22.10.2021 19:03

Atom bombasından güclü “boz qurd” işarəsi

Oktyabr ayının birindən İran, Azərbaycanın Ermənistan işğalından azad olunmuş əraziləri ilə həmsərhəd olan Arazboyu zonada hərbi təlimlərə başlayıb. 30 ilə yaxın Ermənistan işğalında olarkən həmin bölgədə heç bir hərbi təlim keçirməyən İİR – in qəflətən nədən belə hərəkət etməsi, əlbəttə ki, onun bölgədə artan Türkiyə nüfuzunun qarşısının alınmasına, Zəngəzur dəhlizinin açılmasına bacardığı qədər mane olmağa hesablanıb. İranın bu çabaları boş şeydir və onun bu hərəkəti bu vaxta qədər pərdələməyə çalışdığı anti – Azərbaycan, anti – Türkiyə siyasətinin tam ifşası və iflası ilə nəticələnəcək.
Bu arada, İran Azərbaycanda mətbəxdə bozbaş bişirən qadınları da “əziyyətə” salıb. İran rejimi, Azərbaycan hökumətinin yarıtmaz sosial siyasəti nəticəsində müflisləşən əhali arasında qəpik – quruşa öz casus şəbəkəsini yaratmışdır. Bəzi qadınlar İranvari qiyafədə, İsraili, şəhidinin ölümündə günahlandırır, bəziləri isə, elə həmin tərzdə Azərbaycan dövlətinə barmaq silkələyir.

Bu arada, Azərbaycan hökumətinə bir xatırlatma: Bu günə qədər “İranın casusu” deyib həbs edilmiş bütün siyasi məhbuslar dərhal azad edilib, yerinə bu gün Azərbaycan dövlətinə barmaq silkələyən həmin həqiqi casuslar həbs olunmalıdır.
Taleh Bağırzadə və digər siyasi məhbuslara “İran casusu” damğası vurub həbsə atanda məlum idi ki, əgər onlar İranın həqiqi casusları olsaydı, İranın qorxusundan Azərbaycan hakimiyyəti heç vaxt onları həbs etməzdi.

Onu da qeyd edək ki, İranın “əzələ nümayişi” heç kimi narahat etməsə də, Azərbaycan, Türkiyə, hətta Pakistan hər ehtimala qarşı, bir sıra qabaqlayıcı tədbirlər görmüşlər.
İsrail isə xəbərdarlıq etməklə yanaşı, deyəsən, əməli tədbir də həyata keçirmişdir. Belə ki, bu gün İranın nüvə silahı hazırlayan obyektində partlama baş verib. İran özü də bilmir ki, bu partlayış nə cür baş verib, çünki dağıntı, əsasən, obyektin daxilində olubdur. Bəzi məlumatlara görə, İranın nüvə silahı hazırlığının başa çatmasına az ( təxminən bir ay) vaxt qalıb.
Odur ki, İranın bu hərbi təlimlər provakasiyası onun özünün əleyhinə işləyir.
Doğrusu, bu yazının əmələ gəlməsi üçün əsas səbəb, bu gün sosial şəbəkələrdə yayılan bir şəkil oldu.
İran ordusunda xidmət edən iki (yəqin ki, türk ) hərbçi üzlərini örtərək “boz qurd” işarəsi vermişlər.
Yəni, bu, İran rejiminə işarədir ki, onlar Arazın o tayında olan qardaşlarına güllə atmayacaqlar. Mənə elə gəlir ki, bu işarə İrana qarşı olan xəbərdarlığın ən güclüsü və ən efeffektlisidir, hətta Pakistanın və İsrailin atom bombasından da.
Azərbaycan tərəfinə atılan tək qurşun belə, sosial, siyasi, etnik problemlərlə çulğalaşan İranın çökməsinə və dağılmasına səbəb ola bilər.

Xəbər lenti