05.12.2021 02:45

Ramin Hacılı ilə birgə saxlanılanların məhkəməsi başlayır

Vətəndaşların ABŞ, Kanada və Avropa ölkələrinə qanunsuz miqrasiyasını təşkil etməkdə ittiham edilən, Ramin Hacılı ilə birgə həbs edilən 3 nəfərin cinayət işi üzrə məhkəmə prosesi başlayır.

 

 “HMH Baku Travel” MMC-nin rəhbəri Nərminə Dadaşova, Əziz Səfərəliyev və Akif Əsədov barəsində Baş Prokurorluqda aparılan istinaq yekunlaşıb.

İş materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmə istintaqı hakim Mahmud Ağalarovun icraatına verilib. İş üzrə 22 nəfər zərərçəkən qismində tanınıb.

Qeyd edək ki, rəsmi məlumata görə, Azərbaycan ərazisini tərk edən vətəndaşların xarici ölkələrdə qanunsuz “siyasi sığınacaq” almalarının təşkil edilməsi faktları ilə əlaqədar Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələrilə cinayət işi başlanılıb.

İstintaqla müəyyən edilib ki, “No Border Travel Agency” məhdud məsuliyyətli cəmiyyətin rəhbəri Ramin Hacılı, “Gəncliyin Elmi-Mədəni İnkişafı” İctimai Birliyinin sədri Sərdar İsgəndərov, “Yes Travel” məhdud məsuliyyətli cəmiyyətin vəzifəli şəxsləri Sərxan Abdullayev, Üzeyir Bağırlı, “HMH Baku Travel” məhdud məsuliyyətli cəmiyyətin rəhbəri Nərminə Dadaşova, Zakir Əmirov, Əziz Səfərəliyev, Akif Əsədov külli miqdarda qazanc əldə etmək məqsədilə ABŞ, Kanada və Avropa ölkələrinə səfər etmələri üçün Azərbaycan vətəndaşlarına viza alınması və səfər etdikləri ölkələrdə mühacir statusu alaraq yaşaya bilmələri üçün iş yerindən arayış, bank hesabından çıxarış, daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnu təsdiq edən sənədlər, hüquq- mühafizə orqanlarına çağırış məktubu, guya xəsarət almalarına dair tibbi arayış və digər hüquq verən rəsmi sənədləri saxtalaşdırıb satmaqla, onlara müraciət etmiş şəxslərin qanunsuz miqrasiyalarını təşkil ediblər.

Xatırladaq ki, ictimai fəal kimi tanınan Ramin Hacılı Azərbaycan Avropa Hərəkatının sədridir.    Turanxeber.az

Xəbər lenti