22.10.2021 20:58

"Sübut edə bilmədilər, düz sifətinə atəş açdım"

"Sübut edə bilmədilər, düz sifətinə atəş açdım" - Bakıdakı qətlin istintaq materialı

Bakının Binəqədi rayonunda odlu silahla qətlə yetirilən kriminal avtoritet Mübariz Budaqlının cinayət işi üzrə təfərrüatlar məlum olub.

 Hadisə Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi ərazisində, "Favorit" supermarketinin yanında qeydə alınıb. 43 yaşlı kriminal avtoritet Budaqlı Mübariz Mürsəl oğluna aid "Mercedes" markalı avtomobilə atəş açılıb. M.Budaqlı başına açılmış atəş nəticəsində həyatını itirib. Bir müddətdən sonra Dövlət Yol Polisi əməkdaşları qətli törətməkdə şübhəli bilinən Cəlalov Taleh İbrahim oğlu və Hüseynov Səxavət Oruc oğlunu saxlayıblar. İstintaqın gedişatı zamanı Səxavət Hüseynovun qardaşı Vüsal Hüseynov və İmran Bəbirov da iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib.

İş üzrə dindirilmiş Taleh Cəlalov bildirib ki, 2007-2008-ci illlərdə Ariz Qəhrəmanovla birlikdə Rusiyada taksi fəaliyyəti ilə məşğul olarkən ona borca 1000 manat pul verib. 2009-cu ildə borcunu istədikdə həmkəndlisi onun həyat yoldaşının ünvanına nalayiq sözlər işlətməyə başlayıb. Arvadının kənddə əxlaqsızlıqla məşğul olduğunu bildirib. Bu söz-söhbətlərlə bağlı 2011-ci ilin əvvəllərində Tərtər rayonunda kafedə İlqar Mədətov, Ariz Qəhrəmanov və sonuncunun vasitəsi ilə tanıdığı Mübariz Budaqlı ilə görüşüb. Arvadının haqqında söylədiklərini sübut edə bilməyəcəkləri təqdirdə İlqarla Arizə onları vuracağını deyib. Hətta orda əl verib görüşmək istəyən zaman Mübariz ona “mən yalnız kişilərin əlin sıxıram” deyə cavab verib.

Həmin il sentyabrın 16-da rayonda olarkən cəzalandırmaq məqsədi ilə əvvəl bıçaqla İlqarı vurub. Bu əməlinə görə CM-nin 221-ci maddəsi ilə təqsirli bilinib 2 il müddətinə islah işləri cəzasına məhkum olunub.

2013-cü il aprelin 8-də çayxanada olarkən üzərindəki dəmir parçası ilə Ariz Qəhrəmanovada xəsarət yetirib. Həmin fakta görə xuliqanlıq maddəsi ilə təqsirli bilinərək Tərtər rayon məhkəməsinin hökmü ilə 3 il 6 ay müddətinə azadlıqdan məhrum olunub və 2016-cı ildə azadlığa buraxılıb. İlqarı və Arizi vurduğundan ədavəti yalnız Mübarizlə qalıb.  

269471

“Ölkə.Az”ın istintaq materiallarından əldə etdiyi məlumata görə, Cəlalov ifadəsinin davamında bildirib ki, həmkəndlisi kimi tanıdığı və yaxın münasibəti olduğu Səxavət Hüseynovla rayonda ferma yaradıb və ailəsini dolandırıb. Səxavət Bakıda yaşayıb və avtoservis işlədib. Onun qardaşı Vüsal Hüseynovla da münasibəti yaxşı olub. Səxavətlə olan ortaq biznesləri ilə bağlı ay ərzində 4-5 dəfə Bakıya gəlib gedib.

2019-cu il iyunun 7-də servisdə olan zaman Vüsal Mübarizin gəlməsini bildirərək qaça-qaça yenidən servisin həyətinə daxil olub və özünə məxsus “BMW” markalı avtomobilə oturub. Bunu görüb qohumu İmranla birlikdə həmin maşına əyləşiblər. Vüsal servisin həyətindən çıxaraq Mübarizin gəldiyi “Mersedes” markalı avtomobili təqib etməyə başlayıb. Binəqədi şösesi ilə şəhərin mərkəzinə doğru hərəkət ediblər. Vüsal ov tüfəngini götürərək ona bir qədər geri çəkilməsini deyib və sonra Mübarizin olduğu avtomobilə doğru atəş açıb. Silahı ona verib içərisinə yenidən güllə yerləşdirməsini tapşırıb. Vüsal Mübarizin əyləşdiyi maşını arxadan vuraraq onu  irəlidə olan tıxaca salıb. Taleh dərhal avtomobildən düşərək "Mersedes"ə sağ tərəfdən yaxınlaşıb və qapının sınmış şüşəsinin arasından Mübarizin sifətinə bir dəfə atəş açıb:

“Vüsal onu maşının qabağına keçdi mənə də dedi ki, çəkil geri, çəkildim geri, o da Mübariz tərəfə bir güllə atdı. Güllə yandan keçdi pencərəni sındırdı. Bunlar qaçmaq istədilər. Sonra onun maşının arxadan vurub saldıq tıxaca. Maşın dayanan kimi mən də düşdüm pəncərənin sınıq yerindən sifətinə bir dəfə atəş açdım. Sonra durub maşına qaçdıq. Qarşıda yol polisləri tutdu bizi”.

Digər təqsirləndirilən Vüsal Hüseynov isə ifadəsində bildirib ki, Mübarizlə aralarında 4-5 il əvvəl pul üstündə mübahisə yaranıb və ədavətləri olub:

“Onunla aramızda pul söhbəti olmuşdu. Elə bil ki bir nəfərdən pul alınıb verilməli idi. Demişdim ki, onunla haçansa mən özüm görüşüb fikrimi ona bildirəcəyəm. O, əgər mənim ünvanıma nəsə deyibsə, mən də söz vermişdim ki, ona bu hərəkəti keçmiyəcəyəm. Əməlimdən də peşman deyiləm”.

Məhkəmə prosesi zamanı Taleh Cəlalov, Vüsal Hüseynov, Səxavət Hüesynov və İmran Bəbirov ittihamlar üzrə özlərini təqsirli bilməyiblər.

Zərərşəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxslərə ağır cəza verilməsini xahiş edib.

Məhkəmə nəticəyə gəlib ki, Taleh Cəlalovun, Vüsal Hüseynovun və Səxavət Hüseynovun CM-nin 120.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə) 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) 221.3-cü (xuliqanlıq) 228.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə) 229.1-ci ( qanunsuz olaraq odlu silah təmir etmə) və İmran Bəbirovun CM-nin 221.3-cü (xuliqanlıq silahdan və ya silah qismində əşyaları tətbiq etməklə törədildiydə) maddələri nəzərdə tutulan cinayət əməllərini törətmələri tam sübuta yetirilib.

Sonda Məhkəmənin hökmü ilə Taleh Cəlalov və Vüsal Hüseynov 17 il, Səxavət Hüsenov 16, İmran Bəbirov isə 4 il müddətinə azadlıqdan məhrum edilib.  Turanxeber.az

Xəbər lenti