22.10.2021 21:09

Əlvan metallar sürətlə BAHALAŞIR

2021-ci ildə əmtəələr arasında enerji daşıyıcılarından sonra ən yüksək bahalaşma əlvan metallarda müşahidə edilir. Əsas əlvan metallarda illik bahalaşma sürəti 20 faizdən 100 faizə qədər çatır. 

 
 Əlvan metalların bahalaşması bütün məhsul qruplarında qiymət artımlarına səbəb olur. O cümlədən məişət texnikalarının, avtomobillərin, elektron avadanlıqların, tikinti materiallarının, bir sözlə təyinat növündən asılı olmayaraq bütün zəruri qeyri-ərzaq mallarında əlvan metalların qiymətinin artmasına görə bahalaşma baş verir. 
 
Əlvan metallar arasında ən çox bahalaşma qalayda qeydə alınıb. Qalayın qiyməti son bir ildə 100 faiz (2 dəfə) artıb. Bir il əvvəl tonu 18 250 dollara satılan qalayın qiyməti hazırda 36 500 dollardır. 
 
Qalaydan elektronika sənayesində, qida qablarının hazırlanmasında, bürüncdən məmulatların hazırlanmasında istifadə edilir. Ümumilikdə istehsal olunan qalayın 60 faizə qədəri mis, mis və sink, mis və sürmə olan ərintilər şəklində, sinklə (qablaşdırma folqa) və qalay-qurğuşun və qalay şəklində istifadə olunur. 
 
Dəyəri ikinci ən çox artan əlvan metal alüminiumdur. Alüminiumun dəyəri son bir ildə 64 faiz artıb. Ötən 12 ay ərzində bu vacib metalın bir tonunun qiyməti 1840 dollardan 3014 dollara qədər yüksəlib. 
 
Qiyməti daha çox artan digər əlvan metallar mis və qurğuşundur. Hər iki metalın dəyəri 41 faiz artıb. 
 
Qurğuşunun qiyməti son bir ildə 1237 dollardan 1732 dollara kimi artıb. Misin dəyəri isə bu müddətdə 6740 dollardan 9470 dollara qədər yüksəlib. Müqayisə olunan birillik dövrdə sink 29 faizdən çox bahalaşaraq 3 200 dollar, nikel 28 faiz bahalaşaraq 19 300 dollar olub.

 

Xəbər lenti