22.10.2021 20:49

Kəlbəcərdə minaya düşərək şəhid olan jurnalist, operator və məmur... - VİDEO

Bu dəhşətli hadisə Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində qeydə alınıb.

Çəkiliş qrupunun üzvlərini aparan “KamAZ” markalı sərnişin avtomobili iyunun 4-ü səhər saatlarında tank əleyhinə minaya düşüb.

{youtube}rOKfxT51tr0{/yotube}

 

Partlayış nəticəsində xidməti vəzifələrinin icrası ilə əlaqədar Kəlbəcərə ezam olunmuş televiziya kanallarının və xəbər agentliklərinin əməkdaşları - AzTV-nin operatoru, 1989-cu il təvəllüdlü Sirac Abışov və AZƏRTAC-ın müxbiri, 1982-ci il təvəllüdlü Məhərrəm İbrahimov, habelə rayon icra hakimiyyətinin Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini, 1983-cü il təvəllüdlü Arif Əliyev həlak olub, daha 4 nəfər isə yaralanıb. Minaya düşərək xəsarət alanlardan biri AzTV-nin rejissoru Emin Məmmədovdur. O, hadisənin səhəri günü xəstəxanadan evə buraxılıb.

Rəsmi məlumata görə, xidməti vəzifələrini yerinə yetirərkən həlak olan Məhərrəm İbrahimov, Sirac Abışov və Arif Əliyevə şəhid statusu verilib.

Faktla bağlı Hərbi Prokurorluqda Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.6 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) və digər maddələri ilə cinayət işi başlanıb.

Prezidentin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev şəhid jurnalist Məhərrəm İbrahimovun və operator Sirac Əliyevin vida mərasimində iştirak edib.

İyunun 5-də Məhərrəm İbrahimov Abşeron rayonu, Müşfiqabad qəsəbəsindəki qəbiristanlıqda, valideynlərinin məzarı yanında, Sirac Abışov Sumqayıt şəhər Şəhidlər xiyabanında və Arif Əliyev isə Göygöl rayonunda yerləşən Kəlbəcər Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Hadisə ilə bağlı bir çox xarici media məlumat yaydı, beynəlxalq təşkilatlar bəyanat verdi.

Xatırladırıq ki, bir müddət öncə Kəlbəcər istiqamətində Azərbaycan ərazilərinə daxil olaraq, ərazidə yolların minalanmasına yönəlmiş təxribat törədərkən Ermənistan silahlı qüvvələrinin bir qrupu saxlanılıb. Bu da bir daha onu göstərir ki, Ermənistan tərəfi həm hərbi, həm də mülki şəxslərin həyatı və təhlükəsizliyinə ciddi təhlükə yaratmaqda davam edir. Mütləq ərazidə anti-terror əməliyyatı aparılmalıdır.

Allah rəhmət eləsin!

Xəbər lenti