlardan sonra əslən Şirvan bölgəsindən olan xanəndə Ağa Kərim Nafizə verildi. O, əvvəl öz yazdığı qəzəli oxudu, sonra bir təsnifi məclis əhlinə çatdırdı.
Sonra söz mərhum tarixçi alim Əzizə Cəfərzadənin yadigarı Turan İbrahimova verildi. O, məclisi salamlayandan sonra anasının Şuşa ilə bağlı xatirələrindən söhbət açdı.
Söz şairə-xanəndə Ziba xanıma verildi. Ziba xanım həm şeirlərini, həm də Şuşa ilə bağlı mahnı ifa etdi.
Sonra balaca qız Səlimova Nuray səhnəyə qalxdı və Azərbaycanın işğal olunmuş rayonlarının ermənilər tərəfindən təhrif olunmuş adlarını yenidən düzgün formada məclis əhlinə çatdırdı və Şuşa barədə şeir ifa etdi.
Məşhur musiqiçi, sənətşunaslıq elmləri doktoru, professor Abbasqulu Nəcəfzadəyə söz verildi. O nəfəs alətlərində bir neçə musiqi parçası ifa etdi.
Sonra “Aylı gecə” qəzetinin təsisçisi və redaktoru Oqtay Quliyevə söz verildi. Qəzetin redaktor müavini Sevda Məmmədova “Aylı gecə” qəzetindən tədbir iştirakçılarına payladı.
Maraqlı və təsirli çıxışlardan biri də dahi Cavidin məzarını Sibirdən Azərbaycana çiyinlərində gətirən Həmid müəllimin çıxışı olmuşdur.
Sonra məclisin aparıcısı Ötərxan Eltac Qarabağ qazisi, əslən Zəngilandan olan, hazırda Bakının Xətai rayonunda yaşayan və bir sıra tədqiqat əsərlərinin müəllifi, ruhani –yazar Hacı Həsən Hüseyniyə söz verdi.
O, Birinci Dərəcəli Müharibə Əlili olmasına, dayaq sistemindəki çətinliyə baxmayaraq əsanın köməyi ilə səhnəyə qalxdı. Tribunaya tərəf deyil, bayrağa tərəf yönəldi. Hər kəs bu mənzərəni diqqətlə seyr edərək nə baş verdiyini sual dolu baxışlarla izləyirdi. Bir anlıq dərin sükut yarandı. Ağır addımlarla bayrağın qarşısına yeriyən Həsən zəif dizi əssə də onu bayrağın qarşısında yerə qoydu və bayrağı öpdü. Sanki hərəktləri ilə:
Sən bizimsən, bizimsən, durduqca bədəndə can,
Yaşa! Yaşa! Çox yaşa! Ey şanlı Azərbaycan! – deyirdi.
Kövrək baxışlar göz yaşlarına qərq oldu. Bununla sübut etdi ki, o, hələ də bu bayraq qarşısında son damla qanına qədər əsgərdir. Alqışlar altında çıxışı üçün tribunaya yönələn Həsən Hüseyni çoxdandır belə tədbirlərin keçirilmədiyini, pandemiya dövrünü nəzərə alaraq keçən illərdəki tədbirlərin hesabatndan başladı.
Azərbaycan Respublikasının Prezidenti və Ali Baş Komandanı İ.Əliyevin sərəncamı ilə 2019-cu ilin “Nəsimi ili” elan edilməsi, onun 650 illik yubileyi və Dədə Şəmşirin 125 illik yubiley tədbirlərinin respublika səviyyəsində keçirilməsi və özünün orada iştirakı barədə qısa məlumat verdi.
Qazi Hacı Həsən Hüseyninin 08.12.2021-ci il tarixdə öz evində keçirdiyi konfrans səviyyəli tədbirində mən də iştirak etmişdim. Orada AMEA-nın Tarix İnstitutunun mərhum tarixçi-alimi Dilavər Əzimlinin, dilçi, nəsimişünas-alim Baba Məhərrəmlinin, AMEA-nın Əlyazmalar İnstitutunun böyük elmi işçisi Sona Xəyalın və Vərağa Almaslının, Abşeron rayon qazısı, Sumqayıt Cümə Məscidinin axundu Hacı Raufun iştirakını və həmçinin paytaxtın ən tanınmış ruhani kontingentinin təmsil olunmasını ilin hadisəsi hesab etmək olardı. “Nəsimi ili”nin yekunlarına dair və konfrans materialları mətbuatda işıqlandırıldı və AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşı V.Almaslı ilə həmmüəllifi olduğu “Nəsimidən nəsimlər I” adlı kitab işıq üzü gördü.
Azərbaycanın böyük filosof- şairi, hikmət sahibi Şeyx Nizami Gəncəvinin 880 illik yubileyi ilə bağlı 11 iyun 2021-ci və 25 iyul 2021-ci il tarixdə keçirilmiş Dədə
Ələsgərin 200 illik yubileyi ilə bağlı hər iki tədbirin təşkilatçılığına görə Hacı İntiqama fürsətdən isifadə edib bir daha minnətdarlıq ifadə etdi. Həmin məclislərin aparıcısı da məhz bu gün “Şuşa ili” ilə bağlı tədbirdə çıxış edən qazimiz Hacı Həsən Hüseyni olmuşdur. O, apardığı tədqiqat işlərindən və çap etdirdiyi əsərləri barədə məlumat verdi. H.Hüseyni daha sonra tədbirlərdən və ona həsr olunmuş dəyərli bir əsərin çapa təqdim edilməsindən danışdı. Bildirdi ki, istər ön cəbhədə, istər arxa cəbhədə daim tətikdə, daim oyaq, daim xidmətdə olmaq onun vəzifəsidir. Çıxışlarında həmişə bədii parçalara yol verən Həsən Hüseyninin çıxışı həmişəki kimi dinləyiciləri valeh etdi. O əsgər kimi də, tədqiqatçı publisist kimi də parlaq idi.
Hacı əslən cənubi Azərbaycandan olan şair Oruc Dadaş Elmanın
“Azərbaycanımız” rədifli qəzəlini tədbir iştirakçılarının diqqətinə çatdırdı:
Sənin olsun canımız,canlı Azərbaycanımız,
Yazılan alnımıza, şanlı Azərbaycanımız!
Adı Az ərlərinin varlığına tək yaranan,
Dayanıb zirvədə, ad- sanlı Azərbaycanımız!
Güneyin günlərini saydı günəş,yaydı quzey,
İki qardaş bir Araz yanlı Azərbaycanımız!
Adının can sözü heç ölkədə yox,ay canımız
Adı Azər,eli Baycanlı Azərbaycanımız!
Ana yurdun canına canları qurban demişik,
O şəhidlər kimi qurbanlı Azərbaycanımız!
Yaradan yer üzünün cənnəti etmiş belə ki,
Tanınıb ellərə rizvanlı Azərbaycanımız!
Qabağında əyilən düşməninin başlarıdır,
Baş uca, arxa dayaq şanlı Azərbaycanımız!
Savalan Qoşqarımız, birdə ki Dağlıq Qarabağ
Bu Səhəndin canı, vulkanlı Azərbaycanımız
!
Uca türkün yeridir varlı oğuzlar diyarı,
Paşa xaqan bəyilən xanlı Azərbaycanımız!
Səfəvilər tacının şanlı Xətayi evidir,
Qoca Təbriz, ulu Zəncanlı Azərbaycanımız!
Günəşin qoynuna ulduzlarınan ay yaradır,
Gecə-gündüzlü, obaşdanlı Azərbaycanımız!
De Nəsimi, de Fizuli, tanınan Şəhriyarın,
O Nizami deyə divanlı Azərbaycanımız!
Xəzərin dalğalı qoynunda yatan can Bakıdır,
Yayılan Gəncədə, şirvanlı Azərbaycanımız!
Qanadından açılan bayrağına candı yaşıl,
Qızaran göydə qızıl qanlı Azərbaycanımız!
Dənizin dalğalı qoynunda güvənli gəmidir,
Özü tarixdi, bu tufanlı Azərbaycanımız!
Açılan hər günüzün mahnılı bir dan yeridir,
Sazınan tarda yaradanlı Azərbaycanımız!
Ata Babək, Dəlalı qoç Nəbi, Səttarxanınan
O Cəvanşir kimi oğlanlı Azərbaycanımız!
Dədə Qorqud kimi ər boyda qurub söz ocağın,
Dəli Dümrülü, Qazanxanlı Azərbaycanımız!
Gözü Ərtunqa kimin türkə qızıl quşdu baxır,
Atila şəmşiri turanlı Azərbaycanımız!
Balazər Burla Həcərlər qızı Zeynəb paşalar,
Analar tak dişi aslanlı Azərbaycanımız!
Dəyərin olsa adın keçsə elin yaddaşına,
Gələcəklər deyə Elmanlı Azərbaycanımız!
Çıxışının sonunda bildirdi ki, hörmətli Ali Baş Komandanın əmrləri onun üçün gündəlik iş planıdır. 2022-ci ilin prezidentin sərəncamı ilə “Şuşa ili” elan edilməsi də Hacı Həsən Hüseyninin yaradıcılığında və iş planında ən vacib proqramdır. İlboyu Şuşa ili tədbirlərində iştirakı və şəhidlərin bir çoxunun haqqında yazdığı məqalələr bir toplu halında nəşrə hazırlanır.
Çıxışına həmişəki kimi şair dostu Kərəm Kürqıraqlının “Allah” rədifli şeirini ifa etdi. Olduqca həyəcanlı və qəlbə toxunan şeirin sözləri ürəkləri riqqətə gətirsə də artıq Allaha ucalan fəryadın qələbə göz yaşıları ilə əvəz olunması hər kəsin sevincinə səbəb oldu.
Qazi çıxışının sonunda axund Hacı Soltanın yazdığı “Xuda” rədifli minacat – qəzəli məclis əhlinə çatdırdı. Təbərrük olaraq həmin qəzəlin iki beytini təqdim etməyi lazım bilirəm:
Taci- lütv ilə məqam ver bu həqir bəndələrə, Necə şahlıq verilib Yusifi-Kənana Xuda!
İmtahan etmə bu torpağı savaş zülmü ilə,
Qəsəm ol Əhmədi- Muxtar, Şəhi- Mərdanə Xuda!
Qazi, yazar və ruhani Hacı Həsən Hüseyninin bu ilhamlı çıxışı hərarətlə qarşılandı.
Qazi Hacı Həsən Hüseyninin ətraflı çıxışından sonra Ötərxan Eltac “Leyla”
MMC-nin təsis etdiyi diplomu qazimizə təqdim etmək üçün el şairi Kərəm Kürqıraqlını səhnəyə dəvət etdi. Kərəm Kürqıraqlı təşkilatçı Hacı İntiqama və aparıcı Ötərxan Eltaca təşəkkür etdikdən sonra diplomu qazimizə təqdim etdi. Sonra möminlər ağası Həzrəti –Əlinin (ə) şənində yazdığı “Ərəb Əbdəvidlə davaya girib, Qılıncın başına endirən Əli” rədifli qoşmasını oxudu.
Azad edilmiş torpaqların abadlaşması və bu qəbildən olan tədbirlərin həmin rayonlarda da qeyd olunması arzularını dilə gətirən iştirakçılar istəklərini qaziləri səhnəyə dəvət etməklə ifadə etdilər. Mən hiss etdim ki, bu tip tədbirlər insanların mənəvi cəhətdən sıxlaşmasına, maariflənməsinə və Vətənə sevgi tərbiyəsinə səbəb olur, onlar ruhən birləşir və formalaşır. Qazilər səhnədə olarkən İkinci Qarabağ müharibəsində fəallığı ilə fərqlənən komandirlərindən biri öz ürək sözlərini məclis əhlinə çatdırdı. Onu da qeyd etmək yerinə düşər ki, Azərbaycan Respublikası Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Zəngilan rayon şöbəsinin sədri Azad Musayev tədbirin işində fəal iştirak etdi və çıxışında tədbirin təşkilatçılarını, həmçinin məclis əhlini təbrik edib, şəhidlərimizə Allahdan rəhmət, qazilərə şəfa, Ordumuza uğurlar dilədi.
Tədbir iştirakçılarından “Şahənşah” Şadlıq Evinin rəhbəri Rəşid müəllimin, “Dədə Ələsgər” İctimai Birliyinin sədr müavini şairə Güllü Tumarlının, şair Hacı Gülbala Fənainin, Ağasəlim Əmrinin, Fəxrəddin Meydanlının, şairə Tahirə xanımın, Püstə xanımın, “Milli Mənəvi Dəyərlərimiz” verilişinin layihə rəhbəri və aparıcısı Aygün Hüseyninin, şəhid bacısı Maya xanımın, və başqalarının çıxışları məclisin əlvanlığını daha da artırdı.
Ulu öndərin bahar qızı aktirisa İlahə xanım Rəşidovaya söz verildi və o da bir neçə şeir ifa etdi.
Sonra söz Xanəndə Xasay bəyə verildi. Onu müşahidə elədi tarda Respublika Beynəlxalq Müsabiqələr Lauriyyatı, A. Zeynallı müsiqi kollecinin tələbəsi Elmar Xasayoğlu və kamança ifaçısı musiqişunas Hamil Şamiloğlu.
Fotoqraf-şair Bayram Afurcalı və bütün kadrları gözdən qaçırmayan Sevda xanım Məmmədovaya tədbirin işıqlanmasında xüsusi zəhmətinə görə təşəkkür edirik.
Son olaraq Mərdəkan Mədəniyyət Evinin rəhbərinə və kollektivinə təşkilatçı
Hacı İntiqama, aparıcı Ötərxan Eltaca və tədbirin iştirakçılarına bu tədbirə görə təşəkkür edirəm və davamlı olmasın arzulayırıq
Beləliklə bədii hissə başa çatdı, sonra Çay Evində çay və şirniyyat süfrəsi açıldı.
Turanxeber.az
Yazının Müəllifi Dilbər Agayeva,
Redaktorları Hacı Həsən Hüseyni və Azad Musayev.

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir