22.10.2021 19:47

“Onsuz da bizi saymırsınız...” – Milli Məclisdə 50 manatlıq çay söhbəti

Milli Məclisin bugünkü plenar iclasında çıxış edən deputat Tahir Kərimli hökumətin iştirakı ilə büdcə müzakirələrinin olacağını xatırladıb və hökumət üzvlərini tənqid edib.
 
 T.Kərimli hökumət üzvlərinin qaldırılan problemlərə biganəliyindən gileylənib:
 
 
"Hərdən hökumət üzvləri başını qaldırıb sağa baxacaq, sanki Tahir Kərimlini növbəti dəfə "QAİ” saxlayıb. Səhiyyədən danışacağıq, səhiyyə naziri cavab verməyəcək, təhsildən danışacağıq, təhsil naziri cavab verməyəcək. Balam, prezident səni vəzifəyə qoyub, üzərinə düşənləri et, islahatlar keçir! Sənə deməyib ki, get, 190 min ailənin pensiyasını kəs! Nə vaxta kimi prezidentin arxasında gizlənəcəksiniz, nə vaxta kimi xalqdan qaçacaqsınız?”
 
T.Kərimli hökumət üzvlərini qaldırılan məsələlərin əksi istiqamətində fəaliyyət göstərməkdə ittiham edib:
 
 

"Təklif edirik ki, uşaqpulu verilsin, əksinə çıxırlar. Deyirik benzinin qiymətini aşağı salın, əksinə, qaldırırlar. Pensiyanı artırmağı təklif edirik, məhəl qoymurlar. Tarif Şurası yaradıb, onun arxasında gizlənirsiniz. Nə deyirik, tərsinə edirsiniz. Onsuz da biz deyəni etmirsiniz, bizi saymırsınız! O boyda Qarabağın bərpası məsələsini qoymuşuq, Türkiyədən başqa investisiya qoyan yoxdur. Bir dənə istehsal sahəsi qurmursunuz. Camaata deməyə sözümüz yoxdur. Biz 50 manat verib, bir çaynik çay içirik, rayonda isə 9-10 kişi toplaşır ki, 20 qəpikdən yığıb, 1 çaynik çay içək!”

Xəbər lenti